Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin imtahan mərhələsindən

Dövlət ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin imtahan mərhələsinə bu gün yekun vurulur.

Metbuat.az xəbər verir ki, müsabiqəyə ölkə üzrə 700-ə yaxın vakant yer ayrılıb və 1600-dən artıq namizəd iştirak edir. Namizədlərə əmək və təhsil qanunvericiliyi, idarəetmə, məntiq olmaqla 60 test tapşırığı təqdim olunub.

Təhsil İşçilərinin Peşə İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin müdiri Murad Camalzadə Metbuat.az-a müsabiqənin imtahan mərhələsi ilə bağlı açıqlama verib:

"Hazırda ümumtəhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilir. Artıq imtahanların sonuncu günüdür. İki gün davam edən bu mərhələdə hər gün 800-ə qədər namizədin imtahan verməsi üçün şərait yaradılıb. Ümümilikdə isə 1600-dən bir qədər artıq namizədin iştirak etməsi gözlənilir. İndiyə qədər 943 nəfər imtahanlarda iştirak edib. Namizədlərin 56 faizini kişilər, 44 faizini isə qadınlar təşkil edir. Ümumi davamiyyət isə 89 faizdən yuxarıdır. İmtahanlar 90 dəqiqə ərzində davam edir və bu vaxt ərzində namizədlərə 60 test tapşırığı təqdim olunur. Bu testlər təhsil qanunvericiliyi, əmək qanunvericiliyi və məntiqə aiddir. İmtahanda 40 faizdən yuxarı nəticə göstərən namizədlər növbəti müsahibə mərhələsinə çağırılacaqlar".

Murad Camalzadə ölkə üzrə ən çox vakant orta məktəb direktoru vəzifəsinin hansı ərazilərdə olduğunu açıqlayıb:

"Müsabiqəyə ümumilikdə 604 vakant yer elan olunub. Bu vakant yerlərin sıralamasında ilk yerdə Cəlilabad, daha sonra isə Goranboy, Lerik və Beyləqan rayonları yer alır. Ümumilikdə isə vakant yerlər bütün respublikanı əhatə edir".

Murad Camalzadə iştirak edə bilməyən namizədlərlə bağlı Metbuat.az-ın sualına cavab verib:

"İştirak edə bilməyən şəxslərin səbəbləri fərqli olur. Kimsə fərdi halı ilə bağlı, kimsə də səhhəti ilə bağlı ola bilər ki, iştirak edə bilmir. Qaydaya görə, imtahana çağırış günündə iştirak edə bilməyən namizədlər üçün fərdi imtahan götürülmür. Sadəcə olaraq öz seansına gecikənləri digər seanslara buraxırıq. Və yaxud dünən gələ bilməyənlərin bu günkü imtahanda iştirak edə bilməsi üşün şərait yaradırıq. Ancaq imatahan seansları tam bitdikdən sonra hər hansı səbəbdən vaxtında gələ bilməyən namizədlərin iştirakı mümkün deyil".

"İmtahanı bitirən namizəd həmin an nə qədər bal topladığını artıq bilmiş olur. Və balına uyğun da növbəti mərhələ üçün çağırılıb-çağırılmayacağını öyrənmiş olur" - deyə Murad Camalzadə əlavə edib.


Sərdar Məmmədov / METBUAT.AZ

FOTO: İdrak Mustafayev

"Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu"ndan ÖZƏL REPORTAJ - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)