Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində "Real"ı qəbul edən "Atletiko" 2:1 hesablı qələbə qazanıb.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu nəticə "matrasçılar"ın finala adlaması üçün yetərli olmayıb.
İlk görüşdə 3:0 hesablı qalibiyyətə sevinən "Real" adını finala yazdıraraq, həlledici görüşdə "Yuventus"a rəqib olub.
Matçdan sonra hər iki klubun çalışdırıcısı fikirlərini bildirib. Həm Dieqo Simeone, həm də Zinəddin Zidan komandasını tərifləyib.
Dieqo Simeone: "Bütün gücümüzü meydanda qoyduq. Mövsümlər keçir, amma futbolçular inkişafı davam etdirirlər. Hər gün yuxudan oyananda matçlarımızla bağlı plan qururam, bu mənə motivasiya verir. Qarşımızdakı rəqib son çempion idi. Xoşbəxt və qürurluyam. Bu gün komandamızın nəyə qadir olduğunu göstərdik. Hazırda İspaniya çempionatında 3-cü yerdə qərarlaşmışıq. İki dəfə Çempionlar Liqasında finala qədər irəliləmişik. "Real"la ilk oyunda pis nəticə qeydə alındı. Amma inanırdıq ki, mübarizə apara bilərik. Oyunun ilk 30-35 dəqiqəsini azarkeşlərimiz uzun müddət unutmayacaqlar. İlk 25 dəqiqədə çox güc sərf etdik. Eyni tempdə davam etmək çətin idi. Axı qarşımızda möhtəşəm komanda var idi. "Real" buraxdığımız ilk səhvdəncə maksimum yararlandı. Benzema möcüzə yaratdı.
Futbolçularımızın böyük ürəyi var. Turniri tərk etsək də, əsas odu ki, məğlubiyyətlə ayrılmadıq. Bu bizə güclü olmağa kömək edəcək. "Atletiko" kollektiv, "Real" isə fərdi oyundan asılıdı. Möhtəşəm nəticəni reallaşdırmağa çox yaxın idik, amma alınmadı. Bu azarkeşlər yeni stadionda da bizi dəstəkləyəcəklər. İnsanların ehtirasını dəyişmək mümkün deyil. Bu gün evimiz "Kalderon" idi, sabah isə "Metropolitano" olacaq.
Biz Avropa Liqasını, UEFA Superkubokunu, İspaniya kubokunu qazanmışıq, həmçinin İspaniya çempionu olmuşuq. Bu müddətdə çox "artırdıq", amma yenə irəliyə doğru addımlamaq lazımdı".
Zinəddin Zidan: "İlk 25 dəqiqənin bizim üçün yaxşı keçməyəcəyini bilirdim. "Atletiko" oyuna əla başladı, ilk dəqiqələri möhtəşəm keçirdi, bu müddətdə 2 qol vurmağı bacardı. Amma sonra özümüzə gəldik və gözəl qol vurduq. Səbrli davranaraq, oyunumuzu tapdıq. Benzemadan həmin epizodu necə yaratdığını soruşdum, cavab verə bilmədi. Fasilədən sonra daha yaxşı oynadıq. Ümumilikdə, biz yaxşı idik. İsko əla oynadı, komandaya çox xeyir verdi. Finala çıxdığımıza görə şadıq. Futbolçularımla fəxr edirəm. Finala yüksəlmək üçün uzun yol qət etmək lazımdı və bunu bacarmaq heç də asan deyil.
"Yuventus"la oyun mənim üçün xüsusi olacaq. Bu klub futbolçu karyeramda mühüm rol oynayıb, mənə çox şey verib. Amma indi "Real"ı çalışdırıram və ona bağlıyam. Mükəmməl final olacaq. "Yuventus" finala təsadüfən yüksəlməyib. Onlar həlledici görüşdə oynamağa layiqdi. Ardıcıl 2 il finala yüksəlmək zəhmətimizin bəhrəsidi. Qarşıda bizi La Liqada 3 vacib oyun gözləyir. Bundan sonra "Yuventus"la final barədə düşünməyə vaxtımız olacaq".
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində