Birinci Avropa Oyunlarının alovu Azərbaycan səyahətinin növbəti günündə Oğuz və Şəkidə qarşılanıb.
Oğuzda 2,33 km-i əhatə edən estafet yürüşünə Heydər Əliyev prospektinin Saleh Qazıyev və Mirzə Ələkbər Sabir küçələri ilə kəsişməsində Rəfiqə Babayeva start verdi. Bayraq meydanına qədər yürüşü Dinara Salamova, Ehtiram Nəsibov, Ziya Cumayəddin, Elvin Qarayev, Ətayə Ramazanova, Cavidan Həsənov, Müslüm Mövludov və Vüqar Bəkirov davam etdirdilər. Burada Araz Umarov olimpiya idman kompleksinin ərazisinə daxil olaraq, son məsafəni qət etdi. O, digər həmkarlarının müşayiəti ilə kompleksdə quraşdırılmış səhnənin önünə gəldi və Bakı 2015 çırağını yandırdı.
Bakıda Atəşgah məbədində ilk məşəlin alovlandırılması mərasimindən videofraqmentlər, birinci Avropa Oyunlarına həsr olunmuş təbliğat çarxı nümayiş etdirildikdən sonra məşəlçilər səhnəyə dəvət olundular. Bakı 2015-in Oğuza hədiyyəsi olan çırağın təhvil verilməsi mərasimi oldu. 16 yaş Nurtac Kazımova çırağı rayon ictimaiyyətinin nümayəndəsinə təhvil verdi.
Sonra Bakı 2015 alovu Şəkiyə gətirildi.
Şəkidə məşəl karvanı əvvəlcə qədim Kiş kəndinə gəldi. İlk istiqamət alban məbədi olub. Burada aparılan fotoçəkilişlərdən sonra karvan Şəki qala divarları önünə gəldi. Dünya abidələri siyahısına daxil edilmiş və 1790-1797-ci illərdə Məhəmmədhəsən xanın inşa etdirdiyi Xan sarayında ayaq saxlamadan məşəlin Azərbaycan səyahəti natamam görünərdi.
Birinci məşəlçi Sədaqət Məmmədzadənin iştirakı ilə aparılan çəkilişlərdən sonra elə buradan estafet başlandı. 2,2 km-lik məsafəni Mirzə Fətəli Axundzadə prospekti və 20 Yanvar küçələrindən keçərək, Heydər Əliyev prospekti ilə davam edən yürüşdə Aqşin İbrahimov, Zəminə Rəsulova, Samir Əsgərov, Seymur Qasımzadə, Bəkir Xəlilov, Qabil Qədimov, İntiqam Əmrahov, Məmmədnuru Əzizov, həmçinin Avropa Oyunlarının rəsmi dəstəkçilərindən “Bazarstore”nin nümayəndəsi Günay Məmmədova və Bakı 2015-in ulduz elçisi Vaqif Rəsulov davam etdirdilər. Respublika dərəcəli futbol hakimi Rəvan Həmzəzadə məşəllə Məhəmməd Əmin Rəsulzadə və Mirzə Fətəli Axundzadə prospektlərinin kəsişməsində qurulmuş səhnə önünə qədər məsafəni həmkarlarının müşayiəti ilə qət etdi.
Həmin vaxt burada artıq Alov festivalı başlanmışdı. Avropa Oyunları Bakı 2015-in alov səyahəti barədə məlumat verən aparıcı estafetin son iştirakçısını səhnəyə dəvət etdi. Mərasimə toplaşan izdihamlı kütlənin gur alqışları ilə sonuncu məşəlçisi səhnəyə qalxaraq, Oyunların sonuna qədər söndürülməyəcək daha bir Bakı 2015 çırağını alovlandırdı.
Sonra çırağın Şəkiyə təqdim olunması mərasimi keçirildi. Onu ictimaiyyətinin nümayəndəsinə 17 yaşlı Orxan Ramazanov təhvil verdi.
Bakı 2015 alovu səyahətini bu gün ilk öncə İsmayıllı rayonunda, günün ikinci yarısında isə Qəbələdə növbəti festivalla davam etdirəcək.