İndoneziyanın paytaxtı Cakartada dəniz səviyyəsinin yüksəlməsi sahilyanı ərazilərdə daşqınlara səbəb olub. Küçə və yaşayış məntəqələrinin su altında qalmasından sonra ərazinin qorunması üçün 3,15 metr hündürlüyündə yeni bəndin tikintisinə başlanılıb.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, xüsusilə Şimali Cakartada müşahidə olunan qabarma və daşqınlar nəticəsində bəzi yollar və yaşayış sahələri zərər görüb. Oktyabrın son günləri üçün yeni daşqın təhlükəsi ilə bağlı xəbərdarlıq edildiyindən bölgədə qabaqlayıcı tədbirlər gücləndirilib.
İndoneziyanın Meteorologiya, İqlimşünaslıq və Geofizika Agentliyi oktyabrın 12-16-da Cakartanın şimal sahillərində yüksək qabarma səbəbindən daşqın riski barədə xəbərdarlıq edib. Həmin günlərdə dəniz suyunun sahil xəttini aşması nəticəsində bəzi küçələr və yaşayış əraziləri su altında qalıb.
Bölgədə “rob” adlandırılan bu hadisə dəniz suyunun qabarma zamanı sahilləri aşaraq küçələrə və yaşayış məntəqələrinə yayılması ilə baş verir. Şimali Cakartada yerləşən Jalan Mandala Bahari küçəsi də daşqından zərər çəkən ərazilər sırasındadır.
Meteoroloqlar oktyabrın 25-dən noyabrın 1-dək yeni daşqın riskinin olduğunu bildiriblər. Sakinlərə dəniz səviyyəsinin yenidən yüksəlməsi ehtimalına qarşı diqqətli olmaq tövsiyə edilib.
Daşqınlardan sonra Şimali Cakarta Su Ehtiyatları İdarəsi Jalan Mandala Bahari küçəsində mühafizə işlərini sürətləndirib. Dəniz suyunun yaşayış sahələrinə daxil olmasının qarşısını almaq məqsədilə təxminən 80 metr uzunluğunda yeni bənd inşa edilir.
Ərazidəki köhnə bəndin hündürlüyü 2 metr olub. Lakin güclü qabarma zamanı suyun səviyyəsinin 2,8 metrə qədər yüksəlməsi mövcud qurğunun yetərli olmadığını göstərib. Buna görə yeni bəndin hündürlüyü 3,15 metr müəyyənləşdirilib.
Tikinti işlərinin 2026-cı ilin dekabr ayının sonunadək başa çatdırılması planlaşdırılır. Layihənin əsas məqsədi dəniz suyunun küçəyə və ətrafdakı yaşayış məntəqələrinə daxil olmasının qarşısını almaqdır.