Milli İncəsənət Muzeyi Asiya Milli Muzeylər Assosiasiyasına üzv oldu - FOTO

Milli İncəsənət Muzeyi Asiya Milli Muzeylər Assosiasiyasına üzv oldu - FOTO
06:18 2 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Oktyabrın 29-31-də Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində Asiya Milli Muzeylər Assosiasiyasının (ANMA) 7-ci konfransı keçirilib.

Mədəniyyət Nazirliyindən Publika.az-a verilən məlumata görə, qurumun builki toplantısında ölkəmizdə də təmsil olunub. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin Muzeylərlə iş sektorunun müdiri Nərgiz Abdullayeva tədbirdə iştirak edib.

Ənənəvi toplantının açılışında Malayziyanın Turizm, İncəsənət və Mədəniyyət nazirinin müavini Tuan Muhammad Baxtiar bin Van Çik salamlama nitqi ilə çıxış edib. Sonra konfransın sədri, Malayziyanın Muzeylər İdarəsinin baş direktoru Datuk Kamarul Baharin bin A.Kasim tədbir iştirakçılarını salamlayaraq ötən müddətdə görülən işlərə nəzər salıb.

Konfrans çərçivəsində Yaponiya, Çin, İndoneziya, Vyetnam, Tailand, Şimali Koreya, Nepal, Kamboca, Sinqapur, Oman, Qazaxıstan milli muzeylərinin son iki il ərzindəki fəaliyyəti ilə bağlı təqdimatları olub.

Tədbirdə həmçinin Azərbaycan Mədəniyyət Nazirliyinin sektor müdiri Nərgiz Abdullayeva tərəfindən ölkəmizin aparıcı muzeylərindən olan Milli Xalça və Milli İncəsənət muzeyləri ilə bağlı təqdimat təşkil edilib. Təqdimatda sözügedən muzeylər haqqında məlumat verilib, bu mədəniyyət ocaqlarının həyata keçirdiyi layihə və proqramlardan söz açılıb. Hər iki muzeyin fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.

Uğurlu təqdimatdan sonra səsvermə keçirilib və Azərbaycan Milli İncəsənət Muzeyi Asiya Milli Muzeylər Assosiasiyasına üzv qəbul edilib.

Tədbir çərçivəsində Tokio, Çin və digər üzv ölkələrin milli muzey direktorları ilə görüşlər təşkil edilib, əməkdaşlıqla bağlı müzakirələr aparılıb.

Konfrans iştirakçıları Malayziyanın məşhur Kral Sarayı, Milli və Tekstil muzeylərinə baş çəkiblər. Qonaqlar daha sonra UNESKO-nun Dünya irs siyahısında yer alan Malaka şəhərinə səfər ediblər.

Qeyd edək ki, Asiyadakı milli muzeylər arasında mübadilə və əməkdaşlığın təşviqi məqsədilə yaradılan ANMA-nın 16 üzvü var. Hər iki ildən bir assosiasiyanın konfransı təşkil olunur. Qurumun növbəti konfransı 2021-ci ildə Oman dövlətində keçiriləcək.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/art/294887.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR