Bakı, 26 may, Pərvanə İmanova, AZƏRTAC
Mayın 26-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və Respublika Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilən “Ölkənin ictimai-siyasi həyatında AMEA, Respublika Ağsaqqallar Şurası və gənc alimlərin rolu” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə ümummilli lider Heydər Əliyevin zəngin və çoxşaxəli fəaliyyətindən danışıb. O, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə elm, təhsil və mədəniyyətin inkişafına xüsusi qayğı ilə yanaşdığını söyləyib.
Sonra Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov “Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətinin banisidir. İctimai-siyasi həyatda respublika ağsaqqallarının rolu” mövzusunda məruzə ilə çıxış edib.