UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda Fransanın “Lill” klubunu səfərdə 4:2 hesabı ilə məğlub edən “Qalatasaray” həm turnirdə ilk qələbəsini qazanıb, həm də büdcəsinə milyonlarla avro əlavə edib.
Metbuat.az xəbər verir ki, İstanbul təmsilçisi Çempionlar Liqasının Liqa mərhələsinə birbaşa vəsiqə qazandığı üçün daha əvvəl 18,62 milyon avro iştirak haqqına sahib olub.
Fransa təmsilçisi üzərində qazanılan qələbədən sonra isə “Qalatasaray”ın turnirdə iştirak haqqı və oyun nəticəsinə görə mükafatlar üzrə ümumi gəliri 20,72 milyon avroya çatıb.
“Qalatasaray”ın Çempionlar Liqasından əldə edəcəyi yekun məbləğ hələlik müəyyənləşməyib. Komandanın Liqa mərhələsində tutacağı mövqe və turnirin növbəti mərhələlərində göstərəcəyi nəticələr klubun gəlirlərinin artmasına səbəb ola bilər.
Qeyd edək ki, 20,72 milyon avroluq məbləğə UEFA-nın klublara digər meyarlar, o cümlədən performans və yayım dəyəri əsasında ayırdığı əlavə ödənişlər daxil deyil.