Bakı, 27 may, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hərbi qulluqçuların mənəvi-psixoloji vəziyyətinin yüksəldilməsi və gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi haqqında göstərişlərini, müdafiə nazirinin əmr və sərəncamlarından irəli gələn tələbləri rəhbər tutaraq Gəncə Qarnizonu Zabitlər Evinin və Müdafiə Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə Silahlı Qüvvələr Gününə həsr edilmiş “Vətən uğrunda” hərbi-vətənpərvərlik mahnı müsabiqəsi davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müsabiqədə iştirak etmək üçün aprelin 10-dək 186 hərbi qulluqçu və 101 mülki şəxsin müraciəti daxil olub.
İştirakçıların ifası əməkdar artistlər Azərin və İlqar Muradov tərəfindən qiymətləndirilir. I və II seçim turu cəbhə bölgələrində yerləşən rayonların ərazisindəki hərbi hissələrdə keçirilib. Mülki şəxslər üçün hərbi hissənin ərazisində gəzinti təşkil olunub. Hazırda müsabiqədə seçim turundan keçən iştirakçıların səsverməsi başlayıb.
www.gim.az saytında keçirilən elektron səsvermədə nəticələr hər an dəyişir. Müsabiqə haqqında ətraflı məlumatı www.gim.az saytından və “Vətən uğrunda mahnı müsabiqəsi”nin facebook səhifəsindən əldə etmək olar.
Mayın 26-sı saat 15:00-a olan məlumata görə, səsvermənin səhifəsinə 18600 nəfər daxil olub, onlardan 7814 nəfəri elektron səsvermədə iştirak edib. Səsvermə mayın 30-dək davam edəcək.
Müsabiqənin yarımfinalının iyunun 15-də, finalının isə iyunun 20-də keçirilməsi planlaşdırılır.
Qaliblərin mükafatlandırılması Silahlı Qüvvələrin yaradılmasının 97-ci ildönümünə həsr olunmuş qala-konsertdə baş tutacaq.