Ad,Soyad | Niyaməddin Musayev |
Yaş | 1 May 1940 (84 Yaş ) |
Doğulduğu yer | İmişli |
Vəzifə | Müğənni |
Yenilənmə tarixi | 28-12-2016 |
Niyaməddin Cabbar oğlu Musayev 1940-cı il mayın 1-də Imişli rayonunda anadan olub. 1957-ci ildən, yəni 17 yaşından professional səhnədə olan sənətkarda musiqiyə olan sevgi və maraq uşaq yaşlarindan ona bu yolu seçməyə təhrik edən amillərdən olmuşdur. Gənc yaşlarında Rayon Mədəniyyət evində metodist və incəsənət məsləhətçisi işləyib. 1966-cı ildə ilk dəfə Ə.Bakıxanovun rəhbərliyi ilə xalq çalğı alətləri ansamblında bir neçə mahnısı radio fonotekasında yazılıb. 1968-ci ildə "Muğam-68" festivalının qalibi olmuşdur.
1991-ci ildə Naxçıvan MR-nın əməkdar artisti adına layiq görülmüşdür. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı ilə 1998-ci ildə Azərbaycan Respublikasının xalq artisti fəxri adına layiq görülüb və 2000-ci ildə "Şöhrət ordeni"ylə təltif edilib. 1970-ci ildən filarmoniya cəmiyyətində işləməyə başlayıb. 1978-ci ildən «Röya» vokal instrumental ansamblının bədii rəhbəri olan Niyaməddin Musayev, ilk dəfə olaraq, Azərbaycanda milli estrada janrının yaradıcısı olmuş və həmin ildəcə ansamblın bir valı buraxılmışdır. Onun 1987-ci ildə «Dünya sənin, dünya mənim», 1998-ci ildə «Vətən həsrəti» adlı albomları və bir diski buraxılmışdır. O, 1974-cü ildə «Şahnaz təsnifi» ifası ilə sənət aləmində daha çox tanınmışdır. Dünyanın bir çox ölkələrində dövlət qostrollarında milli xalq musiqimizi təbliğ edən müğənninin, «Röya» vokal instrumental ansamblını yaratması ilk növbədə milli musiqimizlə Avropa musiqisinin sintezləşdirilməsinə və müasir səpkidə xalqa çatdırılmasına xidmət etmişdir. Muğam ifaçısı olmuş N.Musayev, Ə.Bakıxanov, B.Salahov, Ə.Dadaşov, Ə.Quliyev, A,Məşədibəyov, H.Məmmədov və H.Bayramov kimi tanınmış sənətkarlarla çalışmışdır. O, tanınmasının səbəbi kimi xalqın onun sənətini qiymətləndirməsində görür. Artiq uzun illərdir milli kolaritli estradanin formalaşmasında çalışan sənətkar əksər bəstəkar və ifaçıların yaradıcılığını xoşlayır. Ikinci peşə kimi Bünyadzadə adına Azərbaycan Dövlət Milli İqtisadiyyat İnstitutunun İqtisad Fakultəsini bitirmişdir.