Bakı, 1 iyun, Xatirə Cəfərova, AZӘRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) ) tərəfindən 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı təşkil olunmuş "İstedadlı uşaqlar-2015" festivalının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
AZӘRTAC xəbər verir ki, tədbirdə 130-dək uşaq, o cümlədən xüsusi qayğıya ehtiyacı olan və milli azlıqlardan olan uşaqlar iştirak ediblər.
AQUPDK-nın sədri Hicran Hüseynova, Milli Məclis sədrinin müavini Bahar Muradova, Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov uşaqları təbrik edib və onlara yaradıcılıq uğurları arzulayıblar. Bildirilib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün isə Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət uşaq siyasəti artıq milli strategiya kimi formalaşıb. Azərbaycanda bu istiqamətdə müvafiq qanunvericilik bazası mövcuddur.
Tədbirdə uşaqların rəsm əsərlərinin nümayişi, həmçinin 2014-2015-ci illərdə uğur qazanmış uşaqların fəaliyyətini özündə əks etdirən "İstedadlı uşaqlar-2015" filminin təqdimatı olub.
Mərasimdə elm, təhsil, yaradıcılıq, incəsənət və idman sahələrində Azərbaycanı beynəlxalq müsabiqələrdə və yarışmalarda təmsil edərək qalib olmuş, yüksək nailiyyətlər əldə etmiş uşaqlar mükafatlandırılıb, "Azərbaycanın gələcəyi" kuboku ilə təltif olunublar.
Milli Məclisin deputatlarının, dövlət qurumlarının, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirak etdiyi tədbir konsert proqramı ilə davam edib.













