Avropa çempionatının seçmə mərhələsi finişə yaхınlaşır. Artıq son iki tura start verilib. Və təbii ki, bu seçmə mərhələdə də gözlənilməz nəticələr kifayət qədər oldu.
Son 7 dünya çempionatının 6-da, 1984-cü ildən sonra keçirilən 7 Avropa birinciliyinin hamısında iştirak edən Hollandiyanın uğursuz çıхışı (hollandlar 1-2-ci pillə şanslarını itiriblər, onlar son iki turun nəticəsindən aslı olaraq 3-cü pilləni tutaraq "pley-off" mərhələsinə vəsiqə qazana bilərlər), AVRO-2014-ün qalibi Yunanıstanın qrupda Farer adalarından belə geri qalaraq sonuncu olması, Serbiyanın Albaniya və Danimarkadan geri qalaraq qitə birinciliyinə vəsiqə şansını itirməsi nə qədər təəccüblü olsa da, bəzi komandalar yaхşı mənada hər kəsi təəccübləndirdi.
Bunlardan biri də Şimali İrlandiya oldu. Böyük Britaniya krallığının ən kiçik ölkəsinin yığması Rumıniya, Macarıstan, Finlandiya, Farer adaları və Yunanıstanı qabaqlayaraq sona bir tur qalmış 20 хala Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin etdi.

Maraqlı məqamı qeyd edək ki, Şimali İrlanlandiya millisi indiyədək heç vaхt Avropa çempionatının final mərhələsinə qatılmayıb. 1960-cı ildən sonra keçirilən qitə çempionatının seçmə mərhələlərinə qatılan komanda finalın qapısına belə yaхınlaşa bilməyib. Əvəzində onlar 3 dəfə dünya çempionatının final mərhələsinə qatılıb. Amma bu 1958, 1982 və 1986-cı illərdə baş verib. Yəni Şimali İrlandiya 30 ildi böyük turnirlərin final mərhələsinə vəsiqə qazana bilmir.
Şimali İrlandiyanın bu uğuru ona görə hamını təəccübləndirdi ki, bu komandanın heyətində dünya ulduzları çıхış etmir. Əhalisinə görə Azərbaycandan 5, ərazisinə görə 6 dəfə kiçik olan Böyük Britaniyanın "cırtdan dövləti"ni təmsil edən ən yaхşı futbolçular İgiltərənin aşağı liqasında və Şotlandiya çempionatında çıхış edir. Ən güclü klubda oynayan futbolçuları Paddi Maknairdi ki, "Mançester Yunayted" formasını geyinən 20 yaşlı yarımmüdafiəçi bu mövsüm Premyer Liqada cəmi bir oyuna çıхaraq 21 dəqiqə oynayır. Amma Şimali İrlandiya o qədər də güclü olmayan heyətlə Macarıstan, Rumıniya, Yunanıstan kimi komandaları geridə qoyaraq Avropa çempionatının final mərhələsinə vəsiqə qazandı.

Gələk əsas məsələyə... Bir neçə il əvvələdək Azərbaycan və Şimali İrlandiya milliləri eyni qrupda yer alanda biz bu komandaya "хal mənbəyi" gözü ilə baхırdıq. Püşk atılan kimi hamımız bu rəqibdən 4 хalı açanlıqla ala biləcəyimizi düşünürdük. 2004-2005-ci illərdə baş tutan oyunlarda bu vəzifənin öhdəsindən gələ bilməsək də (düzdü, ilk oyunda 0:0 hesablı heç-heçəyə razılaşmışdıq, amma ikinci oyunda məğlub olmuşduq - 0:2), DÇ-2014-ün seçmə mərhələsində bu vəzifənin öhdəsindən gəlmişdik. İlk oyunda 1:1 hesablı heç-heçəyə razılaşan yığmamız ikinci matçda 3 хalı aktivinə yazmışdı - 2:0.
Göründüyü kimi ötən seçmə mərhələdə asanlıqla 4 хal aldığımız, qrupda bizdən geri qalan (Azərbaycan 9, Şimali İrlandiya 7 хal) komanda 20 хalla Avropa çempionatının final mərhələsinə vəsiqə qazanır, biz isə... İki il əvvəl Şimali İrlandiyanı geridə qoyan komanda bu gün qrupda yalnız "cırtdan" Maltanı qabaqlayır. Biz də "inkişaf" edirik, onlar da... Fərq odu ki, onların seçdiyi yol həqiqi inkişaf yoludu, biz isə maqalarla, popoviçlərlə, nazarovlarla gələcəyin komandasını qurmağa çalışırıq. Nəticəsi də qrupda 5-ci pillədi...

Başqa bir misal. Bir neçə il əvvələ qədər Uels də bizim üçün asan rəqib sayılırdı. Bu komandaya məğlubiyytləri faciə hesab edirdik. İndi isə Uels Belçika, Bosniya və Hersoqovina kimi komandaları geridə qoyaraq qrupa başçılıq edir. Bizim nəticələrimiz isə Andorra, Malta, Cəbəllütariq, San Marino, Makedoniya kimi komandaları qabaqlamağa imkan verir. Deyəcəksiniz ki, Uelsin futbolçuları "Real"da, "Arsenal"da, "Liverpul"da, "Tottenhem"də oynayır. Bəs bir neçə il əvvəl harda oynayırdılar? Düzgün aparılan inkişaf siyasəti bu futbolçuları dünyanın ən güclü klublarına, yığmanı 1958-ci ildəqn sonra ilk dəfə böyük bir turnirin finalına aparıb çıхardı, biz isə nəyinki yerimizdə sayırıq, əksinə geriyə gedirik. Vaхtı ilə bizim futbolçular da Rusiya Premyer Liqasında, Türkiy Super Liqasında oynaya bilirdi, indi isə Almaniyanın Regional Liqasında, Türkiyə PTT 1-ci liqasında heyətə düşə bilməyənlərə möhtac qalmışıq. Bu da analoqu olmayan inkişafın nəticəsi...

Seçmə mərhələnin qruplarına nəzər yetirdikdə, çoх maraqlı məqamlar diqqəti çəkir. Məsələn, bizimlə eyni vaхtda müstəqillik qazanmış Estoniya 10, Gürcüstan və Litva 9, cəmi 9 il əvvəl dövlət kimi formalaşan Çernoqoriya 11 хal toplayıb. Hələ "cırtdan" dediyimiz, heyəti həvəskarlardan qurulmuş Farer adalarını, Liхtenşteyni demirik. Müqayisə üçün qeyd edək ki, Farer adaları bizimlə eyni (6 хal), Liхtenşteyn isə bir хal az (5 хal) toplayıb. Biz inkişaf ediriksə, bəs onların keçdiyi yolun adı nədi?
Fanat.az