"Apple" korporasiyası Jaz-Z təxəllüsü ilə məşhur olan rep ustası Şon Kori Karterin (Shawn Corey Carter) yaratdığı "Tidal" musiqi xidmətinin satın alınması üçün ilkin danışıqlar aparır.
Milli.Az lent.az-a istinadən bildirir ki, korporasiya hazırda şərtləri araşdırır və xidməti alıb-almayacağına hələ qərar verməyib. Sövdələşmə baş tutarsa, "Apple" "Tidal" layihəsində iştirak edən Madonna, Kanye Uest kimi sənətçiləri "Apple Music"ə cəlb edə bilər.
Xatırladaq ki, "Tidal" musiqi xidmətinə "Samsung", "Google" kimi İT nəhəngləri də maraq göstərib.
"Tidal" 2014-cü ilin oktyabrında Skandinaviya mənşəli "Aspiro" şirkəti tərəfindən istifadəyə verilib. Onun üstün cəhəti budur ki, musiqilər yüksək keyfiyyətli FLAC formatında səsləndirilir. 2015-ci ildə Jay-Z bu xidməti 56 milyon dollara alıb. Onun dostları Kanye Uest, Madonna və Rihanna da xidmətin sahibləridir.
Milli.Az