Erməni idmançı məşqçisinə "vuruşa bilmirəm, gəl, özün vuruş!" deyə qışqırdı - Eduard Məmmədovla MÜSAHİBƏ / FOTOLAR

Metbuat.az saytında "Sərdarla İDMAN VAXTI" layihəsinin növbəti müsahibi Kikboksinq üzrə əməkdar idman ustası, əməkdar məşqçi, 23 qat dünya, 7 qat Avropa çempionu, polis polkovnik-leytenantı Eduard Məmmədovdur.

Həmin maraqlı müsahibəni təqdim edirik:

- Ölkəmizdə ən titullu idmançılardansınız. Sizi daha yaxından tanıyaq...

- 1978-ci ildə Bakı şəhərində anadan olmuşam. Ailədə tək övladam, uşaqlıqdan idmana həvəsim olub. Ailəm isə ali təhsil almağımı istəyirdi. Çünki fiziki baxımdan çox zəif idim. 6 yaşında orta məktəbə getmişəm, dərslərimi çox yaxşı oxumuşam.

- İdmana marağınız necə yaranıb?

- İdman çətin sahə olduğundan ailəm idmançı olmağımı yox, oxumağımı istəyirdi. Düzdür, oxumaq öz yerində, ancaq idmana həvəsim çox böyük idi. Bütün günü ancaq idman fikirləşirdim. Bir növ kinolara baxaraq gəlmişəm idmana. Jan Klod Van Damm, Brüs Linin kinolarına baxıb, onları izləyib idmanla məşğul olurdum. Sonradan başa düşdüm ki, onlar adi bir aktyordurlar. Hazırda öz tələbələrimə də deyirəm ki, özünüzə doğru kumir seçin, aktyorlardan yox.

- Məktəb illərinizlə bağlı hansı xatirələriniz var?

- Məktəbə bir il tez-6 yaşımda getmişəm. Fiziki baxımdan çox zəif idim, davakar deyildim. Döyüldüyüm vaxtlar da olub. Belə ki, sinifdə öz güclərini göstərmək istəyən uşaqlar var idi. Hiss edirdim ki, məndən güclü olanlar da var aralarında. Onda özümə dedim ki, mən də gedib hazırlaşım bunlar kimi güclü olum və hamısını döyüm. Amma başa düşmürdüm ki, onlar məndən yaşca böyükdürlər. İdmana gedəndən sonra anladım ki, heç kimi vurmaq olmaz. İdmançı öz gücünü ancaq rinqdə göstərməlidir.

- Ailənizin istəyinə baxmayaraq idman sahəsini seçdiniz. Dərslərinizlə necə məşğul olurdunuz bəs?

- Məktəbdə dərslərimi çox yaxşı oxumuşam. Bunu həmişə tələbələrimə də deyirəm ki, idman öz yerində, ancaq təhsil çox önəmlidir. Uşaqlıqdan dərslərini oxumayan idmançıda həmişə nəsə boşluq olur, nəsə çatmır. Savadlı idmançı təkcə fiziki güc hesabına deyil, ağıl gücü ilə də döyüşür. Özüm də buna əməl etmişəm, təhsilimə çox ciddi yanaşmışam. Bunun bariz nəticəsi kimi, 1999-2004- cü illərdə İdman Akademiyasında, 2004-2008-ci illərdə Polis Akademiyasında təhsil almışam. Eyni zamanda, Polis Akademiyası nəzdində İdarəetmə və ixtisasartırmanı oxumuşam. Təhsilimin nəticəsi olaraq da hazırda Daxili İşlər Nazirliyində işləyirəm.


- Peşəkar şəkildə idmana gəlişiniz necə oldu?

- İdmana marağım böyük idi. Ona görə özümü bir çox idman növlərində sınayırdım. Bir müddət üzgüçülüyə, futbola, karateyə getdim. Ancaq özümü tuta bilmirdim. Görürdüm ki, nəsə çatmır. 1990-ci ildən kikboksla məşğul olmağa başladım və özümü bu idman növündə tapdım. Əməkdar məşqçi Çingiz Eyvazovla tanış olandan sonra isə peşəkar şəkildə kikboksla məşğul olmağa başladım. Çingiz Eyvazov həm məşqçim, həm yaxın dostum, həm də böyüyümdür. Həyatımda Çingiz müəllimin çox böyük rolu olub. Neçə illərdir bütün yarışlara çiyin-çiyinə hazırlaşırıq. Həm məşqçi, həm də dost kimi tələbələrinə dəyər verir, bizi yarışlara yüksək motivasiya ilə hazırlaşdırır.

Kikboksinq idman növü 1970-ci ildə Amerikada yaranıb. Qısa müddət ərzində dünyada tanınıb. Azərbaycana isə bu idman növü gec gəlib. 1995-ci ildə Azərbaycanda Kikboksinq Federasiyası yaranıb. Gec gəlməsinə baxmayaraq ölkəmizdə bu idman növü geniş yayılıb. Kikboksinq Federasiyanın prezidenti, Millət vəkili Adil Əliyev, vitse-prezident Güloğlan Cabbarov federasiya yarandığı ildən bəri idmançılara çox böyük diqqət və qayğı göstərirlər. Bu insanların federasiyanın inkişafında böyük rolları var. Federasiyamız bu yaxınlarda Milli Olimpiya Komitəsinin üzvü oldu. 2014-cü ildə ola bilsin idmançı kimi sizləri sevindirə bilməsəm də, məşqki kimi həmin yarışdan ölkəmizə Olimpiya çempionu qazandıracam.

- Saysız-hesabsız yarışlarda iştirak etmisiniz, uğurlar qazanmısınız. Bu nailiyyətləriniz barəsində danışaq...

- Kikboks üzrə 23 dəfə dünya (IKBO, WAKO, World Profi və IAKSA növləri üzrə ), 7 dəfə avropa çempionu (WAKO, World Profi and IAKSA növləri üzrə), 15 dəfə isə Azərbaycan çempionu olmuşam.

1997-ci ildə Azərbaycan Respublikası, 1999-cu ildə isə beynəlxalq idman ustası adını almışam.

2007-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin fərmanı ilə "Vətən uğrunda" medalı ilə mükafatlandırılmışam. 2013-cü ildə Azərbaycan Respublikasının əməkdar məşqçisi adına layiq görülmüşəm.

- Ən yaddaqalan döyüşünüz hansı olub?

- Ümumiyyətlə asan döyüş yoxdur. Hər bir döyüşə ən azı psixoloji baxımdan da yüksək səviyyədə hazırlaşmaq lazımdır. Mənim üçün hamısı çətin, yaddaqalan olub. Bir dəfə çempion olmaq olar, ancaq həmin titulu saxlamaq çox çətindir. Əsas odu öz üzərində işləyəsən.

Bu döyüşlər arasında 2000-ci ildə Yunanıstanda və 2009-cu ildə İtaliyada keçirilən dünya çempionatlarının xüsusi yeri var. 2000-ci ildə Yunanıstanda yarımfinal döyüşündə "Lo Kontakt" növü üzrə erməni idmançı ilə qarşılaşdım və 15 saniyəyə onu nokauta salaraq qalib gəldim. Bu ən tez qeydə alınan qələbə idi. Döyüş başlayan kimi rəqibin üstünə yeridim, iki-üç ardıcıl zərbə endirdim. Rəqib yerə yıxıldı, ayağa dura bilmirdi. Artıq məşqçisi kənardan qışqırırdı ki, "dur, vuruş!, erməni idmançı isə məşqçisinə "vuruşa bilmirəm, gəl, özün vuruş!"-deyə cavab qaytardı. Qalib elan olunduğum vaxt, rəqib hələ də dizləri üstündə oturmuşdu. Həmin vəziyyətdə dərhal üçrəngli bayrağımızı götürdüm və havada dalğalandırdım. Bütün dünyaya göstərdim ki, Azərbaycan idmançıları çox güclüdürlər.

2009-cu ildə İtaliyada keçirilən Dünya çempionatında erməni Zurab Farayanla qarşılaşdım. Çox güclü idmançı idi. Final döyüşündə "Ful kontakt"da, onun növündə Farayanı məğlub etdim.

- "Ağ canavar" ləqəbi ilə məşhursunuz. Necə oldu ki, bu ləqəblə tanındınız?

- 2000-ci ildə ANS kuboku uğrunda yarış keçirilirdi. O yarışda ən güclü idmançılarla döyüşdüm: Anar Lallayev, Etibar Məmmədov və "Qara bəbir" ləqəbli Araz Musayev. Yarış 63,5 kiloqrama qədər çəkili idmançılar arasında keçirilirdi. 57 kiloqram olmağıma baxmayaraq özümdən 6 kiloqram ağır idmançılarla döyüşməli oldum. Döyüşdən əvvəl məşqçim Çingiz Eyvazov mənə dedi ki, sən "Canavar"san. Özüdə "Ağ canavar". Əvvəllərdə həmişə mənə "canavar" deyirdi. Niyə "Ağ canavar" deyə sual verdim. Dedi ki, sən yeksən, güclü olacaqsan, həm də bu yarışda qalib gələcəksən, ağla qara bilinməlidir. Belə oldu ki, yarışda finala qədər irəlilədim və son döyüşüm "Qara bəbir" ləqəbli Araz Musayevlə oldu. "Ağ canavar" "Qara bəbir"ə qalib gəldi. Ondan sonra hamı məni "Ağ canavar" ləqəbi ilə tanıdı. Bu ləqəb mənə çox düşərli oldu.

- İndi həm idmançı, həm də məşqçi kimi fəaliyyət göstərirsiniz. Eyni zamanda, DİN-nin işçisisiniz. Bütün bu işləri görmək çətin deyil?

- Hər bir sahənin öz çətinliyi var. Çalışıram bütün işlərimi vaxtında planlayım. 40 yaşım olmağına baxmayaraq hələ də vuruşuram, döyüşürəm. Nə qədər ki, sağlamam, gücüm yerindədir, döyüşməyə davam edəcəm. Məşqçi kimi də fəaliyyət göstərirəm, uğurlar qazanmağa çalışıram. 2013-cü ildə Azərbaycan Respublikasının əməkdar məşqçisi adına layiq görülmüşəm. Hazırda Tofiq Bəhramov və Olimpiya stationlarında bizim federasiyanın zalları var. "Ağ canavar", "Euro Fight" adlı klublarımız və "ZV Fight" akademiyamız var. Bunların hamısında həm tələbələrimə məşq keçirəm, həm də döyüşlərimə hazırlaşıram.

- Tələbələrinizi seçərkən hansı amillərə diqqət edirsiniz?

- Mənim üçün savad çox önəmlidir. Savadlı olmaq hər bir idmançı üçün vacibdir. Ağıllı idmançını udmaq çox çətindir. Tələbələrimdən iki şey tələb edirəm: Ağıllı olmaq və idmanla ciddi məşğul olmaq. Həmişə tələbələrimlə maraqlanıram ki, dərslərini necə oxuyurlar. Bəzən məşqdə bir-iki hərəkət göstərirəm. Görürəm tez götürə bilmir. Onda başa düşürəm ki, dərslərini yaxşı oxumur. Bir var yaddaşı yaxşıdı, ancaq tənbəldir. Belə idmançı ilə işləmək asandır. Elə idmançı da var ki, talantdır. Tez bir zamanda uğur qazanır, çempion olur, bir müddət sonra sönür. Heç vaxt belə uşaqlara üstünlük vermirəm. Mənə zəhmətkeş, öz üzərində daim işləyən idmançı lazımdır.

- Bəzi uşaqlar idmana başlayan kimi öz güclərini ətrafdakılara göstərməyə çalışırlar, tez-tez dalaşırlar. Tələbələrinizə bu hissin yalnış olduğunu necə aşılayırsınız?

- Məşqçidən çox şey asılıdır. Müəllim tələbələrini həm fiziki, həm də psixoloji baxımdan tam hazırlamalıdır. Bu hazırlıqdan sonra tələbə gedib dalaşırsa, burada artıq problem müəllimdədir. Öz tələbələrimlə bağlı elə bir hadisə eşitməmişəm, hansısa idmançının elə hərəkət etməsi mənə çatmır.

"Hər idmanla məşğul olan çempion olmaz" - deyə bir anlayış yoxdur. İdmançı ən əsası sağlam, güclü olacaq, mənfi hərəktələrdən uzaq olacaq, əsgərə getdiyində də vətəninə lazımınca xidmət edəcək.

- Məşqçi kimi tələbələrinizlə hansı uğurlar əldə etmisiniz?

- İstedadlı tələbələrim çoxdur. Çalışıram bütün bildiklərimi onlara öyrədim. Davamçılarım da var: Anar Məmmədov - WAKO, K 1 versiyaları üzrə gənclər arasında dünya çempionu, Şahverdiyev Qiyaste - dəfələrlə ölkə çempionu, dünya və Avropa çempionatlarının mükafatçısı, Zaur Məmmədov - WAKO versiyası üzrə dünya çempionu.

Ən bacarıqlı tələbələrimdən biri də Amin Quliyevdir. O, 3 ildir mənim yanımdadır və il yarım olar ki, ləqəbimi - "Ağ canavar"ı ona vermişəm. Ona görə ki, xarakteri mənə oxşayır və mənim kimi döyüşür. Döyüşmək olar, ancaq gözəl texnika göstərmək hər idmançıya nəsib olmur. Amin 3 dəfə ölkə çempionu, dəfələrlə beynəlxalq turnirlərin mükafatçısı olub. Ən böyük uğuru isə İtaliyanın Cesela şəhərində keçirilən dünya çempionatında qeydə alınıb. Çempionata qatılanda bir az narahat idim. Çünki Aminin 13 yaşı vardı. Turnirdə özündən yaş və çəki baxımdan böyük olan idmançılarla düşmüşdü. Amin 5 ağır döyüş keçirdi, erməni, macar, fransız idmançılarını uddu. Erməni idmançı ilə möhtəşəm döyüş keçirdi. Döyüşdən əvvəl ona dedim ki, 16 il bundan əvvəl (2002-ci ildə) indiki yerdə erməni idmançını məğlub edərək Avropa çempionu olmuşam. İndi sən də erməni idmançını məğlub edərək dünya çempionu ola bilərsən. Tarix yenidən təkrarlandı və Amin qələbə qazandı. 13 yaşında Azərbaycanda kikboks üzrə ən gənc dünya çempionu adına layiq görüldü.

- Boş vaxtlarınızda nə edirsiniz?

- Açığı desəm, boş vaxtım demək olar ki, olmur. İşlərin çoxluğu buna imkan vermir.

- Mediada haqqınızda yayılan ən maraqlı xəbər hansı olub?

- Jurnalistlərlə aramız çox yaxşıdır. Maraqlı xəbərlər çox olub, indi tam xatırlaya bilmirəm. Sağ olsunlar, uğurlarımı daim paylaşıblar.

- İllərin təcrübəli idmançısı və məşqçisi olaraq gənclərə nələri tövsiyə edərdiniz?

- Mənim üçün vətənpərvərlik çox önəmlidir. Yarışlara gedəndə həmişə 3-4 dənə bayraq aparırıq. Birini qalacağımız binanın balkonuna asırıq ki, hamı burada Azərbaycan idmançılarının qaldığını görsün. Birini çıxış edəcəyimiz zala asırıq, birini də qələbə qazananda dalğalandırırıq. İstəyirəm ki, gənclərimiz "patriot" olsunlar, vətənini sevsinlər. Lazım gəldikdə isə torpaqlarımızı azad etmək üçün hazır vəziyyətdə olsunlar. Gənclərimizdə artıq bu hislər çox formalaşıb. Vaxt var idi ki, yarışlardan erməni idmançını məğlub edib gələndə tələbələrim onu necə məğlub etdiyimi soruşur, danışdıqlarıma çox diqqətlə qulaq asırdılar. İndi isə özləri deyirlər ki, erməni ilə qarşılaşacağıqmı, udmaq, əzmək istəyirik onları. Görürəm ki, vətən sevgisi - o ruh var artıq gənclərimizdə. Vətənə xidmət, sevgi mütləq olmalıdır.

Həm "İnstagram"da, həm "Facebook"da mənə gənclər müxtəlif suallar verirlər. Daim çalışıram ki, bütün sualları cavablandırım. Onlara dəstək olum.

- Son olaraq oxucularımıza nə demək istərdiniz?

- Azərbaycanda idmana yüksək dəstək və qayğı göstərdiyinə görə Prezident İlham Əliyevə, I vitse-prezident Mehriban Əliyevaya, Gənclər və idman naziri Azad Rəhimova, Kikboksinq Federasiyanın prezidenti, Millət vəkili Adil Əliyevə, federasiyanın vitse-prezidenti Güloğlan Cabbarova, "Euro Fight" klubunun prezidenti Aydın Əhmədova, direktor Ruslan Quliyevə təşəkkür edirəm. Metbuat.az-a minnətdarlığımı bildirirəm. Nə yaxşı ki, idmançılara dəstək olur, onların nailiyyətlərini işıqlandırırsınız.

Sərdar Məmmədov / Metbuat.az

FOTO: Müzəffər İsmayılov

İki ermənini məğlub edən 10 yaşlı AZƏRBAYCANLI qız - MÜSAHİBƏ / FOTOLAR - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı