Şamaxı, 14 may, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin “Xalq yaradıcılığı paytaxtları” proqramı çərçivəsində Şamaxı şəhərinin 2015-ci il üçün “Azərbaycanın ədəbiyyatı paytaxtı” seçilməsi münasibətilə mayın 14-də təntənəli təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Şamaxı Mədəniyyət Mərkəzində keçirilən tədbirin iştirakçıları və qonaqlar əvvəlcə müasir Azərbaycan Respublikasının yaradıcısı və qurucusu ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Mərasimi açan rayon icra hakimiyyətinin başçısı Asif Ağayev dahilər yurdu olan Şamaxının tarixindən ətraflı danışıb və bildirib ki, Şamaxı bütün dövrlərdə diqqət mərkəzində olub, təbii, coğrafi şəraiti, strateji mövqeyi, istedadlı insanları ilə dünyada məşhurlaşıb. Vurğulayıb ki, Azərbaycan mədəniyyəti tarixən şifahi xalq yaradıcılığı və milli klassik mədəniyyətin bünövrəsi üzərində yüksəlib. Bu mədəniyyətin yaradıcıları sırasında “Şirvani” ləqəbi ilə Yaxın və Orta Şərqə, Avropa ölkələrinə səpələnən yurddaşlarımız ölməz sənət əsərlərinin müəllifləridirlər.
Asif Ağayev Şamaxının “Azərbaycanın ədəbiyyat paytaxtı” elan olunmasında dövlətimizin diqqət və qayğısını xüsusi vurğulayıb, Mədəniyyət və Turizm Nazirliyinə şamaxılılar adından təşəkkürünü bildirib.
Mərasimdə Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev çıxış edərək, xalqımızın malik olduğu maddi və qeyri-maddi mədəni irsin qorunması və təbliği işinin mədəniyyət siyasətinin mühüm tərkib hissələrindən biri olduğunu bildirib. O, proqramın 2010-2014-cü illəri əhatə edən birinci mərhələsi çərçivəsində 5 il ərzində üç nominasiya üzrə 15 “paytaxt” şəhər elan olunduğunu, bu şəhərlərdə bir sıra yaddaqalan tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, proqramın icrası bölgələrin adət-ənənələrinin, mədəniyyətinin, tarixinin, turizm imkanlarının tanıdılmasına, rayonların mədəni həyatının dirçəldilməsinə böyük təsir göstərib. Təsadüfi deyildir ki, paytaxt seçilən şəhərlərdə keçirilən bir sıra festivallar artıq ənənəvi xarakter alıb.
Sonra Şamaxı şəhərinin “Azərbaycanın ədəbiyyat paytaxtı” elan edilməsi ilə bağlı hazırlanmış xatirə kuboku rayon rəhbərliyinə təqdim olundu.
Azərbaycan Yazıçılar Birliyi Şamaxı şöbəsinin rəhbəri, filologiya elmləri doktoru, professor Seyfəddin Qəniyev və filologiya elmləri üzrə fəlsəfə doktoru Eyvaz Eminalıyev çıxış edərək Şamaxının mədəniyyət, poeziya beşiyi olmasından danışdılar. Bildirildi ki, Fələki Şirvani, Əfzələddin Xaqani, İmadəddin Nəsimi, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Abbas Səhhət bu torpaqda yetişib, milli mətbuatımızın, uşaq mətbuatının, yeni üsullu məktəblərin və ana dili dərsliklərinin, teatrın yaranmasında, muğam sənətinin inkişafında, XIX əsrdə yeni bir mədəniyyət tipi kimi öz təsdiqini tapan ədəbi məclislərin, Azərbaycan-Avropa ədəbi əlaqələrinin yaranmasında Şamaxı ziyalılarının, sənət adamlarının müstəsna xidmətləri olub.
Mərasim respublikanın tanınmış incəsənət ustalarının konsert proqramı ilə davam etdirilib.
Şamaxı Azərbaycanın ədəbiyyat paytaxtıdır
Şamaxı Azərbaycanın ədəbiyyat paytaxtıdır
Şamaxı Azərbaycanın ədəbiyyat paytaxtıdır