Bismilləhir-Rahmənir-Rahim!
Allah həmd olsun ki, bizlərə çox böyük nemətlər əta edib. Biz hamımız çox böyük nemətlərə malikik. Göz verib, qulaq verib, nəfəs ala bilirik, düşünə bilirik. Allahdan istəyimiz budur ki, bütün bu nemətləri dərk edib, şükrünü həyata keçirməyi bizlərə nəsib etsin!
Birdəfəlik vaksin burada yoxdur
İnsan onu əhatə edən nemətləri unutduğu zaman ciddi bir xəstəliyə yoluxmuş olur. Hamımızın ya bu xəstəliyə yoluxma potensialımız var, ya da yoluxmuşuq. Heç kim bundan sığortalanmayıb. Belə deyil ki, bir dəfə bunun vaksini vurulsun, bununla da bitsin. Bu xəstəlik - qəlbin bərkliyidir, qəlbin qəsavətidir.
Qəlbin qəsavəti, bərkliyi bütün mənəvi xəstəliklərin ana səbəbidir. Elə ki, görürük namaz qılmağa heyimiz yoxdur, həyatımızdan mənəvi zövq ala bilmirik - böyük ehtimalla bu mərəzə yoluxmuşuq.
İtaətsizlik və günah
Qəlbin bərkliyinə səbəb olan çoxsaylı amillər var. Ağıla gələn və gəlməyən amillər insanın qəlbinin bərkiməsinə səbəb olur. Bəziləri var ki, insan onun doğurdan da qəlbin bərkliyinə səbəb olmasını anlayır. Bəziləri də var ki, insan heç düşünməz ki, onların bu qədər mənfi təsirləri ola bilər.
Qəlbin bərkiməsinə, qəsavət basmasına təsir qoyan ən ciddi amillərdən biri - günahdır. Allah itaətsizlik, günah - insanın qəlbini bərkidən ən başlıca amildir. O ki, insan mövzunun halalına-haramına diqqət etməz, əməlin günah olub-olmamasına diqqət etməz, qırmızı sərhədləri gözləməz - demək ki, onun üçün günah adiləşib.
İnsan var ki, bəzi şeyləri elə məhz günah olduğu üçün edir, sanki Allaha itaətsizlikdən, günahdan zövq alır. İnsan ağılla, şüurla, dərklə Allaha itaətsizlik edərsə, qəlbinin məhv olmasının astanasına gələr. Həmin insanın qəlbi bərkiyir və bütün müsibətləri bundan sonra başlayır. Həzrət Əli (ə) buyurur: "Qəlb üçün günah və Allaha itaətsizlikdən başqa daha fəsad yaradıcı şey yoxdur".
Necə olur ki, biz həkimə gedirik, həkim bizə deyirik ki, filan şeyi yemə, filan şeyi içmə - onları kənara qoyuruq, amma qəlbimizlə bağlı bunları etmirik?
Həzrət Əli (ə) - qəlblərin təbibidir. Həzrət (ə) buyurur ki, qəlb üçün iki məsələdən daha çox dağıdıcı, məhvedici bir şey yoxdur. Bunlardan biri - Allaha itaətsizlik, digəri də günahdır. Günahın da kiçiyi-böyüyü yoxdur. İnsan əgər şüurlu şəkildə Allah hüzurunda itaətsizlik edirsə, demək ki, günah edir.
Haram qidalar qəbul etmək
Qəlbin qəsavət basmasına səbəb olan ikinci amil - haram yeməkdir. Haram qidalar insanın qəlbini bərkidir. Gərək bizlər yediyimizə, içdiyimizə, baxdığımıza, qulaq asdığımıza, eşitdiyimizə diqqət edək. Biz nəyi qəbul edirik, nə yeyirik, harada yeyirik, nə ilə qidalanırıq?
Həm fiziki qidalarımıza, həm mənəvi qidalarımıza, həm virtual qidalarımıza gərək diqqət edək. Virtual qidalar insanla manipulyasiya edir, insan bunların vasitəsilə xəstələnir. İnsana eyni mövzunu beş dəfə, on dəfə, yüz dəfə deyəndə, insan deyir yəgin elədir, sadəcə öncə mən düz başa düşməmişəm. Və hər bir absurdu insan beləcə qəbul edə bilər.
Demək ki, hər formada qəbul etdiyimiz qidalar bizə təsir qoyur. Həzrət Rəsulallah (s) Həzrət Əmirəlmömininə (ə) qəlbi bərkidən amilləri sadalayarkən buyurur: "Ey Əli (ə), o kəs ki, haram yeyər - onun qəlbi qaralar". Deməli, haram yemək qəlbi qaraldan mövzulardan biridir.
Dünya ilə bağlı uzun arzular
Qəlbin qəsavətinə, bərkiməsinə səbəb olan üçüncü mühüm amil - dünya ilə bağlı arzuların uzun olmasıdır. Faktiki olaraq bundan qorunmaq çox çətin olsa da, gərək bununla mübarizə aparmaq üçün bir yol tapaq. İnancımız arzulara gözəl baxır, amma aqibətlə bağlı olan, realistik arzulara.
Amma bir yer ki, biz buradan hər an gedə bilərik və mahiyyətcə buranın missiyası, funksiyası belədir ki, hər an dəyişə bilər, əldən çıxa bilər - burada böyük bir arzuların qurulması insanı əsas hədəfdən kifayət qədər uzaqlaşdıra bilər. Deməli, dünya ilə bağlı olan uzun arzular insanı məhv edən mövzulardan biridir. Allah Təala Həzrət Musaya (ə) buyurur: "Ey Musa, dünyada arzunu uzun etmə ki, qəlbin bərkliyinə səbəb olur".
Deməli uzun arzular budur ki, biz heç gümanı olmayan zamanda bir şeyləri arzu etməyə başlayaq.
Dünyaya aid qəm-qüssə
Qəlbin qəsavətinə səbəb olan digər bir amil - insanın bütün fikri-zikrinin dünya ilə bağlı olmasıdır. Bir adamın ki, bütün qəm-qüssəsi dünya olar - bu insanın qəlbi sözsüz ki, bərkiyər. Məsumlardan (ə) buyurulur: "Özünüzü dünyanın qəm-qüssəsindən bacardığınız qədər rahat edin. Həqiqətən hər kimin himməti, çalışması dünya üçün olar - qəlbi bərkiyər. Onun ehtiyacı yalnız iki gözünün qarşısındakı olar. Dünyadan başqa heç nə görməz".
Nə qədər bacarırıqsa, dünya ilə bağlı qəm-qüssədən özümüzü azad etməliyik. Adamın fikri-zikri ancaq dünya olsa - ancaq gözünün qabağındakı şeyləri görər. Belə olan halda qəlbi bərkiyər.
İnsanın yeganə narahatlığının çox qazanc olması
Qəlbin bərkiməsinə səbəb olan mühüm amillərdən biri - lazımından çox qazanc üçün insanın böyük narahatlığının olmasıdır. Bir insanın bütün narahatlığının başında daha çox qazanması olsa, vay o insanın halına. Bəli, bu dünyanın sistemi, bu dünyanın təlim-tərbiyə elementləri, bağçası, məktəbi, universiteti, kursları, təlimləri ümumən bunun üçün qurulub ki, insan daha çox qazanmağı düşünsün. Dünyanın bütün təhrikləri bunun üzərindədir.
İki nəfər insan on ildir bir-birilərini görmürlər, görüşəndə "nə var, nə yox"dan sonra ikinci sual budur ki, harada işləyirsən, nə qədər qazanırsan? İnsanın mənəvi vəziyyəti, mənəvi durumu soruşulmur. Hətta soruşulanda belə, bəzi hallarda həmin bunu soruşan insan lağa, məsxərəyə tutula bilir.
İnsanın lazımından artıq qazanc üçün narahatlığının olması - onun qəlbini öldürən amillərdəndir. Şeytan (lən) təbii ki, bir mömin insanı çox qazanmağa meyilləndirəndə, vəsvəsə edəcək ki, çox qazanırsan ki, Allaha xidmət edəsən. Amma dinimiz deyir ki, həddindən artıq qazanc üçün narahatlığın olması - qəlbi bərkidir.
Dinimiz, tərki-dünyalıq dini deyil. Amma, insan həddən artıq insan özünü bir sistemin içərisinə daxil edəndə ki, onun həyatının mahiyyəti daha çox işləmək və daha çox qazanmaq olur - dinimiz buna qarşıdır.Və Həzrət Rəsulallah (s) Həzrət Əliyə (ə) qəlbi öldürən amilləri sadalayarkən, bu mövzunu da vurğulayır.
İnsanın rəhbərliyə, öndərliyə can atması
Qəlbin qəsavətinə səbəb olan bir mühüm amil də var. Maraqlıdır ki, mətnlərdə birbaşa olaraq bu cür gəlib ki, insanın arxasındakı ayaqqabı səslərini eşitməyə can atması - qəlbinin bərkiməsinə səbəb olar. İnsan istəyə ki, böyük ola, öndə gedə, arxasında adamlar gələ və onların ayaqqabısının səsini eşidə - bu insanın qəlbi bərkiyər.
Bəli, qəlbi bərkidən amillərdən biri budur ki, insan arxasında çoxlu insanın gəlməsini, özünün onlara öndərlik etməsini istəsin. Həzrət Əli (ə) buyurur: "Arxasında hərəkət edən ayaqqabıların səsini eşitməkdən daha çox, kişilər üçün qəlbinə ziyan vurmaq baxımından daha pisini tanımıram".
Həzrət Əli (ə) qəlbə zərər vuran amillər içərisində bunun ən pisi olduğunu vurğulayır. Misal üçün insan tək namaz qılır - halı olmur. Amma, arxasında camaatın yığıldığını görəndə - halı düzəlir, namazı xüsusi qayda ilə, xüsusi aramlıqla qılmağa başlayır.
İnsan bu eyforik duyğunu yaşamaq istəsə, özünü məhv etmiş olar. Arxasındakıların ayaqqabısının səsini eşitmək istəmək - simvolik bir anlamdır. İnsanın rəyasətə, öndərliyə can atmasından, hamının onu lider, rəhbər görmək istəməsindən söhbət gedir.
Çox danışmaq ağlı azaldar və qəlbi bərkidər
Mühüm amillərdən biri də insanın çox danışmasıdır. Çox danışmaq qəlbi bərkidən amillərdən biridir. Dinimiz heç danışmamağa da müsbət baxmır. Amma, bir insan çox danışmağa meyilli olarsa, bu da bəyənilən hal deyil. Çünki, çox danışan insanın səhvlərə, xətalara, bəzən günahlara yol vermək ehtimalı da artmış olur. Həzrət İsa (ə) buyurur: "Çox danışmayınız ki, qəlblər bu halda bərkiyər və o kəs ki, çox danışar - ağılı azalar və qəlbi bərkiyər".
Deməli, həddən artıq çox danışmaq ağlı azaldar və qəlbin bərkiməsinə səbəb olar.
Mənası olmayan, boş-boş şeylər danışmaq da qəlbin qəsavətini artıran mövzulardandır.
Mühüm amillərdən biri - namazları üzrsüz səbəbə görə əvvəl vaxtından təxirə salmaqdır. Bir var ki, insanın müəyyən bir üzrü var, namazı əvvəl vaxtda qılmır. Bir də var ki, namazı yubatmaq üçün insanın heç bir səbəbi yoxdur. Bu insan namaz qılmaq əvəzinə başqa işlə məşğul olur, namazı təxirə salır. Bu amil qəlbin bərkiməsinə səbəb olur.
Namaz vaxtı qəlbi başqa yerə yönəltmək - qəlbin qəsavətinə səbəb olar. Namazda hüzuri-qəlbə malik olmamaq - qəlbə çox böyük zərər vurar.
Yeməkdə ifrat qəlbi bərkidər
Çox yemək və çox içmək də qəlbin qəsavət basmasına səbəb olan amillərdəndir. Dinimiz demir ki, yemə və içmə. Amma, hər kəsin yeməklə və içməklə bağlı individual tələbatları var. Bu qədərdən çox yemək-içmək, həddi aşmaq - qəlbin bərkiməsinə səbəb olar.
Mühüm amillərdən biri - tox halda yeməkdir. Misal üçün, çox yayılıb ki, dostlar bir-birilərinə deyər ki, bunu da mənim xətrimə ye. Gərək insan tox oldusa, yeməkdən çəkinsin.
Yeməkdən sonra dərhal yatmaq da qəlbi bərkidən amillərdəndir. Dinimiz yeyib, dərhal yatmağı qəlbə zərərli bilir.
