Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Dəkkədə sosial bizneslə bağlı toplantıda iştirak edib

Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Dəkkədə sosial bizneslə bağlı toplantıda iştirak edib
12:58 30 May 2015
30 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 30 may, AZƏRTAC
Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev Banqladeşin paytaxtı Dəkkədə Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunusun rəhbərlik etdiyi Beynəlxalq Yunus Mərkəzinin təşkilatçılığı ilə keçirilən Beynəlxalq Sosial Biznes tədbirində iştirak edib.
BAMF-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə sosial biznesin inkişaf perspektivləri, davamlı inkişafın təmin edilməsi məqsədilə vətəndaş cəmiyyəti təşkilatlarının potensialının, aztəminatlı insanların ailə gəlirlərinin artırılması yolları, dövlət-vətəndaş cəmiyyəti və icma əsaslı qrupların qarşılıqlı əməkdaşlığının uğur modelləri müzakirə olunub.
Tədbiri açan Məhəmməd Yunus bildirib ki, iş yerinin açıldığı yerdə əvvəlcə sosial şərait yaradılmasına əmin olmaq vacibdir. Üç sıfır nəzəriyyəsi haqda danışan M. Yunus “0 yoxsulluq, 0 işsizlik, 0 zərərli istehsal” tezisini bəşəriyyətin davamlı inkişafı üçün nəzəri aspekt hesab etdiyini deyib. Bunun üçün gənclərin, texnologiyanın, sosial biznesin və doğru idarəçiliyin vacibliyindən danışan Məhəmməd Yunus insanların sürətlə artdığı müasir dünyamızda qlobal problemlərin qarşısının alınması üçün sosial biznesin paralel inkişafını qeyd edib.
Tədbir çərçivəsində Məhəmməd Yunusla görüşən Umud Mirzəyev Azərbaycanda sosial biznesin inkişafı istiqamətində yeni innovativ proqramların tətbiqi, bununla bağlı BAMF-ın peşə təlimləri, icma inkişafı və mikromaliyyə modelinin digər ölkələrdə tətbiqinin uğurlu perspektivlərini qeyd edib. Bu istiqamətdə Azərbaycan Prezidentinin yerli sahibkarlara çağırışının əhəmiyyətini vurğulayan Umud Mirzəyev sosial biznesin, sosial missiyanın nailiyyətlər əldə etməsində hökumət, azad sahibkarlıq və vətəndaş cəmiyyəti təşkilatlarının rolunun əhəmiyyətindən danışıb.
Tədbirdə videomüraciətlə çıxış edən BMT baş katibinin siyasi əlaqələr və agentliklərarası münasibətlər üzrə müşaviri Tomas Qass inkişaf etmiş və inkişaf etməkdə olan ölkələri gələcək inkişafın qurulmasına, davamlı inkişaf prioritetlərinin gücləndirilməsi üçün sosial biznesə xüsusi önəm verməyə çağırıb. “İqlimin 2 dərəcə dəyişməsi ilə tamamilə dəyişən dünyamızda səylərimizi birləşdirməklə iqtisadi imkanları, insan haqlarını, yaşıl iqtisadiyyatı, sosial həyatı qorumalıyıq” deyən T. Qass bu istiqamətdə dövlət və vətəndaş cəmiyyətinin əməkdaşlığının prioritet olduğunu bildirib.
Daha sonra ABŞ-ın keçmiş Prezidenti Bill Klintonun videomüraciəti səslənib. O, yoxsulluğun aradan qaldırılması istiqamətində hər kəsin əlindən gələni etməsinin vacibliyini vurğulayıb.
Tədbirdə çıxış edən məşhur aktrisa Şeron Stoun yaxşıya dəyişən hər şey üçün insanları birliyə və sülhə çağırıb.
ABŞ-ın Beker Kollecinin rəhbəri Robert Conson dünyanın yeni inkişafında təhsilin, sosial fəaliyyətin və yaradıcı işlərin əhəmiyyətli olduğunu bildirib. O, artıq dünyanın aparıcı universitetləri və kolleclərinin 90 fakültəsində sosial biznes və davamlı inkişaf istiqamətində araşdırmaların aparıldığını qeyd edib.
Malayziya Baş nazirinin köməkçisi Tan Şri Şarifa Hafsah dəyişən dünyamızda mənfəətin deyil, davamlı inkişafa nail olmağın prioritetlərindən danışıb.
Tədbir panel iclaslarla davam etdirilib.
Sosial inkişaf panelində çıxış edən Yunus Mərkəzinin həmtəsisçisi Saskia Bruyşteyn və Almaniyanın Gramen Yaradıcılıq Mərkəzinin təsisçisi Hans Reitz “3 P tezisi” (profit, product, planet ) ilə çıxış ediblər.
Mikromaliyyə və sosial biznes panelində çıxış edən Umud Mirzəyev mikromaliyyə təşkilatlarının fəaliyyətinin davamlı innovativ proseslərlə zənginləşdirilməsinin önəmini qeyd edib. O, maliyyə imkanlarının, təlim və peşə vərdişlərinin artırılmasının, borclanmanın aradan qaldırılması üçün sosial biznesin inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb.
Sosial biznesin inkişafı istiqamətində Azərbaycan modeli maraqla qarşılanıb.
Tədbirdə 27 ölkədən 500 nəfərdən çox nümayəndə müxtəlif panellər üzrə müzakirələrə qoşulub. Altıncı Beynəlxalq Sosial Biznes Günü müxtəlif institutların, elmi-tədqiqat mərkəzlərinin, icmaların sosial biznes sərgisi ilə davam etdirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Beynelxalq_Avrasiya_Metbuat_Fondunun_sedri_Dekkede_sosial_biznesle_bagli_toplantida_istirak_edib-859363

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR