Bakı, 2 may, AZƏRTAC
Mayın 2-də Bakının Nizami rayonundakı Heydər Bağı – Park Bulvarda ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Gül bayramı təşkil edilib.
Bayram mərasimində rayonun 25 orta ümumtəhsil məktəbi, 22 məktəbəqədər təhsil müəssisəsi, “Qayğı” reabilitasiya mərkəzi, Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi, digər idarə, müəssisə və təşkilatlar müxtəlif güllərdən hazırlanan stendlər nümayiş ediblər.
AZƏRTAC xəbər verir ki, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov idarə və təşkilatların, ümumtəhsil məktəbləri kollektivlərinin, uşaq tərbiyə müəssisələri nümayəndələrinin hazırladıqları sənətkarlıq nümunələri, gül-çiçəklər və əl işləri ilə bəzədilən stendlərlə tanış olub.
Xüsusi görkəm almış parkda güllərdən hazırlanan müxtəlif mənzərələr, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərinə aid fotoşəkillər də yer almışdı.
Kompozisiyalar arasında tarixi abidələrimiz, Azərbaycanın xəritəsi, öz gözəlliyi ilə Bakıya yaraşıq verən Milli Gimnastika Arenası, o cümlədən də “Bakı-2015” birinci Avropa Oyunlarının loqosu və rəmzləri, rayondakı digər idman komplekslərinin güllərdən hazırlanan maketləri iştirakçılarda böyük maraq doğurub.
Parkda, həmçinin rəngarəng dibçək güllərindən, qurudulmuş gül və bitki kollarından, yarpaqlardan ibarət göz oxşayan eksponatlar da qurulub.
Bayram tədbirinə qoşulan kollektivlər ən yaxşı gül-çiçək kompozisiyası, ən yaxşı dekorativ gül rəsmi, ən yaxşı tətbiqi sənət nümunəsi, ən yaxşı gül geyimi nominasiyalarında iştirak ediblər. Həmçinin, Heydər Bağı – Park Bulvarın dərnək üzvlərinin gülə aid rəsm işləri də nümayiş olunub.
Bakı Şəhər İcra Hakimiyyətinin və Nizami Rayon İcra Hakimiyyətinin qiymətləndirmə komissiyasının üzvləri parkdakı eksponatlarla tanış olublar. Komissiya tərəfindən bəyənilən əl işləri Bakının rayonları arasında müxtəlif nominasiyalar üzrə keçiriləcək müsabiqəyə təqdim ediləcək.
Bayram mərasimində Milli Məclisin deputatları Sədaqət Vəliyeva, Flora Qasımova və Rasim Musabəyov, həmçinin rayonun ictimaiyyət nümayəndələri iştirak ediblər.
Nizami rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Gül bayramı təşkil edilib
Nizami rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Gül bayramı təşkil edilib
Nizami rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Gül bayramı təşkil edilib