Fələstin xalqının Qəzzavü-qədəri – İsrail nə istəyir?

Dünya yeni irimiqyaslı müharibənin bir addımlığındadır. Orta Şərqdə baş verənlər orta əsrləri xatırladır. İnsan faciəsi sərhəd tanımır. Ölüm sayı artdıqca, kədər və təəssüf hissi azalır. İndi körpələr beşik-beşik ölür gözümüzün qabağında. Ölümə qarşı immunitetimiz güclənib. Hislərimiz korlaşıb. Daha gözümüzdən yaş çıxmır. Yaşını və yaşayışını itirmiş bu qoca dünyanın ağsaqqalları isə bir işə yaramır.

Bayden okeanın o tayından səndələyə-səndələyə sözügedən bölgəyə gəldi. Onun bu səfəri İsrailə dəstək, bölgəyə isə sülh gətirməli idi. Ən azı gözləntilər bu yöndə idi. Dəstək gəldi, sülh gəlmədi.

Netanyahu hökuməti qərarında qətidir: HƏMAS məhv edilənə qədər hərbi əməliyyatlar davam edəcək. HƏMAS-ın məhvi isə İsrail qoşunlarının təkcə havadan deyil, qurudan da müdaxiləsini tələb edir. Bir neçə gün öncə hərbçilər qarşısında çıxış edən İsrail Müdafiə naziri Yoav Qallant "indi siz Qəzzanı uzaqdan görürsünüz, tezliklə içəridən də görəcəksiniz" sözləri ilə açıq mesaj vermiş oldu.

HƏMAS Qəzza əhlinin legitim seçimidir. Amma ABŞ, Avropa Birliyi və İsrail tərəfindən terror təşkilatı kimi tanınır. 7 oktyabrda İsrail ərazisinə hücum və dinc insanların öldürülməsi də açıq-aşkar terror aktı idi.

İsrail dövləti çox sərt şəkildə bunun qisasını alır. Uzunluğu 41 km olan Qəzzada daş üstə daş qalmayıb. Yıxılan binaların toz-dumanı altında neçə həyatlar yoxa çıxır. Fələstin Səhiyyə nazirliyinin məlumatına görə, ölənlərin sayı 7 mini keçib.

İsrailin Qəzzada törətdikləri müharibə qaydalarına uyğun hesab oluna bilərmi? Bir neçə gün əvvəl Bayden bu sual qarşısında gözlərini döyərək aciz qaldı və “sizinlə danışmaq xoş idi” deyərək cavabdan yayındı. Onun əvəzinə isə bu suala Qəzzada həyatını itirən azyaşlıların cansız bədənləri cavab verir. Özü də az qala hər gün.

Bir əsrdir davam edən ərəb-yəhudi savaşının növbəti mərhələsinə qədəm qoymuşuq.

İsrail HƏMAS-ı bitirməkdə israrlıdır. 200-dən çox şəxsi əlində girov saxlayan HƏMAS isə müqavimətə davam edir. Böyük müharibə qaçılmaz, sülh isə əlçatmaz görünür. Ona görə əlçatmaz ki, İsrail Qəzzada quru əməliyyatına başlasa, İranın bölgədəki proksi gücü olan Hizbullah buna səssiz qalmayacaq. Necə ki qalmır. Təşkilatın rəsmilərindən Şeyx Naim Kassem bildirib ki, əgər İsrail quru əməliyyatlarına başlasa, Qəzza sionistlər üçün məzarlığa çevriləcək.

Artıq günlərdir ki, Livanın cənubu ilə İsrailin şimalı qaynar nöqtəyə çevrilib. Tərəflər bir-birini mütəmadi atəşə tutur. Bir xeyli ölkə öz vətəndaşlarına Livana səfər etməməyi və bu ölkəni tərk etməyi tövsiyə edib.

Gərginlik başlayandan bəri İsrail ABŞ-dən xeyli (ən azı 45 yük təyyarəsi ilə 1000 ton civarında) silah-sursat və hərbi texnika əldə edib. İsrail rəsmiləri davamlı olaraq “bu müharibə uzun çəkəcək” deyirlər. Aşkar məlumdur ki, HƏMAS qədər Hizbullah da hədəfdir. Bəlkə də elə əsas hədəfdir.

Bəlkə də Qəzzada HƏMAS-a qarşı əməliyyat əslində daha böyük düşmən olan Hizbullahı, dolayısı ilə İranı regional müharibənin içinə çəkib sarsıdıcı zərbə vurmaq məqsədi daşıyır. Hizbullah İsrail üçün düz burnunun ucunda yerləşən kiçik İran deməkdir.

