Müsəlman aləmi Qurban bayramının 3-cü gününü yaşayır. Bir çox ölkələrdə sənət adamları bayramı adətən səhnədə keçirir. 9 günlük tətil elan edilən Türkiyədə də tanınmış sənətçilər bayramı iş başında keçirir. Onların bir gecəlik əldə etdiyi qazanc isə hər bayramda mətbuatın diqqət mərkəzində olur.

Bu il Volkan Konak, Ajda Pekkan, Murat Boz, Candan Erçetin, Şevval Sam, Zara, Sibel Can, Sərdar Ortaç, Yavuz Bingöl və bir çoxları konsert proqramı ilə çıxış edib və edəcək. Bayram müddətində iki gecə konsert verən Ajda Pekkan hər konsert üçün 200 min lirə, üç gecə səhnə alan Fatih Ürək 80 min lirə əldə edib. Türk musiqisinin divası Bülent Ersoy bir gecədə 200 min lirə qazanıb. Bir gecə üçün Hadisə 180, Koray Avcı 120, Gökhan Türkmen 80, Sibel Can 130, Serdar Ortaç 110, Murat Boz 150, Gülben Ergen 110, Ebru Gündeş 150, Yıldız Tilbe 80 min lirə qazanıb.

Bayramla əlaqədar ölkəmizdə nəzərdə tutulan 4 günlük tətil isə artıq bitib, hər kəs iş başına qayıdıb. Bəs, yerli sənət adamları bayram günlərini necə keçirib?

Musavat.com bayram günlərində şou-biznesdə yaşananların siyahısını hazırlayıb. Müğənni Aygün Kazımova bayramı iş başında keçirib. O, həmkarı Rəhim Rəhimli ilə Şamaxıda konsert proqramı ilə çıxış edib.

Müğənni Röya Ayxan bayramda yeni mahnı üzərində çalışıb. O, sözləri Cavid Qurbanova, musiqisi Nailə Mirməmmədliyə aid olan "Sabahı gözləmə" mahnısını məşq edib. Müğənni eyni zamanda konsertə hazırlaşır. O, sentyabrın 22-də şəhər restoranlarının birində səhnəyə çıxacaq.

Rəqqasə Fatimə Fətəliyeva klip təqdimatına hazırlaşır. O, "Cəngi" adlı rəqsinə çəkdirdiyi klipi sabah Rəşid Behbudov adına Mahnı Teatrında təqdim edəcək. Rəqqasə eyni zamanda yeni gözəllik salonunun açılışına hazırlaşır.

Müğənni Nadir Qafarzadə isə bayram günlərində yeni mahnısını təqdim edib. Bu haqda sosial şəbəkədə yazan Nadir sözləri Tural Xani, musiqisi Fərid Kərimliyə məxsus "Məni xatırla" mahnısını "Youtube" kanalına yerləşdirib. O, kəsdiyi qurbanın da videosunu "İnstagram" səhifəsində yerləşdirib.

Bayramda sevindirici xəbər qan xərçəngindən əziyyət çəkən rejissor Şahin Zəkizadədən gəlib. O, axşam.az saytına açıqlamasında bildirib ki, müalicə xərclərini Heydər Əliyev Fondu üzərinə götürüb: "Qarşıda məni müalicənin çox çətin mərhələləri gözləyir. Bu ağır günləri aşmaqda mənə dövlətimiz dəstək oldu. Dövlət başçımız və xanımı hər zaman incəsənət adamlarını diqqətdə saxlayıb, ehtiyacı olanlara yardım əlini uzadıblar. Onlar biz sənət adamlarına yardımı heç vaxt əsirgəməyiblər. Ən çətin anlarımda mənim də yanımda oldular. Qurban bayramı münasibətilə mən də Mehriban Əliyevanı və ailə üzvlərini təbrik edirəm".

Milli.Az