"Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu"ndan ÖZƏL REPORTAJ - FOTOLAR

Bakıda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə "Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu" keçirilir.

Metbuat.az xəbər verir ki, forum 2017-ci ildə Azərbaycan-Qazaxıstan ticarət-iqtisadi əməkdaşlığı üzrə birgə Hökumətlərarası Komissiyanın 14-cü iclasının protokoluna və 21 sentyabr 2017-ci il tarixdə Aktau şəhərində keçirilən Azərbaycan-Qazaxıstan gənclərinin əməkdaşlığı günü çərçivəsində əldə edilmiş razılığa əsasən təşkil olunub.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev forumun təşkili və gələcək planlarla bağlı jurnalistlərə açıqlama verib:

"Bu gün Azərbaycanda "Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu" keçirilir. Forumun keçirilməsində əsas məqsəd, iki ölkə gəncləri arasında əməkdaşlığı genişləndirmək, yeni fəaliyyət istiqamətlərini müzakirə etmək və müəyyən etməkdir. Forum çərçivəsində hər iki tərəfdən həm gənclər təşkilatlarının rəhbərləri, həm dövlət qurumlarının nümayəndələri, gənc sahibkarlar iştirak edirlər".


Nazir müavini: "Düşünürəm ki, bu forum çərçivəsində müəyyən yeni ideyalar ortaya çıxacaq. Eyni zamanda, bizim gələcək perspektivlər üçün artıq layihə sənədimiz var. İki ölkənin nazirlikləri arasında iki illik tədbirlər planının imzalanması nəzərdə tutulub.

21 sentyabr 2017-ci il tarixdə Aktau şəhərində Azərbaycan-Qazaxıstan gənclərinin əməkdaşlığı günü keçirildi. Tədbirdə bir sıra təşkilatlarımız arasında əməkdaşlıq haqqında sazişlər imzalandı. O zaman qərara aldıq ki, bu əməkdaşlığı daha da genişləndirək və "Azərbaycan-Qazaxıstan Gənclər Forumu" adı altında müəyyən vaxtlarda tədbirlər keçirək. Nəzərdə tutulub ki, bu forumlar ənənəvi olaraq həyata keçirilsin. Bugünkü forumda da bu tədbirin ildə bir və yaxud iki dəfə keçirilməsi müzakirə ediləcək".

"Hər forumda zamanın tələbinə, aktuallığına uyğun olaraq gənclərimizi maraqlandıran mövzular müzakirəyə çıxarılacaq. Və çalışacağıq ki, gənclərimiz bu tədbirlər sayəsində özlərinə yeni tərəf müqabilləri tapsınlar, yeni əlaqələr qursunlar və özlərini daha da inkişaf etdirsinlər" - deyə İntiqam Babayev əlavə edib.





Sərdar Məmmədov

FOTO: Müzəffər İsmayılov

METBUAT.AZ

İmişli “ASAN xidmət” mərkəzindən FOTOREPORTAJ - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI