"18 yaşımda iki dəfə məhkəməylə hədələnmişəm" - Sənan Şəfizadəylə MÜSAHİBƏ / FOTOLAR

Metbuat.az saytında "Sərdarla İDMAN VAXTI" layihəsinin növbəti müsahibi ATV kanalında idman xəbərlərindən yaxşı tanıdığımız, idmanla əlaqədar keçirilən mötəbər yarışlarda aparıcı qismində görməyə adət etdiyimiz, eyni zamanda futbol üzrə Azərbaycan millisi və "Qarabağ" futbol klubunun ev oyunlarında səsini stadiondan eşitdiyimiz Sənan Şəfizadə oldu.

Həmin maraqlı müsahibəni təqdim edirik:

- Sənan bəy, sizi daha yaxından tanıyaq...

- 1984-cü ildə Bakı şəhərində anadan olmuşam. Atam-Nadir müəllim indiki İqtisad Universitetini bitirib, futbol həvəskarıdır, qısa müddət futbolçu kimi də oynayıb. Sovet dövründə həvəskarlar arasında keçirilən “Dəri top” yarışında iştirak edib. Əsas uğuru isə boksda olub. Belə ki, boks üzrə Respublika və Bakı birinciliyində mükafatçıdır, medalı var. Anam isə bağçada musiqi müəllimidir. Ailəmizdə müəllimlər, əsasən də, müsiqi müəllimləri daha çoxdur. Ailəliyəm, bir oğlum var.

- İdmana, əsas da futbola marağınız necə yaranıb?

- Qeyd etdiyim kimi, atam həddindən artıq futbol həvəskarıdır. Uşaq vaxtı atamın həvəslə futbola baxması mənə çatmırdı. Fikirləşirdim ki, oyunçular niyə ora-bura qaçır?! Lakin sonradan gözəl bir qıza vurulan kimi, futbola vuruldum. Təsəvvür edin, gözəl bir qızdan xoşun gəlir, amma onunla tanış olmursan. Qız sənə “Hə” demir, nömrəsini də almırsan, amma hər gün onu görməyə gedirsən. Fərqli bir sevgidir... Uşaq vaxtı atam stadiona tək getməyimə icazə vermirdi. İlk dəfə ondan xəbərsiz məhəllə uşaqları ilə getmişdik. O vaxt Tofiq Bəhramov adına stadionda “Neftçi”nin oyunu var idi. Ondan sonra yavaş-yavaş bütün oyunlara getməyə başladım. 1990-cı ildə keçirilən dünya çempionatında 2-3, 1994-cü ildə isə İtaliya millisinin bütün oyunlarına baxmışam.

- İtaliya millisinə azarkeşliyiniz o vaxtdan başlayıb demək...

- İtaliya komandasının çox böyük vurğunuyam, əsas da Roberto Baccionun. Baccio çempionatın finalında 11 metrlik zərbəni vura bilməyib komandası uduzanda, evdə ağlayırdım. 2000-ci ildə İtaliya millisi Avropa çempionu olmağa yaxın oldu. Uduzanda mən yenə evdə ağlayırdım. 2002-ci ildə İtaliya yığması seçmə mərhələdə Azərbaycan millisinə rəqib oldu. Artıq karyerasının qürub çağını yaşayan Bacconun Bakıya gələyəcinə ümid var idi, amma o heyətə dəvət olunmadı.

- Uşaqlıq vaxtı ən yaddaqalan xatirəniz nə olub?

- Uşaqlığım çox sərbəst keçib, evdən qətiyyən məni sıxmayıblar. İstədiyim vaxt həyətə düşə, gəzməyə gedə bilirdim. Yaxşı dostlarım olub, onlara çox şey borcluyam. O vaxtları futbola baxmaq üçün bilet tapa bilmirdik, stadiona keçmək üçün mühafizəçilərə pul verirdik (gülür). Yadımdadır, bir dəfə dostum Pünhanla pul verib, stadiona girdik, “Neftçi” "Srvena Zvezda"nı qəbul edirdi. Həmin qarşılaşmada “Neftçi” 2:0 sıfır udurdu, sonradan rəqib 3 dəqiqəyə 3 qol vurdu və qələbə qazandı, çox pis olmuşdum. Həyat çox qəribədir. Bir vaxtlar oyunlara bilet tapmaqda çətinlik çəkirdim, indi oyunlarda aparıcı-diktor oluram.

- Məktəb illəriniz necə keçib?

- Müəyyən səbəblərə görə iki dəfə orta məktəb dəyişməli olmuşam. Əsas məktəbim isə 60 saylı olub. Həddindən artıq nümunəvi şagird olmuşam. Xəstə olanda da dərslərdə iştirak etmişəm. Eyni zamanda, fəal şagird olmuşam. Demək olar ki, bütün tədbirlərdə iştirak etmişəm. 1996-cı ildən etibarən, 4 il ərzində məktəbdə əsas tədbirlərin aparıcısı olmuşam. Xatırlayıram, 1996-cı ildə Novruz bayramı şənliyində yenə aparıcı idim, bu tədbirdə həm də şeir demişdim. Tədbirə Bakı Şəhər Təhsil İdarəsindən komissiya gəlmişdi. Gələn nümayəndə yekun rəyində belə yazmışdı: "Sənan Şəfizadə gözəl aparıcıdır. Ondan gələcəkdə yaxşı diktor ola bilər, amma şeir demək qabiliyyəti zəifdir". Fikrində haqlı idi. Sinifimizdə Leyla adlı qızın şeir deməyi möhtəşəm idi. Onun yanında deyə bilməzdim ki, daha yaxşı şeir deyə bilirəm. 9, 10, 11-ci siniflərdə oxuyanda müntəzəm olaraq məktəbimizdə "Son zəng", "Bilik günü", 8 mart və Novruz bayramı tədbirlərində aparıcılıq edirdim. Hətta bir dəfə bərk xəstələnmişdim, məktəbimizin direktor müavini evimizə gəlmişdi ki, Sənan, “Son zəng” tədbiridir, aparıcı sənsən. Dərslərimi də yaxşı oxumağa çalışırdım. 3 il ard-arda fənn olimpiadalarında qalib olmuşam. 1998, 1999-cu illərdə Yasamal rayonunun ən yaxşı şagirdi adına layiq görülmüşəm. 2000-ci ildə isə ölkə üzrə ən yaxşı şagird müsabiqəsində iştirak etsəm də, mükafatçılar sırasında yer tutmamışam.

- Uzun müddət Şən və Hazırcavablar Klubunun tədbirlərində iştirak etmisiniz. Bu sahəyə marağınız necə yarandı?

- Şən və Hazırcavablar Klubu - KVN ölkədə çox sevilib və sevilir. Sadəcə indi o səviyyədə deyil. Böyük maraqla "Bakılı oğlanların" konsertlərinə gedirdik. Yeri gəlmişkən, Bəhram Bağırzadə indi həm dostumdur, həm də qonşum. Bəhram gözəl məsləhət verən, ideya ilə dolu, "qızıl" insandır. O, həm də idmanı çox sevir, xüsusilə futbolu. O vaxt onların konsertlərinin təsiri ilə məktəbdə “Qara geyimli oğlanlar” adı altında ŞHK-da çıxış etmək üçün komanda yaratmışdıq. Məktəbdən dəstək az olurdu, müəyyən məsələlərdə kömək etmələri üçün xahiş edirdim. Komandanın kapitanı olaraq 1996-cil ildə Azərbaycan çempionatında ¼ finala qədər irəliləyə bildik. Eyni zamanda, qrupun həm ssenaristi, həm də rejissoru idim. Amma bizlə rəqabət aparan məktəblərin komandaları ssenarini pulla yazdırırdılar. Ona görə yer tutmaq çətinlik yaradırdı. "Bakılı oğlanlar"ın hər il aprelin 1-i xüsusi konsert təşkil etməyinə uyğun olaraq, komandamız da məktəbdə 8 mart tarixində ənənəvi çıxışlar keçirirdi. 3 il ard-arda həmin konserti keçirdik. Uşaqları məcbur edirdim, yığırdım başıma ki, davamlı olsun, hər il edək. Bundan əlavə həmin illərdə məktəblilərin “Breyn Rinq” yarışında iştirak etmişəm. Komandamız ölkə kubokunda yarımfinala qədər irəliləmişdi. Uduzanda çox pis olmuşduq. Amma bu təbii ki, məktəbimiz üçün çox böyük uğur sayılırdı.

- Məktəb vaxtı təşkil etdiyiniz tədbirlər gələcək həyatınıza necə təsir etdi?

- Bu tədbirlərin gələcək həyatımda mənə, dostlarıma çox böyük təsiri oldu. Çox sevinirəm ki, elə tədbirlərin, yarışların iştirakçısı olmuşam. Yaşımın az olmasına baxmayaraq, boş fırlanmamışam, çoxlu təcrübə qazanmışam, hazırcavab olmağı öyrənmişəm, böyük insanları tanımışam.

- Orta məktəbdə təşkil etdiyiniz tədbirləri tələbəlik illərinizdə də davam etdirdinizmi?

- 2000-ci ildə orta məktəbi bitirdim və ADMİU-nun Sənətşünaslıq fakültəsinə daxil oldum. Fəaliyyətimi orada da davam etdirdim. Tələbə yoldaşlarımız Qalib Qasımov, Samir Sadıqovla birlikdə öz kursumuzda ilk dəfə divar qəzeti çıxartdıq. Qəzetimizdə universitetlə bağlı lətifələr, xəbərlər, yeniliklərlə bağlı məlumatlar, dünya mədəniyyəti haqqında xəbərlər və karikaturalar yer alırdı. Müəllimlər şokda idi ki, tələbələr karikatura çəkməkdən qorxmurlar. Daha sonra Şən və Hazırcavablar Klubunda iştirak etmək üçün “Adra-Kadabra” adlı komanda yaratdıq. Məşq üçün yer məsələsi problem idi. Komandamızın təmsil etdiyi ADRA-nın rektoru Ömər Eldarovdan kömək istədim. Başqa rektor olsaydı, bəlkə də fərqli rəftar edərdi. Ömər Eldarov isə xahişimi nəzərə aldı və bizə böyük dəstək oldu. Dediklərimdən sonra iclas keçirdi və bizə kömək edilməsi ilə bağlı tapşırıq verdi. İlk ilimizdə Azərbaycan çempionatında 1/8 finala qədər irəlilədik.

- Sənətşünaslığı ailənizin təsiriylə seçmisiniz, yoxsa özünüz istəyərək?

- Ailəm tərəfindən sahə seçimimə məcburiyyət olmayıb. “Əsas odur insan ol və seçdiyin sahədə uğur qazan!” deyirdilər. O vaxtlar "prokuror" olmaq dəbdə idi, hamı hüquq fakültəsinə daxil olmaq istəyirdi, məndə də bu istək var idi. Ancaq sənəd verən zaman Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin Sənətşünaslıq fakültəsinə daxil oldum. İlk vaxtlar narazı idim ki, bura necə düşmüşəm. Bir müddət sonra bu hiss dəyişdi. Universitetdə Qalib və Samirlə tanış oldum və dostlaşdıq. Onlar yaşca böyük idilər, mənə nümunə oldular. Getdikcə də universitetdə rəqabət mühiti yarandı.

İndiki dövrdə iki sahə - Aktyorluq və Jurnalistika digərlərindən fərqlidir. Aktyor səhnədə ürəyi istədiyi rolu (kral, dilənçi, milyarder və.s) oynayır. Jurnalist isə tanınmış insanlarla ünsiyyətdə olur. Jurnalistika bu baxımdan məni çox cəlb edib.

- Universitet illərinizlə bağlı xatirələriniz...

- Universitet illərim də çox maraqlı keçib. Əvvəlcə bakalavr, sonra magistraturanı bitirmişəm, ardınca isə aspiranturaya qəbul olmuşam. 2015-ci ildə isə dissertasiyanı uğurla müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşəm. Hətta işləyə-işləyə belə dərslərdən yayınmamışam. Maraqlı anlardan biri 18 yaşımın olmasına baxmayaraq, iki dəfə məhkəmə ilə hədələnməyim olub. Bir yazı yazmışdım. “168saat” qəzetinin redaktoru Varis müəllim yazını oxuyub, bəyənmişdi. Səhəri gün yazı qəzetin ön səhifəsində - manşetdə dərc olunmuşdu. 3 gün sonra Varis müəllim zəng vurdu ki, səni məhkəməyə vermək istəyirlər, xəbərinə təkzib verməni tələb edirlər. Həmin xəbərdə Xoşbəxtlikdən hər şey yaxşı bitdi. Telman İsmayılovla da maraqlı xatirəmiz olub. Telman İsmayılov universitetdə tənqidi çox sevən müəllimlərdən biri idi. Seminar zamanı bizə təqdim etdiyi rəsm əsəri ilə bağlı rəy yazmağı tapşırmışdı. Rəydə məşhur rəssamlardan biri ilə bağlı tənqidi ifadələr işlətmişdim. Bu, Telman müəllimin çox xoşuna gəlmişdi. “Tənqid, neçə ildi burada tənqid görmürəm” deyərək öz fikrini bildirmişdi. Sevindirici hal oldu, məni təbrik etdi. O müəllimdən “4” almaq qəhrəmanlığa bərabər idi. Çox ciddi yanaşırdı dərslərə. Onun məni tərifləməsinə, rəyimi bəyənməsinə çox sevinmişdim.

- Mətbuata gəlişiniz necə olub?

- Mətbuata gəlişim “Tələbə-Press” qəzeti ilə bağlı olub. 16 yaşım olanda təzə-təzə interneti öyrənirdim. Boş vaxtlarım çox olurdu, şeir yazırdım. Dostlarım dedi ki, şeirlərini qəzetə verək. “Tələbə Press” qəzetinə getdik, Mehbarə Əlizadənin yanına. Redaktor baxdı və adi şeirlər olduğunu bildirdi. Ancaq yazıların varsa, onlara baxa bilərik dedi. Hazırlıqlı getmişdim, bir yazımı göstərdim, çox bəyəndilər. Gənclər sahəsində yazmağa başladım.

- İdman sahəsinə keçidiniz necə oldu?

- “Tələbə-Press” qəzetində işləyərkən məvacib almırdım. Tələbə idim, evə də yük olmaq istəmirdim. Ona görə başqa qəzetlərə yazı üçün müraciət etdim. “168 saat” qəzetindən təklif gəldi. Redaktor Varis bəy çağırdı və ilk qonararımı həmin qəzetdə işləyərək aldım (o dövrün pulu ilə 20000 manat- 2 Şirvan). Sonra isə aylıq maaş ayrıldı ( 120000 manat -12 Şirvan). Qəzet həftədə iki dəfə çıxırdı və səhifə yarım yazı verirdim. Yazılarım sosial, gənclərlə bağlı idi. Sonra isə müəyyən məsələlərə görə “168 saat” bağlandı və Varis bəy “Futbol proqnoz” qəzetini açdı. Məni də ora dəvət etdi. Futbolun mənlik olmadığını bildirdim, imtina etdim. Dedi ki, gəl, futbol olmasın digər idman növlərindən yaz. Olimpiya idman növləriylə bağlı yazılar yazmağa başladım, idman sahəsindəki məşhur insanlarla da tanışlığım həmin dövrə təsadüf etdi. Varis bəy mənə çox böyük dəstək olub, üzərimdə böyük əməyi var, hələ də onunla görüşürük, dostluğumuz davam edir. Eyni zamanda, Rusiyada böyük tirajla nəşr olunan “Sovetski sport” qəzeti ilə də əməkdaşlıq edirdim. Bir növ xəbər alış-verişi edirdik, yazılarım orada da dərc olunurdu.

- Uğurlarınızın əksəriyyəti ATV kanalı ilə bağlıdır. Televiziyaya gəlişiniz necə oldu?

- Özümü televiziyada görmək arzum idi. 2003-cü ildə Rəşad Rafiqoğlu məni ATV televiziyasına dəvət etdi ki, müsabiqə var, gəl, özünü sına. Rəşadla voleybol yarışları zaman tanış olmuşdum, yaxın dost idik. Təklifini qəbul etdim. 8 ay idman jurnalisti kimi təcrübə keçəndən sonra ştata düşdüm. Kanalda o vaxt bizə demişdilər ki, idman xəbərlərində futbola üstünlük verilsin. Futbola maraq böyük idi, bizə də bu istiqamətdə daha çox xəbər hazırlamağımız tapşırılmışdı. Tədricən televiziya işini öyrəndim, futbolla bağlı çoxlu tənqidi yazılarım çıxdı, idman sahəsini mənimsəməyə başladım. Televiziyada belə bir qayda var idi: gələn jurnalist həm də aparıcı kimi fəaliyyət göstərməlidir. Məni aparıcı kimi sınadılar və ilk dəfə olaraq 18 yaşımda, 2004-cü il sentyabr ayının 27-sində efirə çıxdım. 1 il müddətinə səhər efirinə çıxdım, ardınca isə axşam efirində idman xəbərlərini aparmağa başladım. TV-yə yeni gəldiyim illərdə həmkarlarımın dəstəyi böyük idi. Efirə çıxmağımda Rəşad Rafiqoğlunun, işə götürülməyimdə İnqilab Məmmədovun, Etibar Məmmədovun, həmkarım İlkin Xəlilovun çox böyük rolu olub. İnqilab müəllimin qara rəngli kitabçası var idi, işlə bağlı səhvləri qeyd edirdi. Səhər iclasında da səhv edənləri sərt şəkildə danlayırdı. Təzə vaxtlar arada bir texniki səhvlərim olurdu. Yadımdadır, ştatda olduğum 4-cü ay idi. İnqilab müəllim məni tənqid edərək bildirdi ki, alınmırsa, bilək də, bu oğlanı yola salaq, bu qədər olmaz. Mən də öz növbəmdə həmin tənqidlərdən nəticə götürdüm, başa düşdüm ki, bunun mənə çox köməyi var. Onu da qeyd edim ki, həmin illərdə televiziya ilə yanaşı “Azərisport” saytı ilə də paralel şəkildə əməkdaşlıq edirdim. Mütəmadi olaraq “ATV Sport”, futbol üzrə son 4 dünya, Avropa çempionatı ilə bağlı “Mundial” verilişlərində aparıcı olmuşam. Son illərdə isə gimnastikaya həsr olunan "İdman gimnastikadan başlayır" adlı layihə hazırlayırıq.

- Televiziyada işləməyinizi, ilk dəfə efirə çıxmağınızı ailəniz necə qarşıladı?

- Televiziyaya gedəndə ailədən heç kəsə deməmişdim, bəlkə alınmadı deyə. Efirdə səsim gedə-gedə atamla evdə oturub süjetlərə baxırdıq. Amma bilmirdi ki, həmin süjeti səsləndirəm mənəm. Efirə çıxdığım 3-cü günü anama, bir neçə gün sonra isə atama hər şeyi dedim. Çox müsbət qarşıladılar, sevindilər.

- Televiziya ilə yanaşı müxtəlif tədbirlərdə aparıcılıq edirsiniz. Necə oldu ki, belə tədbirlərə dəvət olundunuz?

- İlk dəfə aparıcı kimi futboldan başlamışam. Sonralar güləş və cüdo üzrə Azərbaycan çempionatlarında aparıcılıq etmişəm. 2007-ci ildə AFFA-nın Gəncədə təşkil etdiyi “Top festivalı”nda aparıcı oldum. Oradakı işim çox bəyənildi və məni futbol üzrə ölkə kubokunun finalını aparmağa dəvət etdilər, “Xəzər Lənkəran” – “İnter” matçını. Həmin oyunda stadionda 30 minə yaxın azarkeş var idi. Bu da mənim üçün fantastik göstərici idi, sevincimin həddi-hüdudu yox idi. Daha sonra milli komandanın oyunları eləcə də müxtəlif idman tədbirlərinin aparıcısı oldum. Ümumilikdə 18 idman növü üzrə müxtəlif idman yarışlarında aparıcı olmuşam. Futbol, gimnastika, boks, K-1, MMA, basketbol, çimərlik futbolu, futzal, cüdo, karate, güləş, qaydasız döyüş, şahmat və digər idman yarışlarında, hətta bir müddət idmandan kənar sahələrdə də - BAKUTEL sərgisində, müxtəlif təqdimatlarda aparıcılıq etmişəm. Hazırda milli komandanın oyunları və Azərbaycan çempionu, Çempionlar Liqasına vəsiqə qazanan yeganə klubumuz "Qarabağ"ın avrokuboklar zamanı ev oyunlarında stadionda səsimi eşitmək mümkündür.

- Tanınmaq, məşhurlaşmaq necə hissdir?

- Tanınmağa, məşhurlaşmağa çox meylli insan olmamışam. Səbəbi isə, rahatlığı sevməyimdir. İşə belə çox vaxt piyada gedib-gəlirəm və bundan zövq alıram.

- Qeyd etdiniz ki, işə də çox vaxt piyada gedib-gəlirsiniz. Bu nə ilə bağlıdır?

- (Gülür) Ümumiyyətlə gəzməyi çox xoşlayıram. Evdən iş yerimə məsafə çox yaxındır. Buna görə də piyada getməyə üstünlük verirəm. Yaxşı dostlarım çoxdu, lazım olanda onların avtomobili ilə müəyyən yerlərə gedirik, çox sağolsunlar.

- Karyeranızda hansı uğurunuz, işiniz dönüş nöqtəsi oldu?

- Artıq 16 ilə yaxındır ki, ATV televiziyasında çalışıram. Uğurlarımın əksəriyyəti bura ilə bağlıdır. Dönüş nöqtəsi gözəl insanların dəstəyi ilə ATV televiziyasında çalışmağımı deyə bilərəm. ATVxəbər-də gözəl kollektivimiz var, hamı bir-birinə dəstək olur. Vahid komanda kimi çalışırıq. "ATVxəbər"in baş redaktoru Vaqif Mustafayev demişkən, hamı eyni hədəfə vurur.

- Özünüzü şanslı insan hesab edirsinizmi?

- Şans necə olur bilmirəm, amma özümü şanslı saya bilərəm. İşini sevən insan şanslıdır. Mənə həmişə belə gəlib ki, yaxşı müxbiri yaxşı xəbər də axtarır, yanında olur. Çox sevinirəm ki, bir çox məşhur idmançılarla tanış olub, eksküliziv müsahibələr almışam. Bunlar arasında Bülənt Korkmaz, Robert Prosineçki, Dieqo Simeone, Feliks Maqat, Arda Turan, Falkao, Roberto Karlos, David Trezege, Fatih Terim, Formula 1-dən Fernando Alonso, şahmat üzrə dünya çempionu Maqnus Karlsen, MMA-ın canlı əfsanəsi Fyodr Yemelyanenko, K-1-in lider döyüşçülərindən sayılan Buakav Bençamek və s. məşhur idmançılar var. Hətta bir yaddaqalan hadisəni danışım. İtaliya millisi Azərbaycana gələndə qonaqların hər addımını izləmişəm. O vaxt İtaliya yığmasının ölkəmizə gəlməsi böyük hadisə idi. Təsəvvür edin, Del Pyero ilə bir liftdə minməyimə baxmayaraq dil bilmədiyim üçün onunla danışa bilməmişdim, əvəzində isə çoxlu şəkillər çəkdirmişdim. Evə gəlib aparata baxanda isə gördüm ki, şəkillərin hamısı yanıb...

- Hansı futbol klubuna və millisinə azarkeşlik edirsiniz?

- Azərbaycan milli komandasına və xaricdə ölkəmizi təmsil edən klublarımıza azarkeşlik edirəm, təbii ki burada “Qarabağ”ın yerini xüsusi qeyd etmək lazımdır. “Qarabağ”ın uğurlarının canlı şahidi olmuşam. Bu komanda Azərbaycanda“dəmir intizam və peşəkar klub” modeli yaradıb. Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanaraq ölkə futbolunda tarix yazıb. Bu uğurun qazanılmasında isə baş məşqçi Qurban Qurbanovun xüsusi payı var. Səhv etmirəmsə 11-ci ildir ki, “Qarabağ”ı çalışdırır və dəfələrlə Azərbaycanın ən yaxşı məşqçisi seçilib. Dünyada isə əvvəl qeyd etdiyim kimi, uşaqlıqdan İtaliya millisinə azarkeşlik edirəm.

- Milli komandamızın futbolçularının əksəriyyəti ölkəmizin klublarında çıxış edir. Niyə xaricdən futbolçularımıza dəvət gəlmir, ya da özləri getmirlər?

- Azərbaycanda futbolçu rəqabəti yoxdur, yaxşı futbolçu azdır. Buna da əsas səbəb ölkədə uşaq futboluna diqqətin yetərincə olmamasıdır. Açıq desək, klublarımız qısa müddətdə uğur qazanmaq istəyirlər. Buna görə də uşaq futbolunun inkişafına, gənc futbolçuların yetişdirilməsinə vaxt, maliyyə ayırmırlar. Bütün bunların nəticəsidir ki, Azərbaycan futbolçusuna xaricdə tələb yoxdur. Ona görə də təkliflər gəlmir, nə də burdan getmək istəyən yoxdur.

- Ölkəmizdə futbola maraq çox böyükdür, xarici futbol çempionatlarını da izləyən çoxdur. Niyə futbol azarkeşlərinin çoxu oyunlara öz televiziyalarımızda yayımlana-yayımlana xarici kanallarda baxmağa üstünlük verir, şərhçilərimiz isə çox tənqid olunurlar?

- Azərbaycanlıların çoxu həm türk, həm də rus dillərini bilir. Ona görə hər hansı matça baxarkən seçim imkanı çoxalır. Xarici televiziya kanallarından istifadə etmək səbəblərimizdən biri budur. Şərhçilərimizlə bağlı onu deyim ki, Azərbaycanda hazırda iki idman kanalı fəaliyyət göstərir və hər iki televiziyada da bacarıqlı, peşəkar şərhçilər fəaliyyət göstərir. Sadəcə olaraq Azərbaycanda şərhçinin adi bir səhvini çox şişirdirlər. Hamı səhv edə bilər, onu böyütmək lazım deyil. Nəzərə alaq ki, ölkəmizdə şərhçilik məktəbi təzə-təzə yaranır. Bu da təbii ki, çox çətindir. Ona görə vaxt lazımdır. Ancaq onu da qeyd edim ki, çox vacib oyunları cavanlara yox, təcrübəli şərhçilərə etibar etmək lazımdır. Başa düşürəm, cavanlar öyrənməlidir, amma xüsusi oyunlarda risk etmək olmaz.

- Xarici çempionatların oyunlarına baxanda müxtəlif – yaşlı, uşaq azarkeşlərin iştirak etdiyini görürük. Bizdə bu azarkeş çeşidliyi niyə yoxdur?

- Azərbaycanda azarkeş məktəbi də indi-indi formalaşır. Bu məktəbin nümayəndələri çox cavandırlar. Stadionlara baxanda görürük ki, azarkeşlərin yaş ortalaması təqribi 25-dir, əksəriyyəti tələbə, məktəblidir. Onlar da evləndikdən sonra ailə qayğıları artır, futbola baxmağa vaxt çatmır, azarkeşlik yaddan çıxır, ikinci, üçüncü plana keçir. Qayğılı insanın da dərdinin unudub rahat şəkildə futbola baxa bilməsi mümkün deyil. Bir məsələ də var ki, ölkəmizdə azarkeş qrupları fəaliyyət göstərir. Eyni zamanda onlara kənardan maliyyə dəstəyi olmalıdır ki, müstəqil fəaliyyət göstərsinlər. Təklifim budur ki, azarkeşlər təkmilləşin, konkret qərargahları olsun, daha yaxşı fəaliyyət göstərsinlər. Ofis tutub daima ora gəlib-getsinlər, müzakirələr aparsınlar, şüarlar, mahnılar üzərində çalışsınlar. Güclü azarkeş qrupları var, onlarsız futbol matçları maraqsız olar. Amma kütləvi surətdə azarkeşlik yoxdur. Heç kəs məndən inciməsin bizdə futbol deyəndə, oyundan iki saat əvvəl stadionun qabağına gəlib, bileti alıb matça baxmaq nəzərdə tutulur, belə olmamalıdır. Yaşlı azarkeşlərin sözləri dinlənilməli, azarkeş klubları arasında birlik olmalı, xarici ölkələrin azarkeş qruplarının fəaliyyətindən yararlanılmalıdır. Yalnız bu halda problem aradan qalxmağa başlaya bilər.

- Hansı matçı şərh etmək istəyərdiniz?

- İstəyərdim ki, Azərbaycan milli komandası Avropa çempionatında iştirak etsin, İtaliya və yaxud Hollandiya ilə rəqib olsun. Həmin matçı şərh etmək istəyərdim, arzumdur belə bir oyunu aparmaq.

- Başınıza gələn ən maraqlı, yaddaqalan hadisələr...

-Yaddaqalan hadisələr çox olub. Bunlardan biri də Mahir Mədətovun yeganə qolu ilə qələbə qazandığımız “Qarabağ” – “Kopenhagen” oyununda oldu. Belə ki, top rəqib qapıdan tora daxil oldu, 30 saniyə keçib artıq qolu elan etmək istəyirəm, amma səsim gəlmir. Azarkeşlərin sevindiyini də görürəm, qışqırıram səsim yenə də gəlmir. Elə bildim mikrofon xarab olub, texniki işçilərdən biri bildirdi ki, hər şey qaydasındadır, sən danış. Deməli 30 mindən çox azarkeşin gur səsi mikrafonu belə eşitməz hala gətirib. Belə maraqlı hadisələrdən biri də “İnter “ – MİKA matçında yaşanıb. Azərbaycan çempionu “İnter” klubu “Birlik kuboku”nda çıxış edən zaman ¼ finalda Ermənistan komandası “MİKA” ilə düşdü. Mən də şərhçiyəm. Sankt-Peterburqdan birbaşa yayım edirdik, eksklüziv yayım ATV-yə məxsus idi. Həmin oyunun təkrarına baxanda həmişə həyəcanlı anlar yadıma düşür. Ermənilərlə matçda bütün Azərbaycanın diqqəti bizim efirdə idi. "İnter" həmin oyunda parlaq qələbə qazandı. Bir neçə il əvvəl İspaniya Super Kuboku ATV-də yayımlanırdı. Elnur Əşrəfoğlunun sayəsində biz "Real Madrid" - "Barselona" matçını göstərdik. Oyunu birgə Bakıdakı studiyadan şərh edirdik. 35-ci dəqiqədə görüntü itdi, 1-2 dəqiqə oyunu görə bilmədik. Bu vaxt Elnur rahat danışırdı, sanki heç nə olmayıb və mənə də işarə verdi ki, danış tamaşaçı bunu hiss etməməlidir.

Əhvalatlar çox olub. Beş il əvvəl Bakıda Taekvando çempionatının açılış mərasimində aparıcı idim. Həmin günün səhəri Gəncədəyəm, Bakıya təyyarə bileti almışam, hər şey hazırdı. Oteldə rahatca hazırlaşdım, getdim aeraporta. Bir də öyrəndim ki, təyyarəm artıq havadadı, 1 saat gecikmişəm. Ömrümdə bir dəfə belə gecikməyim olub. İnana bilmirəm ki, necə olub axı bu. Təcili taksi tutdum, çətinliklə Bakıya gəldim, tədbirin başlamağına 5-10 dəqiqə qalmış arenaya çatdım, heç kəs hiss etmədi, hər şey yaxşı qurtardı.

- İşlərinizin çoxluğuna baxmayaraq ailənizə vaxt ayıra bilirsinizmi?

- 2 yaş yarımlıq, Nadir adlı bir oğlum var. Açığı ailəmə çox vaxt ayıra bilmirəm. Problem ondadır ki, həftə sonları əksər yerlərdə iş olmur, idman sahəsində isə əsas işlər elə 6-7-ci günlər olur, yarışların əksəriyyəti həmin günlərdə keçirilir. Amma artıq söz vermişəm ki, həftədə bir, ya da iki gün övladımla birlikdə olmalıyam.

- Övladınız sizi televizorda görəndə necə reaksiya verir?

- İlk dəfə məni televizorda görəndə ata, ata deyib gedib televizoru qucaqlayıb. Sonra gedib televizorun arxasına baxıb ki, ata orda yoxdu ( gülür ). Bir dəfə bir idman verilişində qonaq oldum, canlı deyildi. Axşam evdə oturmuşduq, televizorda məni göstərəndə uşaq qəribə oldu ki, orda da ata, evdə də ata, bu necə olur (gülür ).

- Bu mövsümdən etibarən futbolda VAR ( Videotəkrar ) sistemi tətbiq olunur. Sizcə bu sistem futbolun həyacanına, maraqlılığına təsir edirmi?

- Videotəkrar sistemi müxtəlif idman növlərində, o cümlədən bu mövsümdən etibarən futbolda tətbiq olunmağa başlayıb. Bu sistem futbolun müəyyən ləzzətini öldürür, çünki futbol emosiaların çox olduğu oyundur. Hakim vaxtı saxlayır, gedib təkrara baxır, həmin ərəfədə həyəcan, dinamika, sürət ölür. Amma problemli qərarların, şübhələrin, ədalətsizliyin aradan qalxması üçün əla sistemdir.

- “Neftçi”nin əfsanəvi futbolçusu İsgəndər Cavadovla bağlı kitabınız çıxıb...

- Azərbaycan futbolunun canlı əfsanəsi İsgəndər Cavadovla bağlı kitab yazmaq ideyası yaxın dostları tərəfindən səsləndirildi. Yubileyə 4 ay qalmış kitab üzərində işə başladıq. Arxivlərdə olan fotoları, dostlarının onun haqqında fikirlərini topladım. Kitabın redaktoru Mahir Rüstəmliylə birlikdə maraqlı layihəni reallaşdırmağa çalışdıq. Bu kitab mənim üçün böyük məsuliyyət idi. Düzünü deyim ki, Cavadovla bağlı bəzi maraqlı faktları nəşrdən əvvəl çıxartdım. Onu qismət olarsa növbəti kitaba saxlamışam. İsgəndər Cavadov çox maraqlı insan, futbolçudur. Həyatında çoxlu sayda dönüş anları yaşanıb. İndi kitabın rus versiyası hazırlanır, yaxın aylarda çap olunacaq.

- Son olaraq Metbuat.az-a ürək sözləriniz...

- İndiki dövrdə xəbər bazarına girmək çox çətindir. Metbuat.az qısa zaman ərzində bunu bacaran saytlardandır. Arzulayıram ki, hər zaman reytinqlərdə öndə olasınız. Uğurlarınızın davamı gəlsin, maraqlı müsahibələriniz çox olsun.

Sərdar Məmmədov

FOTO: İdrak Mustafayev

Erməni idmançı məşqçisinə "vuruşa bilmirəm, gəl, özün vuruş!" deyə qışqırdı - Eduard Məmmədovla MÜSAHİBƏ

İki ermənini məğlub edən 10 yaşlı AZƏRBAYCANLI qız - MÜSAHİBƏ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı