İyulun 31-də Azərbaycanın dilbər guşələrindən olan Qəbələ şəhərinfə X Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi baş tutub.

Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin qarşısındakı parkda keçirilən mərasimdə əvvəlcə Azərbaycanda musiqi mədəniyyətinin inkişafı və təbliğində müstəsna rol oynayan Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Azərbaycanın I Vitse-prezidenti Mehriban xanım Əliyevanın festival iştirakçılarına ünvanladığı təbrik məktubu oxunub.

Publika.az xəbər verir ki, daha sonra Ağsaqqallar Şurasının sədri və millət vəkili Fəttah Heydərov, festivalın bədii rəhbəri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli çıxış edərək, bu möhtəşəm musiqi bayramında iştirak etmək üçün dünyanın müxtəlif yerlərindən ölkəmizə gəlmiş bütün qonaqları, istedadlı ifaçıları, musiqiçiləri Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Azərbaycan Respublikasının ı Vitse-prezidenti Mehriban xanım Əliyevanın adından salamlayıblar.

Mədəniyyət naziri Əbülfəs Qarayev jurnalistlərə verdiyi açıqlqmada vurğulayıb ki, Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edən bu festival həm də ölkəmizin musiqi ənənələrinin dünyada tanıdılması üçün bir vasitədir: "Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda çoxsaylı mədəniyyət layihələri həyata keçirilir. Bu mədəniyyət tədbirlərindən biri olan Qəbələ Beynəlxalq Musiqi Festivalı öz möhtəşəmliyi ilə musiqisevərlərin rəğbətini qazanıb" ,- deyə nazir əlavə edib.

F.Bədəlbəyli çıxışında bildirib ki, X Qəbələ Beynəlxalq Musiqi Festivalı Qara Qarayevin 100 illik yubileyinin qeyd olunması ilə xüsusilə əlamətdardır: "Builki festival daha bir əlamətdar hadisə ilə də yadda qalacaq. Dahi Azərbaycan bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illik yubileyi münasibəti ilə onun ölməz əsərləri səslənəcək.

Yubiley tədbirləri dünyanın hər yerində keçirilir. Qəbələ festivalına bir neçə ölkədən kollektivlər təşrif gətirib. Festival Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və “Gilan Holding”in dəstəyi ilə keçirilir.

Azərbaycan mədəniyyətinin hamisi Mehriban xanım Əliyevanın təşəbbüsü və yaxından köməyi ilə Qəbələdə keçirilən beynəlxalq musiqi festivalı artıq gözəl bir ənənəyə çevrilib. Festivalın proqramına uyğun olaraq Qəbələ səhnəsində Azərbaycan və dünyanın dahi bəstəkarlarının əsərləri səsləndirilir. Gənc ifaçılarla yanaşı, dünya şöhrətli musiqiçilər də bu səhnəyə çıxırlar".

Diqqətə çatdırılıb ki, Azərbaycan öz musiqi mədəniyyəti ilə hər zaman fərqlənir. Heydər Əliyev Fondu ölkəmizin musiqi irsinin qorunub saxlanılması və təbliği yolunda bir sıra iri layihələr həyata keçirir. 2009-cu ildən ənənəvi olaraq hər il keçirilən bu musiqi festivalı ölkəmizdə və onun hüdudlarından kənarda böyük əks-səda doğurur.

Çıxışlardan sonra Fuad İbrahimovun drijorluğu ilə Qara Qaratevin "Leyli və Məcnun" simfonik poeması,
Qara Qarayevin "Alban rapsodiyası" səsləndirilib. Həmçinin konsertdə pianoda xalq artistləri Murad Adıgözəlzadə və Yeganə Axundova çıxış ediblər.

Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və "Gilan Holdinq"in dəstəyi ilə Qəbələdə keçirilən X Beynəlxalq Musiqi Festivalında Rusiya, İsrail, ABŞ, İtaliya, Avstriya, İsveçrə, İspaniya və Türkiyədən dünya şöhrətli dirijorlar və musiqiçilər – Oksana Yablonskaya, Dmitri Yablonski, Janna Qandelman, Annel Qreqori, Olqa Yermakova, Eduard Vulfson, Nora Romanov-Şvartsberq, Tomer Lev, Mine Kurtoğlu, Mixail Xoxlov, Salvador Brotons və başqaları qatılacaq.

Festival günlərində keçirilən konsertlərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Baku Chamber Orchestra” Gənclər Kamera Orkestri, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə Simfonik Orkestri, “Qaytağı” ansamblı, “Clarte” klarnet kvarteti, “Furioso” kvarteti, Yerusəlim Simfonik Orkestri, Jovenes Clasicos del Son instrumental qrupu (Kuba), Tbilisi Big Band orkestri (Gürcüstan), Gypsy Band (Budapeşt), xalq artistləri Fərhad Bədəlbəyli, Murad Adıgözəl-zadə, Yeganə Axundova, Şükür Səmədov, Ənvər Sadıqov, Samir Cəfərov, əməkdar artistlər Fuad İbrahimov, Aleksey Miltıx, Sahib Paşazadə, Çinarə Heydərova, Emil Əfrasiyab, beynəlxalq müsabiqələr laureatları Səidə Tağızadə, Nərmin Nəcəfli, Cavad Tağızadə, Məhərrəm Hüseynov, Mahir Tağızadə, Taleh Yahyayev, Ziba Rəcəbli, Toğrul Hüseynli, Vurğun Vəkilov, istedadlı gənc solistlər, muğam ifaçıları və b. çıxış edəcəklər.

Musiqi bayramında xalq artisti, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru Murad Adıgözəl-zadə tərəfindən təşkil olunan və xalq artisti, festivalın bədii rəhbəri Fərhad Bədəlbəyli tərəfindən dəstəklənən “Gənclərə dəstək” layihəsinin iştirakçıları, istedadlı musiqiçilər də konsert proqramı ilə iştirak edəcəklər.

Qeyd edək ki, bu möhtəşəm musiqi bayramı avqustun 8-dək davam edəcək.

Aytən