"Stomatoloqun qəbulunda-filan növbə gözləyəndə qabağında jurnallar olur, vaxt keçsin deyə açıb vərəqləyirsən. Deyim ki, sırf qadın, yaxud kişi jurnalları kimi mənasız nəşrlər bir də özləridir".
Hazırda Ukraynada yaşayan soydaşımız, sosial şəbəkələrdə məşhur olan Nail Zeynalov Facebook-dakı profilində yazıb.
Milli.Az xəbər verir ki, Nail Zeynalov daha sonra bildirib: "Kişi jurnalları konkret ancaq varlılar üçündür. Oradakı kostyum, saat, avtomobil reklamlarını görmüsüz? Kişiliyin standartı budursa, bu məntiqlə sən, məsələn, Bentley-dən aşağı maşın sürürsənsə, William Fioravanti-dən kostyum almağa pulun yoxdursa, sən kişi deyilsən...
Qardaş, mən o kişi jurnalındakı Rihanna posterini kəsib divara vuracaq potensialda adamam, sən niyə məni 60 min dollarlıq saat reklamıyla həyata küsdürürsən?
"Turan"da pis qazanmadığım vaxtlarda bir dəfə jurnal reklamındakı eynəkdən almışdım. Gəldim evə, anam qiymətini biləndə aldı, qoydu servanta ki, bala, bu üstündə gəzdirmək üçün deyil, itirib eləyərsən! İndi qohum-qonşuya qız istəməyə gedəndə səbətdə aparırıq, o dəqiqə qızı verirlər...
Amma kişi jurnallarının mesajı konkretdir: pulun var - kişisən, yoxdur - əlini çək, ə, maşın reklamından, ləkə salma! Qadın jurnallarıyla isə vəziyyət daha qəlizdir... Məsələn, ancaq qadın jurnallarında eyni səhifədə həm "Özünlə barış, başqaları da səni olduğun kimi qəbul edəcəklər", həm də "1 ayda 15 kilo arıqlamağın yolları" başlıqlı iki ayrı yazı gedə bilər... Dərhal növbəti səhifədə 10 dadlı resept...
Ümumiyyətlə, jurnallar elə informasiya mənbəyidir ki, orada informasiyadan da vacib olan onun çap olunduğu kağızın keyfiyyətidir. Yəni jurnallardakı bütün bu dəbdəbəli həyat, maşın, saat, geyim reklamları hamısı göstərişdir, amma işin çap materialında belə göstəriş var.
Bütün bu əlçatmazlığın verdiyi aqressiyayla göstərişi varlıların üstünə atmaq istəyirsən, fikirləşirsən ki, kasıblar daha sadədir... Sonra yanındakı "mariana corablı" xalanın qızıl dişləri sataşır gözünə və anlayırsan ki, sən bu iki sivilizasiyanın arasında haradasa bir yerdə, o dəbdəbəli səhifələrin arasında itmiş mikser reklamısan..."
Milli.Az