ReAl-a qanacaqsızların hücumu: radikal müxalifətdə yeni didişmə başlanıb

ReAl-a qanacaqsızların hücumu: radikal müxalifətdə  yeni didişmə başlanıb
17:32 6 Aprel 2019
70 Ölkə
Ölkə mətbuatı
A- A+

"ReAl İdarə Heyəti üzvlərinin Brüsselə səfəri zamanı keçirdikləri görüşdə guya İlham Əliyevin siyasətini müdafiə etmələri haqqında Milli Şura fəallarının tirajladığı "xəbər" isbatla mükəlləfdir. Sübut yükü tamamilə Milli Şuranın birgə istinad etdikləri iddia sahibləri üzərindədir. Bu məsuliyyətin ağırlığı altında iddia sahiblərinin ad-sanı əzilə bilər deyə, tələsib ortaya sübut qoysunlar".

"Respublikaçı Alternativ" (ReAl) hərəkatının lideri İlqar Məmmədov Facebook statusunda belə yazıb.

Səbəb son günlərdə onun və başçılıq etdiyi siyasi strukturun elə radikal müxalifət düşərgəsinin mənsubları tərəfindən sərt, hətta çox sərt tənqidlərə məruz qalmasıdır. AXCP sədri Əli Kərimlinin tərəfdarları ilə bahəm, sosial şəbəkədəki trol ləşkəri, habelə ölü doğulmuş uşaq olan "Milli Şura"nın mənsubları İ.Məmmədovu müxalifət düşərgəsinə dönük çıxaraq hakimiyyətlə sövdələşmədə, hakimiyyətin maraqlarını müdafiə etməkdə, Avropada separat danışıqlar aparmaqda və bununla da müxalifətdə xəyanətdə suçlayırlar.

Səbəb trivialdır.

"ReAl hərəkatının nümayəndələri Brüsseldə Avropa diplomatları ilə görüşdə Azərbaycan hökumətinin islahatlarını dəstəkləyiblər".

Bu barədə Azərbaycanın İKT-dəki keçmiş səfiri, müxalifətçi Arif Məmmədov özünün Facebook sosial şəbəkəsindəki səhifəsində yazıb.

A.Məmmədov qeyd edib ki, bu barədə ona Avropa İttifaqında işləyən dostu danışıb.

Beləliklə, Arif Məmmədovun sözlərinə görə, Avropa diplomatları ilə görüşdə ReAL nümayəndələri deyiblər ki, Azərbaycan Prezidenti İlham Əliyev islahatlar aparmaq istəyir, lakin mühafizəkarlar ona mane olurlar.

Ancaq buna baxmayaraq, dövlət başçısı islahatların anonsunu verib və "böyük siyasi məhbus" qrupunun azad edilməsi bunun başlanğıcı hesab oluna bilər.

REAL nümayəndələri diplomatlara onu da deyiblər ki, Azərbaycanda mitinq keçirmək cəhdləri ölkədə aparılan islahatları ləngitməyə və mühafizəkarların xeyrinə əlavə arqumentlər verməyə yönəlib. Eyni zamanda, bəzi müxalif qüvvələrin taktikası Azərbaycanı Suriya ssenarisinə gətirə bilər.

REAL təmsilçiləri həmçinin bildiriblər ki, bu proseslərədə özünəməxsus xətt tutublar, sabitliyi poza biləcək mitinqlər və kütləvi aksiyalar yolunu yox, təşkilatlanmaqla seçkilərə qatılmaq xəttini əsas götürüblər.

Arif Məmmədovun, özünü müxalif qüvvə adlandıran ReAL-ın Azərbaycan hökumətinin islahatlarını Avropada təbliğ etdiyinə dair məlumatları böyük qalmaqala səbəb olub. Digər müxaliflər ReAL-ı xəyanətdə və hakimiyyətlə sövdələşmədə ittiham etməyə başlayıblar.

Arif Məmmədov Avropa diplomatları ilə görüşmüş ReAL nümayəndələrinin adlarını açıqlamayıb.

