Şəhid Xudayar Yusifzadənin doğum günü qeyd olundu -

Bu gün “Vətən yaxşıdır” mahnısı ilə özünü hamıya sevdirən Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin doğum günüdür.

Xudayar 1998-ci ilin iyulun 15-də Bərdə şəhərində anadan olub. Yaşasaydı onun 23 yaşı tamam olacaqdı.

Metbuat.az xəbər verir ki, şəhidimizin ilk ad günü doğulub boya-başa çatdığı evdə böyük izdihamla keçirilib. Keçirilən tədbirdə şəhidin yaxınları və qohumları, şəhid ailələri, qazilər, hərbçilər, ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxışlar zamanı şəhid Xudayarın müharibə zamanı göstərdiyi böyük şücaətlərdən danışılıb.

Qeyd olunub ki, 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsi 44 gündən sonra başa çatdı. Amma bu müharibə bizə nə qədər qəhrəman, igid oğullarımızın olduğunu bir daha göstərdi. Onlar arasında elə ölümü ilə dastan yazanlar, dillər əzbərinə çevrilənlər də oldu, Xudayar Yusifzadə kimi. Şəhid Xudayar evin son beşiyi olub. Ondan böyük bacısı və qardaşı var. Kiçik yaşlarından atasını itirib. Xudayara ailədə, tanışları, yaxınları “Xudu” deyərək müraciət edirdi.

Xudayar 2004-2015-ci illərdə Bərdə şəhərində Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində təhsil alıb. O, kiçik yaşlarından mahnı oxumağa həvəsli olub. Xudayarın atası da qarmon ustası olub. Buna baxmayaraq, o idmanla da məşğul olub. 2012-2018-ci illərdə yerli yarışlarla yanaşı, bir sıra beynəlxalq turnirlərdə də qızıl medal qazanıb.

O, 2016-2018-ci illərdə Dövlət Təhlükəsizliyi Xidmətinin “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə o, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətdən artıq hərbi xidmət qulluqçusu olaraq xidmət edib. Bundan sonra o “gizir” hərbi rütbəsi alıb.

General-mayor Polad Həşimovun Tovuz döyüşləri zamanı şəhid olmasından sonra öz istəyi ilə Bərdə Rayon Hərbi Komissarlığına müraciət edib.

Xudayar Yusifzadə Bərdə şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

Xatırladaq ki, Ali Baş Komandan İlham Əliyev tərəfindən Xudayar Yusifzadə ölümündən sonra “Vətən uğrunda”, “Zəngilanın azad olunmasına görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR