“Qalatasaray”ın son illərdə qazandığı uğurlarda və ardıcıl çempionluqlarında mühüm rol oynayan Lukas Torreiranın komandadan ayrılacağı ilə bağlı iddialar gündəmə gəlib. 30 yaşlı uruqvaylı yarımmüdafiəçinin yenidən İtaliya A Seriyasına qayıtmağa hazırlaşdığı bildirilir.

Metbuat.az xəbər verir ki, “TNT Sports” jurnalisti Enzo Oliveranın yaydığı məlumata görə, futbolçunun yaxın çevrəsi İtaliyaya qayıdış variantını ciddi şəkildə dəyərləndirir. Bu istiqamətdə artıq danışıqlara başlanıldığı qeyd olunur. İtaliya mətbuatında yayılan xəbərlərə əsasən, Torreiraya ən ciddi maraq göstərən klub “Fiorentina”dır. Transferin ilkin mərhələdə icarə əsasında həyata keçirilməsi istisna edilmir.

Torreiranın “Qalatasaray”la müqaviləsi 30 iyun 2028-ci ilə qədər qüvvədədir. Buna baxmayaraq, futbolçunun İstanbulda özünü rahat hiss etmədiyi və komandadan ayrılmaq variantını nəzərdən keçirdiyi iddia olunur.

Məlumata görə, onun bu qərara gəlməsinə təsir edən əsas səbəblərdən biri may ayında ticarət mərkəzlərindən birində fiziki hücuma məruz qalmasıdır. Hadisəni törədən şəxsin sərbəst buraxılması, daha sonra isə Torreiranın sürücüsünə qarşı yeni hədə-qorxu hallarının yaşanması futbolçunun narahatlığını artırıb.