Bakı, 10 iyun, AZƏRTAC
İyunun 10-da Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) 15 İyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib.
ADİU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə universitetin rektoru, professor Ədalət Muradov 15 İyun - Milli Qurtuluş Gününün Azərbaycan tarixində əhəmiyyətli dönüş mərhələsi olduğunu söyləyib. Qeyd olunub ki, Azərbaycan müstəqilliyini əldə etdiyi ilk illərdə çox ağır dövrünü yaşayıb. Hökm sürən siyasi gərginlik, vətəndaş müharibəsi təhlükəsi ölkəni iqtisadi böhrana sürükləmişdi. Belə ağır dövrdə xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev ölkədə sabitliyə nail ola bildi. Azərbaycan qısa zamanda iqtisadi sabitlik və inkişafa qədəm qoydu. Bu irəliləyiş əsası Ulu Öndər tərəfindən qoyulan güclü iqtisadi inkişaf strategiyası sayəsində mümkün olub.
Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrini söyləyib. Qeyd edilib ki, Ulu Öndərin xalqa sevgisi və cəsarəti sayəsində ölkədə həmrəylik yaranıb və vətəndaşlar milli maraqlar ətrafında birləşə bilib. Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində ölkədə sabitlik bərpa olunub, iqtisadi tənəzzülün qarşısı alınıb. Azərbaycan bu gün dünyanın sürətlə inkişaf edən ölkələri sırasındadır.
F.Heydərov bildirib ki, iqtisadi qüdrətə nail olan ölkə ilk Avropa Oyunları kimi möhtəşəm tədbirə ev sahibliyi etməyə hazırlaşır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan iqtisadi-siyasi kurs hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
ADİU-nun professorları Əli Əlirzayev və Hidayət Cəfərov Ulu Öndərin Azərbaycanın dinamik inkişafa nail olunması yolundakı əvəzsiz xidmətlərindən söz açıblar.
Tədbirin sonunda Milli Qurtuluş Gününə həsr olunmuş film nümayiş etdirilib.
İqtisad Universitetində Milli Qurtuluş Günü qeyd edilib