İstanbulun “Fənərbağça” klubunda yeni mövsüm öncəsi ayrılıqlar davam edir. İstanbul təmsilçisi bir tərəfdən transfer hazırlıqlarını sürətləndirir, digər tərəfdən bəzi futbolçularla yollarını ayırır.
Metbuat.az xəbər verir ki, sarı-lacivərdlilərdə Fred və Sidiki Şerifdən sonra daha bir futbolçunun komandadan ayrılması gündəmə gəlib. Söhbət niderlandlı cinah oyunçusu Entoni Musabadan gedir.
Məlumata görə, “Norviç Siti” klubu Musabanın transferi ilə bağlı “Fenerbahçe” ilə razılığa gəlib. 24 yaşlı futbolçunun yeni komandasında icarə əsasında çıxış edəcəyi, müqavilədə satınalma şərtinin də yer alacağı bildirilir.
Musabanın İngiltərə futboluna qayıtması onun üçün də tanış mühitə dönüş olacaq. Niderlandlı oyunçu 2023-2025-ci illərdə “Şeffild Uensdey”nin formasını geyinib. “Norviç Siti”nin onunla maraqlanmasının səbəblərindən biri də məhz İngiltərə futbolunu tanımasıdır.
“Fənərbağça” Musabanı ötən mövsümün qış transfer pəncərəsində “Samsunspor”dan heyətinə qatmışdı. Niderlandlı futbolçu İstanbul klubunda 24 rəsmi oyuna çıxıb. Bu görüşlərdə 2 qol vuran Musaba 6 məhsuldar ötürmə ilə də yadda qalıb.