Türkiyə və Rusiyadan birgə addım, "dollar oyunu" və banklardan oğurlanan milyonlar - HESABAT

Türkiyə və Rusiyadan birgə addım, "dollar oyunu" və banklardan oğurlanan milyonlar - HESABAT
16:53 15 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Yola saldığımız həftə Türkiyə ilə Rusiya arasında bütün sular duruldu. Təkcə Türkiyə portağallarının Rusiyada satışı bərpa edilmədi, eyni zamanda “Türk Axını” layihəsinin inşası ilə bağlı saziş imzalandı. Qərarlaşdırıldı ki, “Türk Axını” ilə bağlı inşaat işlərinə 2018-ci ildə start verilsin. Qeyd edək ki, “Türk axını” Qara dənizdən keçməklə Türkiyə-Yunanıstan sərhədinə qədər qaz kəmərlərinin çəkilməsini nəzərdə tutur. Layihə çərçivəsində hər birinin gücü ildə 15,75 milyard kubmetr olan 4 kəmərin çəkilməsi, Rusiya qazının Türkiyə və Avropa bazarlarına çıxarılması üçün yeni marşrutun yaradılması planlaşdırılıb. İlk kəmərlə ötürüləcək qazın bütünlüklə Türkiyənin qaz tələbatına yönəldilməsi razılaşdırılıb. Layihənin ümumi dəyər 11,4 milyard avrodur. Boru xəttinin dəniz qismi üçün inşaat və maliyyə işləri “Qazprom”a aid olacaq. Xəttin Türkiyə torpaqlarına düşən hissəsində infrastruktur və qazın alınacağı terminal BOTAŞ tərəfindən tikiləcək.

Bildirdiyimiz kimi, ilk kəmərlə ötürüləcək qazın bütünlüklə Türkiyənin qaz tələbatına yönəldilməsi razılaşdırılıb. İkinci mərhələdə kəmərlə qaz Cənubi Avropa ölkələrinə ötürüləcək. Üçüncü, dördüncü mərhələ ilə bağlı hələlik planlar bəlli deyil. Daha doğrusu, açıqlanmayıb. Buna görə də layihənin ötürücülük gücü 31,5 milyard kubmetr irəli sürülür. Hansı ki, 2014-cü ildə bu rəqəmin 63 milyard kubmetr olacağı deyilirdi.

Rusiyadan söz düşmüşkən, qeyd edək ki, bu ölkənin xarici borcu 516 milyard dollara düşüb. Borclar 0,5 faiz azalaraq oktyabrın 1-i vəziyyətinə 516,1 milyard dollar olub.

2016-cı il üzrə Rusiyanın bankları, şirkətləri, eləcə də federal hökuməti 85,2 milyard dollar borc qaytarmalıdır. Bunun 67,12 milyard dolları əsas borc, 18 milyard dolları faizlərdir. 2017-ci ilin yanvar sentyabr aylarında isə Rusiyanın 60 milyard borc qaytarmalı olduğu irəli sürülür. Nəzərə çatdıraq ki, 516,1 milyard dollar borcun 270 milyard dolları dövlətə və ona yaxın qurumlara məxsusdur. Bu da ümumi daxili məhsulun 25 faizi deməkdir.

Rusiyanın xarici borcu bir kənara kibercinayətkarlar ölkə banklarında pul qoymayıblar.2015-2016-cı il martın 31-i tarixləri arasındakı maliyyə ilində Rusiyada 5,5 mlrd. rubl (87,3 mln. ABŞ dolları) həcmində vəsait oğurlanıb. "Group-IB" informasiya təhlükəsizliyi şirkətinin məlumatına görə, bu, bir əvvəlki illə müqayisədə 44% çoxdur. Oğurlanan vəsaitin 2,56 mlrd. rublu (39,7 mln. dollar) Rusiya banklarına aiddir. Bu da əvvəlki maliyyə ili ilə müqayisədə 4 dəfə çoxdur.

Hesabata əsasən, "İnternet Banking" xidmətlərində hüquqi şəxslərə hücumlar illik müqayisədə 2 dəfə azalaraq oğurlanan vəsaitin həcmi 956 mln. rubl (19,2 mln. dollar) təşkil edib. Ən çox oğurluq mobil cihazlarda ("Android" sistemi aid) troyanlar vasitəsilə edilib. Bu sahədə oğurluq 471% artaraq 348,6 mln. rubl (9,5 mln. dollar) olub. Ümumilikdə isə hesabat dövründə 5 mlrd. rubl (79,4 mln. dollar) həcmində oğurluğun qarşısı alınıb.

ABŞ-da 24 sentyabr-1 oktyabr hesabat həftəsində işsizlik müavinəti üçün müraciətlərin sayı 246 min təşkil edib ki, bu da son 43 ilin minimal həddi sayılır. Ölkənin Əmək Nazirliyi bildirir ki, işsizlik müavinəti müraciətlərinin 253 min nəfər olacağı gözlənilirdi. Qeyd edək ki, son 84 həftədə işsizlik müavinəti müraciətlərinin sayı 300 min, son 15 həftədə isə 270 min nəfərdən çox deyil. Xatırladaq ki, işsizlik müavinəti müraciətlərinin azalması Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini artırması üçün əsas göstəricilərdən biri hesab olunur.

Neftin qiymətinin kəskin azalması fonunda son üç ildə OPEC ölkələrinin gəlirləri gözləniləndən 1 trln. ABŞ dolları az olub. OPEC-in Baş katibi Məhəmməd Barkindonun dediyinə görə, 2015-ci ildə neft sənayesinə investisiyalar 26% azalıb, bu il isə proqnozlara əsasən daha 22%-lik azalma gözlənilir. OPEC katibi 2017-ci il üçün də investisiya gözləntilərinin arzu edilən səviyyədə olmayacağını qeyd edib. O, Vaşinqtondakı iclasda dünyanın əsas maliyyə qurumlarının neft bazarında sabitliyin nə zaman bərpa olunacağını bilmədiklərini xatırladıb.

Digər tərəfdən M.Barkindo dünya neft istehlakının uzun illərdir artmağa davam etdiyini və bu trendin dəyişməyəcəyini bildirib. Onun sözlərinə görə, investisiya qıtlığı müəyyən dövrdən sonra neft təklifində kəsirin yaranmasına yol açacaq, bu da öz növbəsində neft qiymətlərinin yeni tarixi rekord qiymətlərə doğru irəliləməsinə səbəb olacaq.

Böyük Britaniya "sərt" ssenari ilə Avropa İttifaqından (Aİ) ayrılmaq istəsə, o zaman vergi gəlirlərindən ildə 66 mlrd. funt sterlinq və ya 82 mlrd. ABŞ dolları itirə bilər. "Sərt" ssenarinin, yəni Aİ ilə iqtisadi əlaqələrin maksimal dərəcədə azaldılması durumunda Britaniyanın ÜDM-i cari qiymətindən 9,5% az olacaq. "Oliver Wyman" konsaltinq şirkətinin hesablamalarına görə, Britaniyanın maliyyə sektoru "Brexit"in "sərt" ssenarisi durumunda ildə 38 mlrd. funt sterlinq və ya 47 mlrd. dollar itirə bilər.

Xatırladaq ki, Britaniya funt sterlinqi dollarla müqayisədə son bir həftədə 4,3% ucuzlaşaraq 1,2310 USD/GBP səviyyəsinə kimi geriləyib.

Dollar

Yola saldığımız həftə Türkiyədə ABŞ dollarının məzənnəsi tarixi maksimal həddə - 3,0972 TRY/USD-yə çatdı. Türkiyədə dolların məzənnəsinin son maksimal həddi bu ilin iyulun 20-də (3,0965 TRY/USD) qeydə alınıb və dövlət çevrilişi cəhdi ilə bağlı olub. Ümumilikdə isə təhlillər göstərir ki, bu ilin son rübündə ən çox bahalaşan valyuta dollar olub. Bu da “valyuta müharibəsi” və dollar ABŞ-ın valyutası, dünyanın sonu“ kimi şərhlərin gündəmə gəlməsinə səbəb olub. Federal Ehtiyat Sisteminin (FED) sentyabrda faiz artımına getməməsi və bunu dekabr toplantısına saxlaması, eləcə də ABŞ-dan kənarda siyasi-iqtisadi problemlər dolların məzənnəsinin yüksəlməsini şərtləndirir.

Son bir ayda dollar 8 faizlə ən çox ingilis funt sterlinqinə qarşı bahalaşıb. Türk lirasına qarşı bu artım 4, İsveç kronuna qarşı 3,5, Rumıniya ronuna qarşı isə 3 faiz baş verib. Braziliya realı isə əksinə 4, Rusiya rublu 3 faiz dollara qarşı bahalaşıb.

