Bakı, 14 may, Gülnar Bəşirova, AZƏRTAC
Mayın 14-də millət vəkili, akademik Ziyad Səmədzadənin "Bakı nefti qələbəyə açar" adlı kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, təqdimatda çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə kitab haqqında ətraflı məlumat verib. Bildirilib ki, Böyük Vətən müharibəsi zamanı Azərbaycan Qələbəyə böyük töhfə verib. Bu kitabda da həmin töhfələr haqda ətraflı məlumat öz əksini tapıb.
A. Əlizadə diqqətə çatdırıb ki, 1941-1945-si illər Böyük Vətən müharibəsi dövründə Azərbaycandan cəbhəyə 700 minə yaxın hərbçi yollanıb. Böyük Qələbənin qazanılmasında misilsiz xidmətlər göstərən hərbçilərimizin 300 mini döyüş meydanlarında həlak olub. 123 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilib, 170 min əsgər və zabitimiz isə müxtəlif orden və medallarla mükafatlandırılıb.
A. Əlizadə qeyd edib ki, Almaniya komandanlığı Bakıdakı neft yataqlarına xüsusi diqqət yetirirdi və Qafqaz uğrunda döyüşlərdə qarşıya Bakı və Bakının neft-qaz rayonları üzərində nəzarəti ələ keçirmək vəzifəsi qoyurdu. Almaniyanın işğalçılıq planlarında Azərbaycana xüsusi yer ayrılırdı. Azərbaycanın təbii sərvətləri , xüsusən də neft ehtiyatları, Şərq ilə Qərb arasında strateji baxımdan əlverişli mövqedə yerləşməsi faşistlərin diqqətini cəlb etmişdi.
Müharibə illərində Azərbaycanın neft və neft məhsullarının əsas təchizatçısı olduğu bu kitabda bir daha geniş əks edildiyini deyən akademik vurğulayıb ki, həmin dövrdə Bakıda 130 addan çox silah və sursat istehsal edilirdi. Azərbaycan neftçiləri bütün ölkənin yanacağının 80 faizini təmin edirdilər.
Millət vəkili Fəttah Heydərov bildirib ki, Böyük Vətən müharibəsi zamanı yaşananlar illər keçsə də, insanların hafizəsinə əbədi həkk olunub. Bu yaxınlarda Qələbənin 70 illik yubileyi Azərbaycanda təntənəli şəkildə qeyd olundu. Elə Qələbənin qeyd olunduğu bu zaman kəsiyində Böyük Vətən müharibəsində Azərbaycan neftinin rolundan bəhs edən kitabın işıq üzü görməsi çox sevindiricidir. Bu kitabda müharibənin gedişində Azərbaycanın iştirakını əks etdirən əhəmiyyətli məlumatlar verilib.
Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmli bildirib ki, bu kitab elmi əsaslarla təsdiq edir ki, Böyük Vətən müharibəsində Azərbaycan və Bakı nefti Qələbənin qazanılmasında xüsusi rol oynayıb.
Digər çıxışçılar da qeyd edib ki, kitabda Bakı neftinin Qələbədə xüsusi rol oynaması detallarla, arxiv sənədləri əsasında çox müfəssəl təqdim olunub.
Akademik Ziyad Səmədzadə kitabın necə ərsəyə gəlməsi barədə məlumat verib, qeyd edib ki, kitabda Böyük Vətən müharibəsində Azərbaycanın rolu ətraflı təqdim olunub. Bu işdə Milli Arxiv İdarəsinin rolunu xüsusi qeyd edib, bildirib ki, kitabda 12 000-dən çox arxiv sənədindən istifadə olunub.
