“Qalatasaray” azarkeşlərinin yeni transfer xəbərləri gözlədiyi bir vaxtda klubda sürpriz ayrılıq iddiası gündəmə gəlib. İstanbul təmsilçisinin aparıcı yarımmüdafiəçisi Lukas Torreiranın komandadan və Türkiyədən ayrılmaq istədiyi bildirilib.
Metbuat.az xəbər verir ki, amerikalı jurnalist Sebas Jovamellinin məlumatına görə, uruqvaylı futbolçu bu qərarı son aylarda yaşadığı hadisədən sonra verməyi düşünür. Bildirilir ki, Torreira may ayında İstanbulda yerləşən ticarət mərkəzlərindən birində fiziki hücuma məruz qalıb.
Hadisə ilə bağlı saxlanılan şəxsin bu həftə azadlığa buraxılması futbolçunun narahatlığını daha da artırıb. Şəxsi təhlükəsizliyindən ehtiyat edən Torreira karyerasını Türkiyədən kənarda davam etdirmək variantını nəzərdən keçirməyə başlayıb.
2022-ci ilin yayında “Arsenal”dan 6 milyon avro qarşılığında “Qalatasaray”a transfer olunan Torreira İstanbul klubunun son illərdə qazandığı çempionluqlarda əsas oyunçulardan biri olub. Uruqvaylı yarımmüdafiəçinin “Qalatasaray”la müqaviləsi 2028-ci ilin iyun ayına qədər qüvvədədir.
Təcrübəli futbolçunun mümkün ayrılıq qərarının klub rəhbərliyi tərəfindən necə qarşılanacağı və vəziyyətin hansı istiqamətdə inkişaf edəcəyi maraqla gözlənilir.