İran demişkən, bu ölkə hələ ki, dövlət rəsmilərinin xəbərdarlıqları ilə kifayətlənir. Ölkə daxilində keçirilən bir sorğuda 5 milyondan çox iranlı İsrailə qarşı müharibədə könüllü iştiraka hazır olduğunu bəyan edib. İranlı deputatlar isə parlamentin hər iclasına “Amerikaya və İsrailə ölüm” şüarları ilə başlayır və Fələstin xalqına dualar edirlər.

Müasir dünyada duaların deyil, PUA-ların daha çox işə yaradığını nəzərə alsaq, hələ ki, İsrailin fəaliyyəti daha çox ortadadır. Amma bölgədə rəsmi Tehranı Hizbullah təmsil edir və heç də zəif silahlı qruplaşma hesab olunmur. 1982-ci ildə İsraili Livanın cənubundan çıxarmaq məqsədi ilə qurulan təşkilat yəhudi dövlətinin əsas düşmənlərindən biridir.

Bəzi ölkələr tərəfindən terror təşkilatı kimi tanınan Hizbullah tək hərbi deyil, siyasi və sosial sahələrdə də fəaliyyət göstərir. Təşkilat Livanda xəstəxanalar, məktəblər, yardım dərnəkləri açmaqla, geniş sosial xidmətlər şəbəkəsinə sahibdir. Bir sözlə, Livanda möhkəm dayaqları var. Qeyri-rəsmi rəqəmlərə görə, Hizbullah 30-60 min arası yaxşı və yarımpeşəkar hazırlıqlı döyüşçü ehtiyatına sahibdir.

Deməli baş nazir Netanyahunun da dediyi kimi, İsraili bu müharibədə həqiqətən də çətin sınaq gözləyir. İndi bütün dünyanı İsrailin Qəzzada yerüstü əməliyyata nə vaxt başlayacağı maraqlandırır.

Qeyri-rəsmi məlumata görə, HƏMAS-ın Qəzzada 30 min civarında silahlısı var. Onların böyük əksəriyyəti yeraltı tunellərdə gizlənir. İsrail quru əməliyyatı keçirərsə, böyük itki ilə qarşılaşa bilər. Bu isə Netanyahu hökumətini narazı xalq qarşısında daha ağır duruma salacaq. Amma həm də hökumət bu gərginlikdən üzüağ çıxmaq üçün girovları azad etməli, HƏMAS-ı məhv edərək daxildəki narazılığı yatırmalıdır.

Yerüstü əməliyyata başlamaq isə şimaldan Hizbullahı döyüşə qaldırmaq deməkdir. Bir sözlə, İsrail “yuxarı baxır bığ, aşağı baxır saqqal” misalı, qalıb ortalıqda.

Bütün baş verənləri ümumiləşdirəndə iki sual özünə cavab axtarır.

HƏMAS nə istəyir?
İsrail nə istəyir?

Cavab eynidir. İkisi də bir-birinin məhvini istəyir. Deməli burada mövcudluq uğrunda savaş gedir. Başqa sözlə desək, ölüm-qalım məsələsi.

Kimin qalıb kimin öləcəyini zaman göstərəcək. Amma geridə qoyduğumuz zamanın artıq bizə göstərdiyi bir gerçəklik var. Tərəflər güzəştə getmədikcə bu torpaq hələ çox qan aparacaq.

Güzəşt deyərkən, mən bu konfliktin fundamental həllinə dair hər iki tərəfin ciddi mənada geri addım atmasını nəzərdə tuturam. Mənə görə, problemin yeganə həlli budur: BMT-nin 1947-ci il 181 saylı qətnaməsində ərəb dövləti üçün nəzərdə tutulan ərazilərdə Fələstin dövlətinin suverenliyi bərpa olunsun və bu rəsmi olaraq BMT tərəfindən tanınsın. Bunun qarşılığında isə HƏMAS tərkisilah edilsin. Necə deyərlər, hər iki tərəf geriyə doğru bir addım ataraq ümumi işdə irəliyə doğru böyük bir addım atmış olar. Ola bilsin utopik səslənir. Amma mən başqa variant görmürəm.

Bu konfliktdə güzəştin alternativi yoxdur. Əks halda Fələstin xalqının qəzavü-qədəri olan Qəzza tarixin ən böyük məzarlığına çevriləcək.

Rahil Sayadoğlu, xüsusi olaraq Metbuat.az üçün.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı