Bakı, 18 may, AZƏRTAC
Mayın 18-də Azərbaycan Yazıçılar Birliyində (AYB) Milli Məclisin deputatı, professor Xanhüseyn Kazımlının “Böyük siyasətin davamı” kitabının 7-ci cildinin təqdimat mərasimi keçirilib.
“Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzində çap olunmuş kitabın elmi redaktoru Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, məsləhətçi akademik Əli Abbasovdur. Nəşrə ön sözü Milli Məclisin deputatı Fəttah Heydərov yazıb.
AZƏRTAC xəbər verir ki, Milli Məclis deputatlarının, yazıçıların, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri mərasimdə Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qoca ümummilli lider Heydər Əliyev ideyalarının əhəmiyyətindən danışıb, Ulu Öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib, “Böyük siyasətin davamı” kitabını yüksək dəyərləndirib.
Qeyd olunub ki, 2005-ci ilin avqust-dekabr aylarının siyasi salnaməsini təşkil edən bu cildin materialları aktuallığı, xalqımızın taleyüklü məsələləri ilə sıx və dərindən bağlılığı ilə seçilir. Kitabda dövlətimizin başçısının ümummilli lider Heydər Əliyevin işləyib hazırladığı böyük siyasəti necə məharətlə və yaradıcılıqla həyata keçirməsi, Azərbaycanın bütün sahələrdə ciddi uğurlar qazanması əksini tapıb.
Ulu Öndərin ölməz siyasi-mənəvi irsini onun arzularının çiçəklənməsi amalına səfərbər etmiş Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr, qısa müddətdə beynəlxalq aləmdə böyük nüfuz qazanmış bu Fondun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın geniş fəaliyyəti də bu nəşrdə ardıcıl əksini tapıb.
Milli Məclisin deputatı Hüseynbala Mirələmov, “Böyük siyasətin davamı” çoxcilidliyinin redaktoru, əməkdar jurnalist Tahir Aydınoğlu, AYB-nin katibi İlqar Fəhmi, ədəbiyyatşünas Əsəd Cahangir ümummilli lider, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin misilsiz xidmətlərini vurğulayıblar.
Dahi rəhbər Heydər Əliyevin siyasi xəttinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirildiyini bildirən natiqlər ölkəmizdə qazanılan nailiyyətlərdən söhbət açıblar.
Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin zəngin fəaliyyətindən bəhs edən “Böyük siyasətin davamı” kitabı, heç şübhəsiz, dəyərli tarixi mənbədir.