Azərbaycan millisinin futbolçusu Qara Qarayev son oyunlarda milliyə çağırılmaması ilə bağlı danışıb.
Metbuat.az xəbər verir ki, futbolçu "Bol idman" verilişində Canni De Byazinin müsahibələri ilə bağlı önəmli açıqlamalar edib.
"Özünüz də bilirsiniz ki, mən deyilən sözlərdən sonra susdum. Milliyə çağırılmayacağımı gözləmirdim. Hətta mən hazırlıqlı idim, yüklərimi yığmışdım. Millidə 77 oyun oynamışam, sonrakı oyunlarda adımın olmaması mənim üçün çətin idi. Adım siyahıdan olmayandan sonra özümü toparladım. İnstaqram hesabımda fikrimi bildirdim, baş məşqçiyə hörmət etdiyini yazdım. O, baş məşqçidir, məni çağırmaya bilər. Məsələnin qapandığını düşündüm. Amma De Byazinin müsahibəsi məni təəccübləndirdi. Bu həftə ərzində də susmağımın əsas səbəbi milli oyunlar ərəfəsində ab-havanı korlamamaq idi".
Qarayev bildirib ki, baş məşqçi Canni de Byazi ona boyunun qısa olduğunu deyib:
"Milliyə keçəndən sonra ilk oyunda oynadılmadım. İkinci oyunda - Belarusiya ilə oyunda De Byazi mənimlə söhbət apardı. Mənə dedi ki, sənin boyun bir az qısadır. İstəyirəm ki, həmin mövqedə hündür oyunçu oynadım. Mən də gülərək dedim ki, yəqin mənim komandada şansımın olmayacğımı deyirsiniz. Mənim 30 yaşım var, boyumun artması dayanıb artıq".
Byazinin ikinci müsahibəsində oyunçunun özünü düzgün aparması ilə bağlı fikirlərinə Qara bunları deyib:
"Belarusiya ilə sonuncu oyundan sonra oyun bitib və mən evə getmişəm. Ona qədər əgər qeyri-etik davranış vardısa, bu, mənə deyilməli idi. Canni De Byazinin bu sözləri mənə təsir edir. Mənim Azərbaycan millisində necə davranacağımı mənə öyrədə bilməz. Milli maraqları, millli mənsubiyyəti mənə öyrədə bilməz".
Daha ətraflı videoda:
Qeyd edək ki, Azərbaycan millisinin çalışdırıcısı müsahibələrində Qara Qarayev və Rəhim Sadıxova dəvət göndərməməsindən danışarkən qeyd etmişdi ki, yığmada futbolçu özünü yaxşı aparmalıdır. Həmçinin Byazi Qara Qarayevin milliyə çağırılması ilə bağlı suala "Səbəbləri özü bilir" cavabını vermişdi.