“Biznes Mərkəzi Klubu” tərəfindən ölkənin biznes mühitinin inkişafı və sahibkarlar arasında işgüzar əlaqələrin möhkəmləndirilməsi məqsədilə “Business Party” tədbiri keçirilib.

Metbuat.az xəbər verir ki, tədbirdə 150-dən çox aparıcı sahibkar, biznes nümayəndəsi və dövlət qurumlarının rəsmiləri iştirak edib.

Tədbirin rəsmi hissəsi “Biznes Mərkəzi Klubu”nun İdarə Heyətinin sədri Rüfət Nadirlinin çıxışı ilə başlayıb. O, klubun fəaliyyət istiqamətləri, yerli biznes ekosisteminə verdiyi töhfələr və gələcək strateji hədəflər barədə məlumat verib. Rüfət Nadirli bu formatda görüşlərin sahibkarlar arasında B2B əməkdaşlıqların qurulması baxımından əhəmiyyətini vurğulayıb.

Tədbir çərçivəsində “Biznes Mərkəzi Klubu” ilə “FAYDA” İş Adamları Platforması və “Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası” (AGTL) arasında əməkdaşlıq memorandumları imzalanıb.

Memorandumlar tərəflər arasında tərəfdaşlığın genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, qarşılıqlı təcrübə mübadiləsi və sahibkarlar üçün yeni biznes imkanlarının yaradılmasını nəzərdə tutur.

“FAYDA” İş Adamları Platformasının sədri Sakit Səmədov çıxışında əməkdaşlığın hər iki platformanın üzvləri üçün yeni imkanlar yaradacağını bildirib. Onun sözlərinə görə, birgə layihələr sahibkarlıq mühitinin güclənməsinə və biznes subyektləri arasında əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edəcək.

AGTL-in sədri Vüsal Qasımov isə logistika və gömrük təmsilçiliyi sahəsində təcrübə mübadiləsinin və mövcud imkanların sahibkarlar üçün əhəmiyyətindən danışıb. O, strateji tərəfdaşlığın biznes proseslərinin daha effektiv təşkilinə və müxtəlif sektorlar arasında inteqrasiyanın gücləndirilməsinə töhfə verəcəyini qeyd edib.

Tədbirdə həmçinin “Biznes Mərkəzi Klubu”nun yeni rəqəmsal platforması – BMK.az saytının təqdimatı keçirilib. “IT BRAINS ACADEMY” MMC-nin təsisçi-direktoru Orxan Məmmədov tərəfindən təqdim olunan platformanın funksionallığı, sahibkarlar üçün yaratdığı imkanlar və rəqəmsal şəbəkələşmənin üstünlükləri iştirakçıların diqqətinə çatdırılıb.

Gecənin bədii hissəsində isə musiqili proqram və interaktiv yarışma təşkil olunub. Yarışmanın qaliblərinə təşkilatçılar və tərəfdaşlar tərəfindən xatirə hədiyyələri təqdim edilib.

“Biznes Mərkəzi Klubu” tədbirdə iştirak edən qonaqlara, dövlət nümayəndələrinə və tərəfdaş qurumlara təşəkkürünü bildirib.