İlin əvvəlindən bu tərəfə dollara nisbətdə ən çox dəyərdən düşən valyuta Nigeriya valyutası olub. Najra dollara nisbətdə 53 faiz ucuzlaşıb. İngilis funt sterlinqi 21, Yəmən riyalı 16 faiz dəyərdən düşüb.

Dollar indeksi 2015-ci ilin 2 dekabrında 100,5 ilə 13 ilin zirvəsinə yüksəldikdən sonra bu ilin birinci i yarısında aşağı düşsə də yenidən yüksəlib. Maydakı 91,9-dan iyulda 98,1-ə yüksəlib. İlin sonuna doğru bu artımın davam edəcəyi gözlənilir. 2017-ci ildə FED-in faiz artımı prosesi başa çatacaq.

Nəzərə çatdıraq ki, avqust ayında Azərbaycanda milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,61 manata (ilin əvvəlindən 1,56 manata), 1 Avroya – 1,81 manata (1,74), 100 Rusiya rubluna – 2,48 manata (2,27) bərabər olub.

İş dünyası

Dünya üzrə dollar milyarderləri 2015-ci ildə ümumilikdə 300 mlrd. ABŞ dolları itiriblər. "UBS" bankı və ABŞ-ın "PwC" audit şirkətinin hesabatında yer alan məlumatlara inansaq, 2015-ci ildə milyarderlərin məcmu kapitalı 5,1 trln. dollar təşkil edib. Bu da 2014-cü illə müqayisədə 300 mln. dollar və ya 5,6% azdır. Sənəddə həmçinin qeyd olunub ki, milyarderlərin kapitalının azalmasına baxmayaraq, 2015-ci ildə 210 yeni milyarder formalaşıb.

Azərbaycan

Gəldik çıxdıq öz ölkəmizə…

Yola saldığımız həftə Maliyyə Nazirliyi büdcənin icrası ilə bağlı rəqəmləri açıqladı. Bildirdi ki, 2016-cı ilin doqquz ayında dövlət büdcəsinin mədaxili 10 mlrd. 103,1 mln. manat, xərcləri 10 mlrd. 622,2 mln. manat olub. Hesabat dövründə 519,1 mln. manat məbləğində büdcə kəsiri (defisit) yaranıb. 2016-cı doqquz ayında dövlət büdcəsinin mədaxili 12 mlrd. 98,3 mln. manat proqnoza qarşı 10 mlrd. 103,1 mln. manat və ya 16,5% az icra olub.

Həftə ərzində Azərbaycanın dövlət borcunun ÜDM-ə nisbətinə görə MDB-də yeri də bəlli oldu. Gözümüz aydın beşinci yerdəyik. Ümumdünya İqtisadi Forumunun (World Economic Forum, WEF) Qlobal rəqabət qabiliyyətlilik hesabatında (Global Competitiveness Report) bu haqda bildirilir ki, bu nisbətə görə MDB ölkələri arasında ilk yeri 80,2%-lik göstərici ilə Ukrayna tutur. İkinci yerdə Qırğızıstan (68,8%), üçüncü yerdə Ermənistan (46,6%), dördüncü yerdə Moldova (42%), beşinci yerdə isə Azərbaycan (36,1%) qərarlaşıb. Tacikistan və Qazaxıstan müvafiq olaraq 35,9% və 23,3% lə altıncı və yeddinci yerlərdədir. Səkkizinci yerdə qərarlaşan Rusiyanın dövlət borcunun ÜDM-ə nisbəti 17,7% təşkil edir. Belarus, Türkmənistan, Özbəkistan kimi ölkələr üzrə informasiya yoxdur.

Bu göstərici üzrə reytinqin ilk onluğunda qərarlaşan ölkələr isə bunlardır: Yaponiya (248,1%), Yunanıstan (178,4%), Livan (139,1%), İtaliya (132,6%), Portuqaliya (128,8%), Yamayka (124,3%), Kabo-Verde (119,3%), Butan (115,7%), Kipr (108,7%), Belçika (106,3%).

Belə… Hər birinizə uğurlu həftə sonu tətili...

Leyla Əliyeva


Xəbərin orijinal ünvanı: http://publika.az/projects/hesabat/172294.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR