"Prezident daim xalqın yanındadır, xalqın problemlərini düşünür. Son vaxtlar həyata keçirilən sosial siyasətin kökündə bu məsələ dayanır".
Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Elmira Axundova deyib.
Millət vəkili bildirib ki, şəhid ailələri, problemli kreditlərlə bağlı məsələ dəfələrlə Milli Məclisdə qaldırılıb. Bu gün iqtisadi imkanlarımızın bu cür siyasət həyata keçirməyə imkan verir.
“Şəhid ailələrinə verilməli olan birdəfəlik müavinətlərlə bağlı məsələni dəfələrlə parlamentdə, mətbuatda qaldırmışam. İllər əvvəl bu müavinəti alan ailələrə də təkrar müavinətin verilməsi məsələsini Milli Məclisdə mən təklif etmişdim. Çox şadam ki, mənim fikrim Prezidentin qərarı ilə üst-üstə düşdü. Mən hər dəfə bu mövzuda çıxış edəndə deyirdim ki, hətta indi verilən müavinətdən o vaxt verilən pulun dəyərini çıxmaq da olar. O vaxt verilən müavinət elə də böyük dəyərdə deyildi. Prezidentin bu barədə qərarını eşidəndə məndən çox sevinən olmadı. Çünki Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin üzvləri olaraq bəzi deputat həmkarlarımla bu məsələni dəfələrlə gündəmə gətirmişdik, həlli üçün təkliflər vermişik. Cənab Prezidentin bu qərarları ilə bizim işimizi xeyli yüngülləşdirdi, insanlarla ünsiyyətimizi asanlaşdırdı. İndi bizim seçicilərlə görüşməyə üzümüz var. Çünki cənab Prezident qaldırdığımız problemlərin həlli üçün addımlar atır. Bu o deməkdir ki, Prezident xalqın səsini eşidir. Bu da idarəçiliyin ən doğru üsuludur.
Bu qərarların məhz bu il həyata keçirilməsi təsadüfi deyil. Çünki artıq bizim vergi, gömrük siyasətimiz stabilləşib. Bu sahələrdən dövlət büdcəsinə daha çox vəsait yönləndirilir. Gəlirlər artdıqca onlar daha çox sosial siyasətə yönəlir”.