Bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidməti QHT-lərin, KİV nümayəndələrinin, millər vəkillərinin iştirakı ilə əfv sərəncamının icrasına başlayıb.

Publika.az xəbər verir ki, sərəncamın icrası Pentensiar Xidmətin cəza çəkmə müəssislərində həyata keçirilir. Əfv olunan bütün məhkumlar günün sonuna kimi azadlığa buraxılacaq.

Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə mayın 24-də imzaladığı əfv sərəncamı 634 nəfərə şamil edilib. Sərəncamla 607 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Həmçinin azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış 1, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 9, cərimə cəzasına məhkum edilmiş 11 cəzadan və islah işləri cəzasına məhkum edilmiş 6 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.

Əfv sərəncamı 39 xarici vətəndaşa, o cümlədən 11 Gürcüstan, 5 Çin, 4 Rusiya, 4 İran, 3 Türkiyə, 3 Banqladeş, 2 Türkmənistan, 2 Qazaxıstan, hərəsinə 1-i olmaqla Özbəkistan, Kamerun, Hindistan, Əfqanıstan, Ukrayna vətəndaşlarına və vətəndaşlığı olmayan 3 şəxsə də şamil olunub.