Lakin başabəla sabiq "diplomat", "Azərbaycan Naminə Demokratiya" (AND) adlı hərəkatın həmtəsisçisi və rəhbərlərindən olan Arif Məmmədovun sirr kimi saxladığı məqam külli-əyandır.

ReAl da bunu ilk gündən açıqlayıb və bəyan edib ki, bu günlərdə hərəkatın İdarə Heyətinin üzvləri Natiq Cəfərli və Erkin Qədirli Brüsseldə olublar, Avropa Şurası və Avropa Birliyinin yetkililəri ilə görüşlər keçiriblər.

Arif Məmmədov sadəcə, marionetkadır və həmişə də belə zavallı siyasətçi olub. Onu danışdıran var.

Həmin "danışdıran" isə İlqar Məmmədovun günlər əvvəl yaydığı açıqlamasından sinirlənib.

ReAl-ın lideri Facebook səhifəsində yazmışdı: "İcazəli mitinq vasitəsilə inqilab etməyi vəd edənlər! Seçki mitinq deyil - o, icazəli olmur, qanundan doğan qaçılmaz mövsümdür: indi nə becəririksə, onun məhsulunu yığacağıq. İlham Əliyevin icazəsi olmadan hərəkət etməyi öyrənin".

Daha öncə isə o, AXCP, Müsavat və "Milli Şura"nın marginal rəhbərlərinin idarə etdiyi kütləni bu statusu ilə qıcıqlandırmışdı: "Üstümə mənəvi hücumlar təşkil edən "inqilabçı"ları anlamadım: İlham Əliyev mitinqə 4 dəfə icazə vermədisə inqilab etməyəcəksiniz? Deyirdim sizə: gedək seçkiyə, görək insanları səslərin müdafiəsinə səfərbər edə bilirikmi. Dediniz ki, yox e, biz meydanlardan birbaşa hakimiyyətə gələcəyik. 8 aydır mənə qarşı vicdansız təbliğat apardınız ki, biz inqilab eləmək istəyirik, İlqar Məmmədov imkan vermir. Yaxşı, "inqilab-inqilab" deyirdiniz: 4 dəfə mitinqə qoyulan qadağa həmin o inqilabınızı haçana qədər ertələdi? Amma qapılarımız yenə də açıqdır. seçki məsələsində əməkdaşlığa hələ də tam hazıram və bir daha dəvət edirəm".

Yəni İlqar Məmmədov aşkar bəyan edir ki, Əli Kərimli, Cəmil HəsənliArif Hacılı triosunun "mitinq taktikası" adlandırdıqları fəaliyyət planı bəsitdir, primitivdir və hakimiyyətə gəlməyi mümkünsüz etməklə yanaşı, müxalifətdə məhvi ehtiva edir.

Eyni zamanda İ.Məmmədov bu adamları ona qarşı vicdansız təbliğat aparmaqda da suçlayıb.

Maraqlı olan digər məqam isə ReAl funksionerlərindən olan Natiq Cəfərlinin açıqlamasıdır. O, Brüsseldə olarkən avropalı siyasətçilərin ona aşkar şəkildə "Azərbaycan müxalifəti sıralarında ölkənizin Avropa Birliyi ilə anlaşma imzalamasına maneələr yaratmağa çalışan qüvvə var" mesajını alıb.

N.Cəfərli "əlimdə yetərincə fakt yoxdur, ad çəkə bilmərəm" deyib.

Həmin qüvvənin kim və ya kimlər olduğunu müəyyənləşdirmək əslində heç çətin deyil.

Avropa ölkələrinə sığınan "müstəqil bloqer" və "siyasi fəallar"la yanaşı, ABŞ-da lövbər salmış YouTube "ulduzcuq"larını maliyyələşdirib idarə edən, eyni zamanda AXCP-ni kontrolda saxlayan qüvvənin diqtəsi ilə davranan şəxs Əli Kərimlidir.

Məhz o, Cəmil Həsənlinin nominal "sədr" olduğu "Milli Şura"nın əsl rəhbəri, Müsavat-ın təsərrüfat müdiri və həm də başqanı Arif Hacılının əsəbləri ilə oynayan adamdır.

Əli Kərimli həmişə olduğu kimi, siyasəti ikiüüzlülük, mimikriya, maraqların təminatı və mənafelərin ReAllaşması kimi qəbul edir.

Və ReAl mənsubları da ölkənin digər vətəndaşları kimi bunu görür, Əli Kərimlinin trollar dəstələrinin hücumlarına rəğmən, susmurlar.

Məsələn, ReAl rəhbəri İlqar Məmmədovun ən yaxın adamlarından olan Erkin Qədirli yazır: "Dünən Arif Məmmədov hansısa "məlumatlı dostuna" istinadən bir yazı paylaşıb. Orada doğru olan yalnız bir cümlə var. ReAl doğrudan da AB ilə Azərbaycan arasında bağlanması gözlənilən anlaşmaya müsbət baxır və anlaşmanın baş tutmasını istəyir. Bunu açıq görüşlərdə də deyirik, qapalı görüşlərdə də. Brüssel'də də bunu dedik. Brüssel'də bizə bu anlaşmanın baş tutmasını istəməyən müxalifətçilər və sivil toplum nümayəndələrinin olduğunu dedilər, amma heç kəsin adını çəkmədilər. Biz də soruşmadıq. Arif Məmmədov'un belə bir yazını paylaşması, ölkəmizin AB ilə anlaşmaya qarşı olduğu anlamına gəlirmi? Bilmirəm. Özü bilər.

Arif Məmmədov görüşdüyü adamın adını yazmadı. Mənsə görüşdüyümüz adamların adlarını yazıram:

- Dorota Dlouchy-Suliga (Avropa Dış Çalışmaları Xidmətində (EEAS) Azərbaycan, ErmənistanBelarus bölümünün rəbhəri;

- Vassilis Maragos (Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş İdarənin Azərbaycan, Ermənistan və Belarus bölümünün rəbhəri;

- Jari Haapala və Gaby Hagmüller (həmin bölümün işçiləri);

İsveç'in diplomatik nümayəndəliyində görüşdüyümüz diplomatlar:

- Mikael Benthe (İsveç)

- Juan Lugo (İspaniya)

- və bir Fransa diplomatı vardı, təəssüf ki, onun kartı indi məndə yoxdur, deyəsən Brüssel'dəki oteldə unutdum, ya cibimdən düşdü)".

Daha sonra E.Qədirliyi bəyan edib ki, açıq oynayır, Arif Məmmədov isə anonimlik edir. E.Qədirli ReAl-ın İdarə Heyətinin üzvü Rəsul Cəfərovun hələ Brüsseldə olduğunu yazıb, A.Məmmədova onunla görüşməyi və ya yazışmağı təklif edib: "Görək kimdir o adam və dediyini haradan götürüb. Elə bir adam doğrudan varsa, yəni, Arif Məmmədov onu da uydurmayıbsa, deməli, o da yalan danışır".

Yanvarın 19-da "Məhsul" stadionundakı mitinqdən sonra maniakal eyforiyaya qatılan və narazı elektoratla sosial bazanın fərqini hələ də dərk etməyən AXCP sədri Əli Kərimlidən fərqli olaraq ReAL rəhbərliyi anlayır ki, narazı elektroat ləngər vuran, tərəddüd edən kəsimdir. Bu insanlar narazı olsalar da, seçkilərdə müxalifətə yox, hakimiyyətə səs verirlər.

Əli Kərimli, Cəmil Həsənli və Arif Hacılıdan ibarət uğursuzlar triosunun əsas səhvi onların hələ də narazılar elektoratını özlərinin sabit sosial bazası qismində qəbul etmələridir. Bu azmış kimi AXCP mitinqlər vasitəsilə hakimiyyətə gələ biləcəyini də düşünür.

İlqar Məmmədov belə qəflət yuxusuna dalmaq istəmədiyindən o, "qanacaqsızlar" adlandırdığı düşərgədaşlarının hücumlarına məruz qalıb.

Elçin Alıoğlu
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/744869.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR