Bakı, 5 may, AZƏRTAC
Mayın 5-də “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilən “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda tədbir keçirib.
Tədbirdə çıxış edən TUMİB-in sədri Çingiz Bayramov qeyd edib ki, Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin fəlsəfi, siyasi mənası olduqca dərindir. Azərbaycançılıq milli həmrəyliyi, bütövlüyü təmin edən, milli təəssübkeşlik və vətənpərvərlik hissini gücləndirən məfkurədir. Ümummilli Liderin müəllifi olduğu, sistemləşdirdiyi Azərbaycançılıq ideologiyası təkcə bu ölkənin ərazisində yaşayan insanları yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edərək dünya azərbaycanlılarının milli istinad mənbəyinə çevrilib.
Qeyd edilib ki, ulu öndər Heydər Əliyevin şah əsəri müasir müstəqil Azərbaycan dövlətidir. Müasir müstəqil Azərbaycan dövlətinin ideya əsaslarını da Azərbaycançılıq ideologiyası təşkil edir.
Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov bildirib ki, sovet dövründə respublika rəhbəri işləyərkən Heydər Əliyevin mənəviyyat, təhsil, mədəniyyət, əxlaq, milli adət-ənənələrin qorunması və inkişafı sahəsində gördüyü işlər müstəqil dövlətimizin yaradılması ilə nəticələndi. Azərbaycançılıq ideologiyası da məhz buradan qaynaqlanır. Bu ideologiya ölkəmizdə yaşayan xalqları bir amal uğrunda birləşdirir: Hamımızın Vətəni Azərbaycandır və biz müstəqil dövlətimizi qoruyub inkişaf etdirməliyik. Hələ 1978-ci ildə Azərbaycan SSR Konstitusiyası qəbul edilərkən ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə dövlət dili Azərbaycan dili kimi təsdiq olundu. Eyni zamanda, o dövrdə iqtisadiyyatı, sənayeni inkişaf etdirməklə, bu sahədə güclü baza yaratmaqla, bütün sahələr üzrə peşəkar milli kadrlar yetişdirməklə ulu öndər Heydər Əliyev müstəqilliyin əsasını qoymuşdu.
Bildirilib ki, Ulu Öndər hələ sovet dövründə Azərbaycanı qarış-qarış gəzməyə üstünlük verirdi. Respublikanın hər bir guşəsinə səfər edən, inkişafla maraqlanan, insanların həyat tərzi ilə tanış olan Heydər Əliyev bu siyasəti yorulmadan həyata keçirirdi. Bununla da o, Azərbaycan insanını daha yaxından tanıdı, onların ənənələrini, mənəvi dəyərlərini və digər milli keyfiyyətlərini ümumiləşdirərək toplayıb bu ideologiyanın əsasını qoydu. Təbii ki, bunların hamısı Azərbaycanın gələcək müstəqilliyinə hesablanmışdı.
Diqqətə çatdırılıb ki, müstəqillik illərində ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə görülən işlər azərbaycançılıq ideologiyasının təbliği və mənimsənilməsində müstəsna əhəmiyyət kəsb etdi. Ötən zaman göstərdi ki, müstəqillik yolumuz ümummilli lider Heydər Əliyevin parlaq zəkasının, onun Azərbaycan torpağına, insanına olan sevgisinin təzahürü kimi meydana çıxdı. Azərbaycan xalqı, ictimaiyyətin nümayəndələri çox haqlı olaraq bu illər ərzində ölkədə bütün sahələrdə uğurlara aparan yolun parlaq bir yol olduğunu qeyd edir və bu yol Heydər Əliyev yolu adlandırılır. Bu gün ölkəmiz Ümummilli Liderin ideyaları əsasında inkişaf edir. Azərbaycanın müstəqilliyinin qorunub saxlanması, ölkəmizdə inkişafın, sabitliyin və həmrəyliyin təmin olunması bilavasitə xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclərlə iş sektorunun məsul əməkdaşı Rahu Qurbanova bildirib ki, Azərbaycanın dinamik inkişafı, qazandığı çoxsaylı nailiyyətlər erməni lobbisi ilə əməkdaşlıq edən müəyyən dairələrdə narahatlıq yaradır. Gələn ay Bakıda keçiriləcək ilk Avropa Oyunları ilə bağlı əks-təbliğat işləri aparan təşkilatlardan danışan R.Qurbanova deyib ki, həmin təşkilatlar heç vaxt Xocalı faciəsi, Azərbaycan xalqına qarşı törədilən soyqırımıları ilə bağlı bəyanat verməyiblər. Azərbaycan gəncləri bu kimi təşkilatların fikirlərinə aldanmamalıdırlar. Gənclərimizin sosial şəbəkələrdən də səmərəli şəkildə istifadə etmələri öhəmlidir.