"Partizan"ın idman direktoru Albert Nad klubun öncəki rəhbərliyini ciddi tənqid edib. O, eks prezidenti Matiya Nastasiç də daxil olmaqla, bir neçə istedadlı futbolçunun asanlıqla "Partizan"ı tərk etməsinə göz yummaqda ittiham edib.

"Nastasiç 2011-ci ildə bir paltaryuyan maşın qarşılığında "Fiorentina"ya keçdi. Onun ailəsi kasıb idi. Paltaryuyan maşınları xarab olmuşdu. Bundan istifadə edən agentlər gənc oğlanı ələ keçirdilər" - Nad deyib.

Nastasiç bu cür transfer olunan tək futbolçu deyil. Milli.Az goal.az-a istinadən qeyri-adi əşyaların müqabilində klubunu dəyişən oyunçuları təqdim edir.

Yan Rayt - "Crystal Palace". "Arsenal"ın əfsanəvi hücumçularından olan Rayt 1985-ci ildə, 21 yaşında həvəskar "Grinwich Boro" klubunda çıxış edirdi. Onu aşkara çıxaran "Crystal Palace" skautları gənc forvarda görə Qrinviç komandasına 3 aylıq "sınaq" müqaviləsi təklif etdi. Qarşılığında isə həvəskar liqada çıxış edən klub ağırlıq daşları aldı. Cəmi 6 ildən sonra 2.5 milyon funta "Arsenal"a keçən Rayt "topçular"ın həmin vaxt ən bahalı transferi kimi tarixə düşmüşdü.

Culiano Qrazioli - "Stevenage". İtalyan kökləri olan bu futbolçu 1998-ci ildə İngiltərə kubokunun 1/8 final mərhələsində "Newcastle United"in qapısına qol vurmaqla diqqət mərkəzinə düşmüşdü. Həmin vaxt kifayət qədər güclü olan "Newcastle"ı məyus etməsi Qraziolini 5-ci divizion klubunun qəhrəmanına çevirmişdi. "Sağsağanlar" cavab qarşılaşmasında aşağı dəstə təmsilçisini asanlıqla məğlub etsə də, Culiano Stiveneyc şəhərinin qəhrəmanı kimi qaldı. Maraqlıdır ki, bu futbolçu "Peterbrough"dan "Stevenage" klubuna "Mars" şokoladı və iki paket kartof çipsinin qiymətinə keçmişdi.

İon Radu - "Valçe", Liviu Bayçea - "Arad". Rumıniya futbolunda da maraqlı hadisələr az olmayıb. 1998-ci ildə Pentrosani şəhərini təmsil edən "Jiul" iki futbolçusu, Bayçea və Radunu transferə çıxarmağı qərara almışdı. Bayçeanı Rumıniyanın aşağı divizionunda mübarizə aparan digər klub "Arad" 10 futbol topu qarşılığında heyətə cəlb etdi. Radu, böyük ehtimalla daha səviyyəli futbolçu olduğundan "Valçe" 2 ton ət sayəsində onu transfer etdi. "Juil" isə bu əti satmaqla futbolçularının məvacibini ödədi.

Toni Kaskarino - "Gillingham". İrlandiya millisinin eks hücumçusu Kaskarino "Aston Villa", "Celtic", "Chelsea", "Marseille", "Nancy" kimi klublarda forma geymişdi. Yeniyetmə yaşlarında bərbər və yoqa təlimatçısı olmaq istəyən forvard 1982-ci ildə "Crockenhill"dən "Gillingham" klubuna 10 idman kostyumu və bir neçə trenajor qarşılığında keçmişdi.

Con Barns - "Watford". Karyerasının 10 ilini "Liverpool"da keçirən Yamayka və Trinidad mənşəli sabiq vinqer 1980-ci ildə İngiltərəyə gəlmişdi. Həvəskar "Sudbury Court" klubunda oynadığı zaman "Watford"un skautları tərəfindən bəyənilən Barns 1981-ci ildə bu klubla müqavilə imzalayır. Bu transferdən "Sudbury"nin qazancı bir neçə idman forması olur.

Erni Belenkisop - "Hull City". 1920-30-cu illərdə İngiltərə millisinin şərəfini qorumuş 19 yaşlı Erni "Hull City" klubuna 100 funt və bir çəllək pivəyə başa gəlmişdi. Maraqlıdır ki, "Cadworth Village" transferin baş tutmasına qarşı çıxsa da, müqaviləyə pivə çəlləyi "bəndinin" daxil edilməsi rəhbərliyin sakitləşməsinə səbəb olmuşdu.

Hyu Maklenahan - "Manchester United. XX əsrin əvvəlləri futbol menecerlərinin orijinal ideyaları ilə yadda qalırdı. Bunlardan biri "Newthon Heat" klubuna "Manchester United" adını tapan Luis Rokkadır. 20-ci illərdə "Stokport County"nin maliyyə problemləri meydana çıxır. Klub bir neçə futbolçusunu satışa çıxarır. Rokka transferə qoyulan Maklehana görə bir soyuducu dondurma təklif edir. Bu təklif sevinclə qəbul olunur. Həmin vaxt məşhur agent dondurma brendinin sahibi idi. "Stokport" dondurmanı satıb gəlir götürür, "MU" isə vaxt və puluna qənaət etmiş olur.

Qari Pallister- "Middlesbrough". Mərkəz müdafiəçisi olan Pallisteri 1989-98-ci illərdə "qırmızı şeytanlar"ın heyətindəki çıxışı məşhurlaşdırsa da, onun maraqlı bir tarixçəsi də var. Onun ilk klubu "Billingham Town" müdafiəçini bir neçə futbol topunun qiymətinə "Middlesbrough"a göndərmişdi.

Aleksandr Zavarov - "Juventus". Sovet futbolunun tanınımış siması Turin klubuna ulduz qismində və Platininin əvəzləyicisi kimi getdiyidən transferin dəyəri mühüm əhəmiyyət kəsb edirdi. "Qoca senyora" Zavarova görə 5 milyon dollar ödəməklə yanaşı onun şərəfini qoruduğu Moskva "Dinamo"suna avtobus və bir neçə "Fiat" avtomobili vermiş, klubun bazasını təmir etdirmişdi. "Juventus" bu zəhmətinin bəhrəsini görə bilmədi. Zavarov 2 il "Juve"də top qovandan sonra Fransaya yollandı.

Valter Restrepo - "San Antonio Scorpions". 2014-cü ilin yanvarında "Fort Lorredale Strikers" amerikalı yarımmüdafiəçini San Antonio klubuna verməyə razılaşdı. Kompensasiya qismində Texas klubu "Strikers"a aralarında baş tutan oyunlar zamanı San Antonioya uçuş və yerləşmə xərclərini üzərinə götürdü.

Kennet Kristensen - "Floey". Norveçdə dəniz məhsulları çox populyardır. Bu populyarlıq bəzən futbolu da geridə qoyur. Ölkə çempionatının aşağı divizionunda mübarizə aparan "Vindbjary" klubunun 2002-ci ildə Kristenseni "Floey"a göndərməsinin detalları bunu sübut edir. İlk öncə hücumçu tərəziyə çıxmış və onun çəkisi qədər (təxminən 77 kq) krevet "Vindbjary" rəhbərliyinə verilmişdi. Transfer bundan sonra reallaşmışdı. Mətbuatda Kristensenin sevdiyi qıza yaxın olmaq üçün bu transferə razılaşdığı qeyd olunur.

Kollinz Con - "Twente". Liberiya mənşəli Kollinz 2002-ci ildə, 17 yaşında olduğu vaxt "Neiverdale" klubundan "Twente"yə keçmişdi. Eredivizya təmsilçisi qarşı tərəfin futbol akademiyasına elmi kitablar verməklə keçidi həll etmişdi.

Franko Di Santo - "Audax Italiano". Argentinalı futbolçu "Chelsea", "Werder" və "Schalke"dən futbol azarkeşlərinə tanışdır. Amma onun ilk klubu - Çili təmsilçisi "Audax" Di Santonun potensialına şübhə ilə yanaşırdı. "Audax" argentinalı forvardın yetişdiyi futbol akademiyasının meydançasına "əl gəzdirəndən" sonra Di Santo həmin komandanın heyətinə qoşuldu. Çili klubu bu transferə 2 qapı toru və 40 litr boya (meydanda xətləri rəngləmək üçün) nail oldu.

Mariuş Çoara - "Regal". Rumıniyanın aşağı dəstə təmsilçisi "Arad" müdafiəçi Çoaranı rəqibi "Regal"a 15 kq donuz sosikası qarşılığında satmağa razılaşmışdı. Amma bu keçid baş tutmadı. Təhqirə görə butslarını mismardan asan Çoara sonradan bunları demişdi: "Mənə ünvanlanan zarafatlardan bezmişəm. Yoldaşlarım məni məsxərə edib Almaniyaya getməyi təklif edirdilər ki, orda daha çox sosiska verə bilərlər".

Milli.Az