Bakı, 25 yanvar, AZƏRTAC
Dünyanın ən iri hərrac evlərindən olan “Phillips” “Devid Bekhem: kişi” (David Beckham: The Man) layihəsini təqdim edəcək.
AZƏRTAC buro247.az saytına istinadla xəbər verir ki, layihə çərçivəsində unikal sərgi və “7: The David Beckham Unicef Fund” və “Positive view foundation” fondlarına dəstək qala-hərracı keçiriləcək.
Bu qeyri-adi beynəlxalq qala-hərrac üçillik peşəkar qlobal filantrop proqramının və Devid Bekhemi göstərən müasir müəllif fotoları sərgisinin bir hissəsidir. Sərgidə 27 beynəlxalq tanınmış fotoqraf tərəfindən çəkilmiş 50 imzalı orijinal iş təqdim olunacaq. “Mənim 7 Fund UNICEF və Positive View Foundation fondlarıma dəstək üçün təşkil olunmuş bu möhtəşəm layihə dünyanın hər yerindən ehtiyacı olan uşaq və yeniyetmələrin həyatını dəyişməyə kömək edəcək", - deyə Bekhem bildirib.
Fotolar Londonda “Phillips” hərrac evinin əsas Avropa ofisində keçiriləcək sərgidə təqdim olunacaq.
Sərgi fevralın 27-dən martın 10-dək davam edəcək.