Kuala-Lumpur, 11 iyun, AZƏRTAC
Azərbaycanın dünya şöhrətli muğam ifaçısı Alim Qasımov Malayziyada keçiriləcək “DiverseCity 2015: Kuala-Lumpur” Beynəlxalq İncəsənət Festivalında (KLIAF) çıxış edəcək.
Bu barədə məlumat Malayziyanın ingilis dilində nəşr olunan “Star” qəzetində dərc olunub. “Mədəni yaxınlaşma” adlı məqalədə qeyd edilir ki, Malayziyanın “Pusaka” şirkəti tərəfindən cari ilin sentyabrında ilk dəfə keçiriləcək bu beynəlxalq festivalda müxtəlif ölkələrdən, o cümlədən Hindistan, Azərbaycan, Tailand, Pakistan, Yaponiya və Koreya Respublikasından rəqs, musiqi, ədəbiyyat, və komediya janrlarında tanınmış sənətkarların iştirakı gözlənilir.
Bildirilir ki, festivalda tanınmış Malayziya musiqiçiləri Zainal Abidin, Daşa Logan, Datuk Khadijah İbrahim, İndoneziya sənətçisi Marsel Siahan ilə yanaşı ilk dəfə olaraq, azərbaycanlı muğam ifaçısı Alim Qasımov da iştirak edəcək. Azərbaycanlı sənətçi festival çərçivəsində pakistanlı qaval ustaları Mehr Əli və Şer Əli ilə muğam və qaval sənətinin birgə improvizasiyasını təqdim edəcək.
“Star” qəzetinin internet səhifəsində dərc olunmuş məqalənin sonuna Alim və Fərqanə Qasımovların ifasında Bayatı Şiraz muğamının videoyazısı da əlavə olunub.
Bundan əlavə, “Pusaka” şirkətinin internet saytında (www.senipusaka.com) muğam ustası Alim Qasımov haqqında xüsusi məlumat yerləşdirilib.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala-Lumpur