ANS PRESS-in məlumatına görə, avqust ayının 13-dən başlayaraq Rusiyanın sanksiyaları Albaniya, Lixteynşteyn, İslandiya və Çernoqoriya kimi ölkələrə qarşı da tətbiq edilir.
Ölkə prezidenti Vladimir Putin sanksiya siyahısına düşmüş ölkələrdən Rusiya bazarına gətirilən qida məhsullarının elə sərhəddə məhv edilməsi barədə sərəncam imzalayıb. Həmin sərəncam avqustun 6-dan etibarən qüvvəyə minib.
Ukraynaya qarşı isə siyahıda xüsusı şərtlər qoyulub: əgər Avropa İttifaqı (Aİ) ilə assosiasiya sazişi qüvvəyə minərsə, o halda Ukrayna məhsullarının idxalına məhdudiyyətlər qoyulacaq.
İyul ayının sonlarında Rusiyaya qarşi nəzərdə tutulmuş Aİ sanksiyalarına Çernoqoriya, Albaniya, Lixtenşteyn, İslandiya və Ukrayna da qoşulub. Aİ və ABŞ Krımın ilhaqından və Ukraynanın şərqində baş verən qarşıdurmalardan sonra Rusiyaya qarşı ağır iqtisadi sanksiyalar müəyyən ediblər. Böyuk 7-lik dövlətləri də bu sanksiyalara qoşulub və Rusiyada iqtisadi vəziyyət pisləşib. Moskva isə bunu əvəzində sanksiyalar tətbiq edən ölkələrdən kənd təsərrüfatı mallarının idxalına qadağa qoyub.