Mənəvi məclisləri tərk etmək olmaz
Ğinaya - haram musiqiyə qulaq asmaq, qəlbin bərkiməsinə səbəb olar. Ğina ilə bağlı qısaca onu deyək ki, ğina oxuyan insanlar ki, var, onlar nə oxusalar - ğinadır və buna qulaq asmaq haramdır. Amma, ümumilikdə də ğina mövzusunda sərhədlərə diqqət etmək lazımdır. Sərhəddə gəzişən bir də görərsən ki, o tərəfə keçdi. Ğina, haram musiqi insanı məhv edən mövzulardandır.
Qırx gün müddətində mənəvi məclisləri tərk etmək də qəlbi bərkidən amillərdəndir. İnsan qırx gün müddətində mənəvi məclisləri tərk etsə, qəlbi bərkiməyə başlayar. Həzrət Rəsulallah (s) Həzrət Əliyə (ə) buyurur: "Ey Əli, əgər mömin qırx sabah yaşaya və alimlərlə həmməclis olmaya - qəlbini qəsavət basar və kəbirə günahlara tərəf yönələr".
Deməli, belə başa düşülür ki, insanın həm yüksəlişi üçün qırx gün müddətində özünə diqqət etməsinin önəmi var, həm də qırx gün müddətində bəzi şeyləri tərk etmək insanı günaha tərəf aparır.
Ən yaxşı qəlb hansıdır?
Təbərrük üçün qəlblə bağlı buyuruşlara diqqət edək.
İmam Əli (ə) buyurur: "İnsanın ən heyrətli üzvü qəlbidir. Qəlb - hikmət və qeyri-hikmət mənbəyidir. Əgər arzu edərsə, tamah onu xar edər. Əgər tamah baş qaldırarsa, hərislik onu məhv edər. Əgər ümidsizlik ona hakim olarsa, qəm onu öldürər.
Hər bir səhlənkarlıq onun üçün ziyanlıdır. Hər bir həddini aşmaq onun üçün məhvedicidir".
İmam Sadiq (ə) buyurur: "O zaman ki, insan günah edər - qəlbində qara nöqtə meydana gələr. Əgər tövbə edərsə, həmin nöqtə aradan gedər. Əgər günahları artarsa, qəlbi o qədər qaralar ki, artıq nicat tapa bilməz".
İmam Əli (ə) buyurur: "İman vasitəsilə qəlbdə nurani nöqtə yaranar və hər nə qədər iman çoxalarsa, o nurani nöqtə daha aydın və daha çox olar".
İmam Əli (ə) buyurur: "Qəlblər də bədənlər kimi yorğun olur. Ona görə də təzə bilik, hikmət kəsb etmək, yeni həqiqət və maarif əldə etməklə onun yorğunluğunu aradan aparın".
İmam Həsən (ə) buyurur: "Həqiqətən, ayıq göz odur ki, xeyirə nüfuz edər, ən eşidən qulaq odur ki, təzəkkürləri eşidər və onlardan bəhrələnər. Ən sağlam qəlb odur ki, şəkk və şübhədən pak olar".
Həzrət Peyğəmbər (s) buyurur: "Ən yaxşı qəlb - o qəlbdir ki, yaxşılıq üçün tutumu çox olsun. Ən pis qəlb o qəlbdir ki, pislik üçün tutumu çox olsun. Ən ali qəlb odur ki, yaxşılıq özündəndir və yaxşılıqla doludur. Əgər söz deyərsə, savaba layiqdir. Əgər sükut edərsə, savaba layiqdir".
Bir nəfər Həzrət Əlidən (ə) soruşdu: "Ya Əli (ə) sən nə etdin ki, bu məqama sahib oldun?". Həzrət Əli (ə) buyurdu: "Oturdum qəlbimin qapısında. O şeylər ki, məni Allaha yaxınlaşdırar - onları içəri buraxdım, o şeylər ki, məni Allahdan uzaq salar - içəri buraxmadım".
Allahım, bizlərə qəlbimizin qəsavətinə, bərkiməsinə səbəb olan amilləri tanıyıb, onlardan uzaq olmağı nəsib et!
Allahım, bizləri özbaşına buraxma!
Allahım, aqibətlərimizi xeyirli et! Amin!
Hacı İlqar İbrahimoğlu,
ilahiyyatçı-filosof
Milli.Az