Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Günayın sünnəti, "Azdrama"da nokaut, bombardir Ebru, Səmədin öpüşü - HƏFTƏBECƏR

Günayın sünnəti, "Azdrama"da nokaut, bombardir Ebru, Səmədin öpüşü - HƏFTƏBECƏR

Date: 3 October 2016 09:37

Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (95-ci say) təqdim edir.

Təxminən bir il öncə belə bir təkliflə çıxış etmişdim ki, teatrlarımızda idman zalları açılsın. O vaxt nə Mədəniyyət və Turizm Nazirliyi, nə də teatr rəhbərləri bu təklifimi ciddiyə aldılar. Amma təcrübə göstərdi ki, mən haqlıymışam. Özü də düz iki gün öncə bu təklifin nə qədər lazımlı olduğu sübut olundu. Deməli, ötən şənbə Dövlət Akademik Milli Dram Teatrında dava düşüb. Aktyor Hikmət Rəhimovla rejissor köməkçisi Vüqar Məmmədovun sözü çəpləşib. Rəhimov necə dala çəkilib Vüqar Məmmədova birini vurubsa, ikinci nokdauna düşüb. Bunları ayırıblar. Ayırıblar deyəndə ki, Məmmədov yerdəymiş. Nə isə, təzədən "hacimi" (döyüşə) komandası verilib, bu dəfə Rəhimov dala çəkilib, ikinci zərbəni vurub. Məmmədov gedib nokauta. Yeri gəlmişkən, V.Məmmədov əfsanəvi Mehdi Məmmədovun oğludur. İndi siz deyin, mənim təklifim yerinə düşmürdümü? Əgər "Azdrama"da idman zalı olsaydı, Vüqar Məmmədov, heç olmasa, günün bir saatını orada idman eləsəydi, Rəhimov onu nokauta göndərə bilərdi? Əsla! Belə olan halda daha maraqlı döyüş keçərdi. Məmmədov vurur, Rəhimov əks zərbəylə cavab verir, sonra Rəhimov hoppanıb göydə rejissor köməkçisinin alnına birini "geyindirir", bu məqamda Məmmədov təzədən əks-həmləyə keçir. Nəticədə teatrın əməkdaşları gərgin mübarizənin şahidi olurlar. Yoxsa ki, bir tərəfin üstünlüyü ilə keçən döyüşün hansı marağı ola bilər?

Elza Seyidcahan nənə olub. Təbrik edirik! Eşitdiyimə görə, kürəkəni fotoqrafdır. İndi sizə yazacaqlarımın isə yumora, satiraya dəxli yoxdur. Deməli, bu kürəkən qardaş girib doğum evinə, arvadının doğuşunu anbaan çəkib. Sonra o fotoları sosial şəbəkələrdə paylaşıb. İndi desən ki, bu nədir, Elza deyəcək ki, bizim reklama ehtiyacımız yoxdur. Oğlan da yəqin ki, nömrə axtarışına çıxıb mənə zəng vuracaq, narazılıq edəcək. İndi siz deyin, bu hərəkətin adı nədir?

Səməd Səmədov məclisdə hamının gözü qarşısında həyat yoldaşının dodağından öpüb. Yəqin, təbi gəlib, evə çatmağa, rus demişkən, "uspet" eləməyib. Mehribanlıq arzu edirəm.

Qorxmaz Əlili də KVN-çiləri yıxıb, amma sürüməyib. Çünki sürüməyə lüzum qalmayıb. Deyib ki, onların gördüyü iş pul yumaqdır. Tahir İmanov da susub.

Saytlar yazıb ki, Murad Arif 35 yaşını qapalı şəkildə qeyd edib. Amma mərasim necə qapalı keçibsə, Facebook-dakı bütün səhifələrdə də o məclisdən fotoları görmək mümkün idi. Lap Elçin Cəfərovun toyu yadıma düşdü. O da jurnalistlərə qadağa qoymuşdu. Ümumiyyətlə, bu kimi əttökən bəyanatların verilməsi və ardınca baş verənlər ən yaxşı halda ikrah doğurur.

Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva deyib ki, özünə sünnət elətdirəcək. İndidən kirvəyə bəxtəvərlik verib, həsəd aparanlar da var. O boyda şöhrətli modeli kim qucağına alacaqsa xoşbəxt adamdır.

Azərbaycanlı iş adamı Rza Zərrab deyib ki, Ebru Gündeş mənim namusumdur. Araşdırıblar ki, Ebru Rzaya qədər cəmi-cümlətanı üç dəfə ərdə olub, 16 nəfərlə də sevgi macərası yaşayıb. Adamın karyerası görün nə qədər zəngindir. Üç ər, on altı sevgili. Futbol diliylə desək, üç qol, 16 qol ötürməsi... Konkret bombardir olub ha!..

Milli.Az


Tags:  Günayın sünnəti Azdramada nokaut bombardir Ebru Səmədin öpüşü HƏFTƏBECƏR

RƏYLƏR


Top news