İtaliyalı mütəxəssis Fabio Kapello Zinəddin Zidanın "Real"dan ayrılması ilə bağlı fikirlərini bildirib.
Milli.Az komanda.az-a istinadən xəbər verir ki, bir müddət öncə məşqçi karyerasını bitirən Kapello, İtaliya mətbuatına açıqlamasında Zidanın doğru addım atdığını deyib:
"Məncə, Zidan doğru qərar verdi, çünki Çempionlar Liqasını qazanmasaydı, qovulacağını bilirdi. Florentino Peres qalib gələndə xoşbəxt olur, lakin qalib gələ bilməyəndə həmişə başqasını günahlandırır. Mən komandada çalışdığım zaman da belə idi. Qalib gələndə heç bir problem yox idi, qalib gəlməyən kimi isə qovuldum".
Kapello Zidanın yerinə "Real"ın keçmiş futbolçusu Qutinin gələ biləcəyini də bildirib:
"Zidanın yerinə Quti gələ bilər. Bundan əlavə, Antonio Konte və Mauritsio Sarri variantları da var".
İtaliyalı mütəxəssis daha sonra Kriştiano Ronaldo barədə də danışıb. O, Ronaldonun "Real"ı tərk edərək, keçmiş klubu "Mançester Yunayted"ə qayıdacağını düşündüyünü deyib:
"Kriştiano Ronaldo "Mançester Yunayted"ə qayıtmaq və Joze Mourinyo ilə çalışmaq istəyir. Əlbəttə, bir gün İngiltərəyə qayıdacaq".
Xatırladaq ki, Kapello 1996/97 və 2006/07-ci il mövsümlərində "Real"da çalışıb.
Milli.Az