Cinah hücumunu gücləndirmək istəyən İstanbulun “Beşiktaş” klubu transfer hazırlıqlarını davam etdirir. Türkiyə təmsilçisi “Yuventus”un argentinalı futbolçusu Niko Qonsales üçün İtaliya klubuna rəsmi təklif göndərib.

Metbuat.az xəbər verir ki, “qara-ağlar” 28 yaşlı futbolçunu satınalma şərti ilə icarəyə götürmək niyyətindədir.

Lakin Turin təmsilçisi bu təklifə müsbət yanaşmır. “Yuventus” rəhbərliyi Qonsalesi yenidən icarəyə verməkdənsə, onun transfer hüquqlarını birdəfəlik satmağa üstünlük verir.

Transferin baş tutması yalnız klublar arasındakı danışıqlardan deyil, futbolçunun qərarından da asılı olacaq. Niko Qonsalesin “Yuventus”dan ayrılmaqla bağlı rəhbərliyə müraciət etmədiyi və Turində özünü rahat hiss etdiyi bildirilir. Argentinalı hücumçu “Yuventus”un layihəsində mühüm rol oynamağa və karyerasını İtaliyada davam etdirməyə müsbət yanaşır.

“Beşiktaş” rəhbərliyinin “Yuventus”un mövqeyindən sonra təklifin şərtlərini dəyişib-dəyişməyəcəyi isə yaxın günlərdə bəlli olacaq.