Bakı. 8 may. REPORT.AZ/ "Müsavat başqanı Arif Hacılı deyir ki, piketdə iştirak edənlər partiyadan qovulmalıdır. Nə istəyirlər, etsinlər, bizi qova da bilərlər". Bunu "Report"a açıqlamasında Müsavat Partiyasının Məclis üzvü Arifə Hüseynli deyib.
O bildirib ki, bundan sonra da partiyada fəaliyyətini davam etdirəcək: "Piket keçirməkdə məqsədimiz partiyadan çıxarılanların, inciyib gedən üzvlərin geri qaytarılmasını, Müsavatın əvvəlki formatda işinə davam etməsini tələb etmək idi. Mənim partiyadan çıxmaq fikrim yoxdu. Müsavat Məhəmməd Əmin Rəsulzadənin, Cəfər Cabbarlının, Üzeyir Hacıbəylinin, Almaz İldrımın və çox nüfuzlu, dəyərli insanların partiyasıdır. Onlar Şərqdə ilk dəfə Demokratik Cümhuruyyət qurublar. O partiyaya arxa çevirib getmək olmaz. Məni çıxara bilərlər, amma özüm partiyadan getməyəcəm. 27 ildir bu yoldayam, illərimi kiməsə qurban vermərəm".
A.Hüseynli qeyd edib ki, Azərbaycan xalqının Müsavat Partiyasına inamı sarsılıb: "Əvvəllər xalq inanırdı ki, Müsavat Partiyası hakimiyyətə gələcək, ədalətli, demokratik quruluş yaradacaq. Amma bu, olmadı, xalqın da ümidi qırıldı. Xalqın bundan sonra Müsavat Partiyasına etibar etməsi yenidən toparlanmadan keçərdi, bu isə mümkün görünmür".
Xatırladaq ki, mayın 6-da Müsavatın bir qrup üzvü və partiyadan xaric edilmiş bəzi şəxslər partiya qərargahı qarşısında hazırki rəhbərliyin yürütdüyü siyasətə etiraz piketi keçiriblər. Onlar partiyadan xaric edilənlərin təşkilata bərpasını, başqan Arif Hacılının istefasını və növbədənkənar qurultay keçirilməsini tələb ediblər.