Bakı, 2 iyun, AZƏRTAC
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Mirzəyev Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunusun dəvəti ilə Banqladeşə səfəri çərçivəsində Dəkkə şəhərində vətəndaş cəmiyyətinin bir sıra tanınmış nümayəndələri, hökumət rəsmiləri, aparıcı media orqanlarının rəhbərləri, mikromaliyyə və sosial biznes sahəsində böyük uğurlar qazanmış təşkilatların tanınmış təmsilçiləri ilə görüşüb. Bu barədə BAMF-ın informasiya departamentindən AZƏRTAC-a bildiriblər.
Dünyanın 41 ölkəsində fəaliyyət göstərən, 5 mindən çox yerli bölməsi olan “Gramen Bank”ın və “Gramen” İnam Fondunun təsisçisi, mikromaliyyənin və sosial mikrokreditləşmənin yaradıcısı, Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunusla və Beynəlxalq Yunus Mərkəzinin rəhbəri Lamiyə Morşidlə görüşdə ikitərəfli əlaqələrin gücləndirilməsi, sosial biznes və davamlı inkişaf prioritetlərinin birgə əməkdaşlıq çərçivəsində inkişafı istiqamətində müzakirələr aparılıb.
Məhəmməd Yunus BAMF-ın vətəndaş cəmiyyəti sahəsindəki fəaliyyətini yüksək dəyərləndirdiyini və birgə əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həllində sülh carçılarının səsinin önəmli olduğunu qeyd edən Umud Mirzəyev Beynəlxalq Yunus Mərkəzinin dünyada sülhün və davamlı inkişafın təbliği istiqamətində gördüyü işlərin əhəmiyyətini vurğulayıb.
Məhəmməd Yunus Beynəlxalq Avrasiya Mətbuat Fondu, Beynəlxalq Yunus Mərkəzi və Azərbaycanın, eləcə də postsovet ölkələrinin aparıcı akademik mərkəzlərinin iştirakı ilə Bakıda qlobal sülh və sosial sammitin keçirilməsini və dünyaya birgə sülh mesajlarının verilməsini məqsədəuyğun hesab etdiyini bildirib.
Görüşün sonunda birgə qərarlar qəbul olunub. Bu qərarlardan biri də odur ki, BAMF Məhəmməd Yunusun tərcümeyi-halı və fəaliyyəti haqda yazılan, böyük oxucu kütləsinin rəğbətini qazanan kitabı Azərbaycan dilinə tərcümə edəcək. Qarşı tərəf isə Azərbaycana səfərin reallaşdırılması üçün ilkin proqramın hazırlanması istiqamətində razılığını bildirib.
Beynəlxalq ASA (Ümid) təşkilatının rəhbəri Şafiqul Haqu Çoduri ilə görüşən Umud Mirzəyev Banqladeşdə qeyri-hökumət təşkilatlarının kifayət qədər uğurlu və uzun yol keçdiyini, bu istiqamətdə Azərbaycanda da inkişafın sürətlə davam etdiyini, ikitərəfli münasibətlərin qurulmasının, təcrübə mübadiləsi aparılmasının əhəmiyyətini xüsusi vurğulayıb.
Şafiqul Haqu Çoduri təşkilatında 28 mindən çox insanın çalışdığını və dünyanın 11 ölkəsində bir milyard ABŞ dollarına yaxın büdcə ilə fəaliyyət göstərdiklərini qeyd edib. O, vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi, yoxsulluğun aradan qaldırılması, səhiyyə və təhsil sahələrində BAMF-la birgə əməkdaşlıq sayəsində ciddi nəticələr əldə olunacağını qeyd edib. “Çox az bir məbləğlə fəaliyyətə başlayaraq Beynəlxalq “ASA Holding”in, “ASA” Universitetinin və digər təsisatların qurucusu kimi deyə bilərəm ki, Azərbaycanın vətəndaş cəmiyyəti ilə əməkdaşlığa hər zaman açığıq”, - deyən Ş.H.Çoduri BAMF-ın fəaliyyət istiqamətlərinin çox maraqlı olduğunu və əməkdaşlığın qarşılıqlı fayda verəcəyinə inandığını söyləyib.
Umud Mirzəyev və BAMF-ın nümayəndələrinin Asiya ölkələrində yaxşı tanınan, 160 ölkənin jurnalistlərini özündə birləşdirən Beynəlxalq Mətbuat İnstitutunun İdarə Heyətinin üzvü, Boyşaki televiziyasının aparıcı şəxslərindən olan Bülbül Əhsən ilə görüşündə də faydalı müzakirələr aparılıb. Görüşdə media və televiziya işçilərinin qarşılıqlı təcrübə mübadiləsinin faydalı olduğu xüsusi vurğulanıb. Bülbül Əhsən Azərbaycanda medianın inkişafı istiqamətində görülən işlərin Asiya ölkələrində də tətbiqi üçün ikitərəfli münasibətlərin inkişafının önəmini qeyd edib.
Daha sonra Umud Mirzəyev 2015-ci il uşaqların müdafiəçisi, sülh fəalı, Nobel Sülh Mükafatı laureatı Kaylaş Satyari ilə görüşüb.
BAMF-ın fəaliyyəti, Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı, insan haqlarının istiqamətləri haqda Kaylaş Satyariyə məlumat verən U. Mirzəyev Nobel Sülh Mükafatı laureatlarının dünyanın münaqişə ocaqlarının olduğu ölkələrə səfərlərinin vacibliyini qeyd edib və onu Azərbaycana dəvət edib.
Səfər zamanı U. Mirzəyev Banqladeşin ticarət naziri Tofail Əhməd, Maliyyə Nazirliyinin daxili resurslar şöbəsinin müdiri M. Cəlil, Səhiyyə və Ailə Planlaması Nazirliyinin katibi Nasir Uddin, deputatlar, vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşərək qarşılıqlı fikir mübadiləsi aparıb, gələcək əməkdaşlıq istiqamətində razılıq əldə olunub.
