Bakı, 25 yanvar, AZƏRTAC
Britaniyalı səyyah Henri Uorsli Antarktikanı təkbaşına keçməyə cəhd edərkən həyatını itirib.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, 55 yaşlı Uorsli 71 gün ərzində Antarktidada səyahət edərək Cənub qütbünü keçməyə müvəffəq olub. Ümumilikdə 913 mil (1470 kilometr) məsafə qət edən səyyahın finişə yetişməsi üçün cəmi 30 mil (48 kilometr) yolu qalmışdı. Səyahət zamanı havanın orta temperaturu mənfi 44 dərəcə təşkil edirdi.
Henri Uorsli səyahətini başa vura bilsəydi, Antarktikanı təkbaşına keçən ilk insan olacaqdı.
Sahildən sahilə 80 gün sürən keçid zamanı o, ardınca qida, çadır və müxtəlif avadanlıqlar yüklənmiş xizək çəkib aparırdı. Uorsli bu səyahətdən “Endeavour Fund” xeyriyyə fondu üçün 100 min funt sterlinq qazanmaq niyyətində idi.
Prins Uilyam və futbolçu Devid Bekhem artıq Henri Uorslinin dul qalmış həyat yoldaşına başsağlığı veriblər.