Hansı partiyalar bağlanmalıdır?

Yaxud, üst-üstə düşən mövqelər

Bəlli olduğu kimi, ölkəmizdə qeydiyyatdan keçmiş 55 siyasi partiya mövcuddur və onlarla yanaşı, qeydiyyatdan keçməyən siyasi təşkilatlar da var ki, onlar ictimai-siyasi proseslərdə fəallıqları ilə seçilmirlər.

Bu arada, Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun bir müddət öncə verdiyi açıqlamasını da xatırlatmaq olar. O, mətbuata verdiyi açıqlamasında bildirmişdi ki, Azərbaycanda bəzi imkanlı şəxslər siyasi partiyaları pulla alaraq gələcək məqsədləri üçün dondurulmuş vəziyyətdə saxlayır.

Siyavuş Novruzov: “Bu, qeyri-şəffaflığa yol açır və qaranlıq mənbələrdən qidalanmanın bariz nümunəsini ortaya qoyur”

Onun sözlərinə görə, bu kimi hallar bəzi siyasi partiyaların alver predmetinə çevrildiyinin göstəricisidir: “Təəssüf ki, bəzi siyasi partiyalar alver mənbəyinə çevrilib. İmkanlı adamlar həmin partiyanı alır və sandığında saxlayır ki, gələcəkdə istifadə etsinlər. Bununla bağlı nümunələr var”.

YAP rəsmisi həmin vaxt prosesin necə baş verdiyini də açıqlamışdı: “Azərbaycanda qeydiyyatdan keçmiş partiyalar var və onlar fəaliyyət göstərmirlər. İmkanlı şəxs həmin partiyanın sədrinə müəyyən məbləğdə pul təklif edir və partiyanı alır. Partiya sədri partiyanı alver predmetinə çevirir. Möhürünü isə imkanlı şəxsə təhvil verir. İmkanlı şəxs isə aldığı partiyanı dondurulmuş formada saxlayır. Sabah lazım olanda həmin şəxs qurultay keçirir və partiya sədri olur. Belə olanda isə partiyanı yenidən qeydiyyata almağa ehtiyac qalmır”.

Siyavuş Novruzov sözügedən açıqlamasında onu da əlavə etmişdi ki, hər bir partiya Mərkəzi Seçki Komissiyasına maliyyə hesabatını təqdim etməlidir: “Əfsuslar olsun ki, bir sıra partiyalar ümumiyyətlə maliyyə hesabatı vermir. Bəziləri isə verdiyi hesabatın qarşısında sıfır rəqəmi yazır. Halbuki, kifayət qədər işçiləri var, fəaliyyət göstərir, gündəlik işləyir. Bunlar gedib gündüzlər müəllimlik edib, sonra işləmirlər. Səhərdən axşama qədər ofislərində fəaliyyət göstərirlər, amma, adına əməkhaqqı yoxdur. Yəqin hava ilə yaşayırlar. Bu baxımdan digər partiyaların balansında maşınları, cangüdənləri, böyük ştatlı aparatları var. Bu, qeyri-şəffaflığa yol açır və qaranlıq mənbələrdən qidalanmanın bariz nümunəsini ortaya qoyur”.

Sərdar Cəlaloğlu: “Ölkədə 55 siyasi partiya var, ancaq onlardan bir çoxu xalq qarşısında vəzifələrini yerinə yetirmirlər”

Digər maraqlı məqamlardan biri də budur ki, hazırda müxalifətdə olan bir sıra partiyalar da YAP rəsmisinin sözləri ilə razı olduqlarını nümayiş etdirirlər. Misal üçün, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun fikrincə, fəaliyyəti hiss olunmayan partiyaların qeydiyyatları ləğv edilməlidir. “Azərbaycanda faktiki olaraq 6-7 partiya geniş və ya məhdud şəkildə fəaliyyət göstərir, yerdə qalan partiyaların mövcudluğuna, qeydiyyatda saxlanmasına ehtiyac yoxdur. Ölkədə 55 siyasi partiya var, ancaq onlardan bir çoxu xalq qarşısında vəzifələrini yerinə yetirmirlər”-deyə müxalifətçi partiya sədri bildirib.

Daha bir nüans isə ondan ibarətdir ki, xalq və dövlətçilik maraqlarından çıxış etməyən partiyalar da mövcuddur ki, onların fəaliyyətləri məhz biznes üzərində qurulub. Məsələn, həmin partiyalara Əli Kərimlinin sədri olduğu AXCP-ni, eləcə də Arif Hacılının başqanlıq etdiyi Müsavatı göstərmək olar. Çünki hazırkı dövrə qədər bu partiyaların fəaliyyətləri şübhəli və dövlət maraqları əleyhinə söykənib.

Əli Əliyev: “Bu cür partiyaların fəaliyyət göstərməməsi və ya dövriyyədə olmaması daha yaxşıdır”

Vətəndaş və İnkişaf Partiyasının sədri (VİP) Əli Əliyev də öz açıqlamasında deyib ki, bu məsələlər qanun çərçivəsində və obyektiv şəkildə tənzimlənməlidir. VİP sədri də hakim partiya rəsmisi, eləcə də ADP-dəki həmkarı kimi fəaliyyətsiz partiyaların ləğv edilməsinin tərəfdarıdır. “Doğrudan da Azərbaycanda hüquqi şəxs adında elə siyasi partiyalar var ki, onların mövcudluğu, fəaliyyəti, olub-olmaması, ümumiyyətlə, hiss olunmur”-deyə qeyd edən VİP sədri belə təşkilatların cəmiyyətdə çaşqınlıq yaratdığını bildirib: “Belə çaşqınlığın olmaması üçün bu cür partiyaların fəaliyyət göstərməməsi və ya dövriyyədə olmaması daha yaxşıdır”.

Göründüyü kimi, fəaliyyətsiz olan, yaxud mövsümi xarakterdə fəaliyyət göstərən bir sıra siyasi təşkilatlar var ki, onların cəmiyyətə, ictimai rəyə səmərələri də dəymir. O cümlədən, fəaliyyətdə olan siyasi partiyalar da bununla bağlı hakim Yeni Azərbaycan Partiyasının mövqeyi ilə razı olduqlarını göstərirlər. Belə olan halda, artıq sözügedən saxta və biznes xarakteri üçün qurulmuş partiyalar, o cümlədən, xalq və dövlət maraqlarından çıxış etməyən sözdə müxalifət partiyalarının da bağlanması məsələsi gündəmə gələ bilər.// Sia.az

Qazıntılar zamanı tapılanlar dünyanı heyrətə gətirdi - VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR