Cakarta, 25 may, AZƏRTAC
İndoneziyanın hərbi-dəniz qüvvələri ölkənin sahil sularında dolaşan, Myanma və Banqladeşdən olan qeyri-leqal miqrantların xilası məqsədilə əməliyyatlara başlayıb. Bu barədə İndoneziya silahlı qüvvələri məlumat yayıb.
Silahlı qüvvələrin nümayəndəsi Fuad Basya bildirib ki, Prezident Coko Vidodo ölkənin sahil sularında xilasetmə əməliyyatları ilə bağlı əmr verib. Xilasetmə işlərində dörd gəmi və aviasiya iştirak edir. F.Basya əlavə edib ki, qeyri-leqal miqrantlar sahilə çatdırılacaqlar.
Əvvəllər sahil sularında taxta qayıqlarda dolaşan miqrantlara yalnız yerli balıqçılar yardım göstərirdilər, rəsmi orqanlar isə onları qəbul etməkdən imtina edirdi. İndoneziya və Malayziya hökumət orqanları arasında mayın 20-də Kuala-Lumpurda xarici işlər nazirlərinin görüşündə əldə edilən razılaşmaya əsasən, bu ölkələr yeddi min miqrantı müvəqqəti qəbul edəcəklər. Görüşdə Tailandın rəsmi nümayəndələri də iştirak ediblər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Cakarta