Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Dilarə Əliyeva adına Azərbaycan Qadınlarının Hüququnun Müdafiə Cəmiyyəti “Dini ekstremizmə və xurafatçılığa qarşı mübarizədə qadınların rolu” adlı layihə çərçivəsində növbəti tədbiri Zaqatalanın Maqov və Yuxarı Tala kəndlərində keçirildi.
Publika.az xəbər verir ki, seminar-treninqi Zaqatala Rayon İcra Hakimiyyəti Aparatının İctimai-Siyasi və Humanitar məsələlər şöbəsinin əməkdaşı İlqar Vəliyev açaraq milli dəyərlərimizin qorunması və təbliğində Zaqatalada və rayonun kəndlərində görülən işlərdən danışdı:
“Zaqatala milli, dini və etnik müxtəlifliyə görə Respublikada ən böyük rayonlardan biridir. Rayonda milli dəyərlərimizin qorunması, vətəndaşlarımızın öz adət- ənənələrini yaşatması, dini ibadətlərini sərbəst yerinə yetirməsi üçün rayon rəhbərliyi tərəfindən çox gözəl şərait yaradılıb. Rayonumuzda Bakı İslam Universitetinin Zaqatala filialı, qadınlar üçün xüsusi “Quran” öyrətmə kursu fəaliyyət göstərir. Vətəndaş Cəmiyyətlərinin Dövlət strukturları ilə birlikdə, xüsusən qadınlar arasında belə maarifləndirici tədbirlərin keçirilməsini təqdirə layiq hesab edirəm”.
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin nümayəndəsi Elnarə Kərimova isə İslamda qadın haqlarından danışdı:
“Bu gün Azərbaycan dünya ölkələri arasında tolerantlığın, çoxmədəniyyətliliyin məkanı kimi tanınır. Ölkəmizdə vətəndaşların bütün sahələrdə olduğu kimi dini sahədə də hüquqlarının qorunması qanunla tənzimlənir. Bu gün Beynəlxalq Konvensiyalarda qadınlara şamil edilmiş “Qadın Hüquqları” 1400 il əvvəl Qurani-Kərimdə qeyd edilib. İslam qadınlara çox böyük dəyər verib, bütün ayələrində qadınları kişilərdən ayırmayıb, hətta onları daha üstün tutub. Bu gün bəzən ayrı-ayrı bölgələrdə İslamdan sui-istifadə edərək fanatizm, xurafatçılıq və mövhumatı təbliğ edən dini ektremist qruplar baş qaldırırlar ki, onlar öz məkrli məqsədlərini həyata keçirmək üçün xüsusən qadınları və uşaqları islamın əsl real prinsip və dəyərlərindən uzaqlaşdırmağa çalışırlar və hesab edirəm ki, onlara qarşı mübarizədə qadınlarımız daha fəal olmalıdırlar.Təmsil etdiyim Komitə bu yöndə mütəmadi olaraq bölgələrdə maariflənmə işləri aparır, beynəlxalq konfranslar, simpoziumlar keçirir”.
Dilarə Əliyeva adına AQHMC-nin nümayəndəsi Cəmilə Səmədova isə erkən nikahlardan, boşanmalardan və mənəvi dəyərlərimizə dəyən zərbələrdən söz açdı:
“Çox təəssüflə qeyd etmək istəyirəm ki, bu gün erkən nikahlar bölgələrdə daha çox yayılıb. Bu cür ailələr tez dağılır, rəsmi nikah olmadığı üçün çoxlu problemlər yaranır. Ailələrin çoxu dini kəbinə üstünlük verdikləri üçün rəsmi nikaha getmirlər. Xüsusi vurğulamaq istəyirəm ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsində oğlan və qızların nikah yaşı 18 yaş göstərilib və xahiş edirəm ki, övladlarınız ailə qurarkən bu Məcəlləni əsas tutasınız və dini İdarələr rəsmi nikah olmadan dini kəbin kəsilməsinə qadağa qoysunlar”.
Layihənin koordinatoru Əntiqə Qurbanova İslamda elm və təhsil məsələlərindən geniş danışaraq İslamda təhsil almaqda qadınlarla kişilərə fərq qoyulmadığını, Qurani-Kərimdə 796-dan çox ayədə onlara təhsilin vacib buyurulduğunu dedi:
“Cahillikdən, radikallıqdan uzaq olmağın yolu ancaq maariflənmədən, İslam dəyərlərini, mədəniyyətini öyrənməkdən keçir” - deyən layihə koordinatoru tədbirin sonunda göstərdiyi dəstəyə görə Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıya, onlara yüksək səviyyədə şərait yaratdıqları üçün Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadəyə, Maqov kənd bələdiyyəsinə, Yuxarı Tala 4 saylı kənd məktəbinin direktoru Almaz Abdurrahmanovaya təşəkkür etdi.